Məhkəmə qərarları › İş №2(012)-4100/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4100/2021

26.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4100/2021 26.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 26 iyul 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladı 13.08.2019-cu il təvəllüdlü X1 üçün 08.10.2019-cu il tarixdən etibarən yetkinlik yaşına çatanadək 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 18.09.2018-ci il tarixdə ailə qurmuşlar. Birgə nikahdan 13.08.2019-cu il təvəllüdlü X3 övladları dünyaya gəlmişdir. Nikahları Abşeron rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Münasibətləri neçə müddətdir ki, pozulmuşdur. Birgə yaşamaları mümkün deyildir. 30.06.2019-cu il tarixdə cavabdeh tərəfindən iddiaçı evdən qovulmuş, qovulan zaman əşyaları cavabdehin mənzilində, qızıl-zinət əşyaları isə cavabdehin anasında qalmışdır. Artıq xeyli müddətdir ki, iddiaçı uşağa anası ilə atasının köməyi ilə baxır. İddiaçının maddi vəziyyəti hədsiz dərəcədə ağır olduğundan uşağının maddi və digər ehtiyaclarını ödəmək iqtidarında deyildir. Mövcud qanunvericiliyin və digər normativ hüquqi aktların müvafiq tələblərinə əsasən övladlarının yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə baxışı zamanı iddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, hər ay Cavabdeh övladı X1 üçün 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin, uşağın 3 yaşına çatana qədər ayda 100 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, o, Binəqədi rayonu Mühafizə İdarəsində işləyir. İddiaçı ilə birgə nikahlarından olan 13 avqust 2019-cu il təvəllüdlü X2 onun yanında qalmasını tələb edir. Belə ki, uşaq 2 ildir ki iddiaçının valideynlərinə məxsus evdə yaşayır. İddiaçının özü uşağı onlara məxsus evə gətirmir. Bütün bunlara baxmayaraq, aliment ödəmək istəyir. Lakin, iddiaçının iddia etdiyi şəkildə deyil, qanunvericiliyə uyğun şəkildə aliment ödənilməsinə etiraz etmir.Lakin onun maddi vəziyyəti imkan vermədiyindən iddiaçıya əlavə ödənişlər edə bilmir. Göstərilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 29 sentyabr 2018-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 277042 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X5 29 sentyabr 2018-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 29 sentyabr 2018-ci il tarixdə 164 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Sultanəliyev, arvada Sultanəliyeva soyadı verilmişdir. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 28 avqust 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 324275 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 13 avqust 2019-cu ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 28 avqust 2019-cu il tarixdə 5556 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsi Binəqədi Rayon Mühafizə İdarəsi tərəfindən verilmiş 26.07.2021-ci il tarixli 109 nömrəli arayışdan görünür ki, Cavabdeh 13.02.2021-ci il tarixdən Binəqədi Rayon Mühafizə İdarəsində polis nəfəri vəzifəsində işləyir və onun aylıq əmək haqqı 537 manatdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər 29 sentyabr 2018-ci il tarixdə nikaha daxil olmuşlar, onların birgə nikahlarından 13 avqust 2019-cu il təvəllüdlü X3 adlı övladı doğulmuşdur. Tərəflər birgə nikahda olsalar da, hazırda faktiki olaraq ayrı yaşayırlar və uşaq iddiaçının himayəsindədir. Cavabdeh Binəqədi Rayon Mühafizə İdarəsində polis nəfəri vəzifəsində çalışır. Məhkəmə qeyd edir ki, iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşağın maddi yardıma ehtiyacı olduğundan uşaq üçün alimentin tutulması zəruridir. Ona görə də, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək, habelə uşaq üçün alimentin tutulmasının zəruriliyini, eləcə də minimum yaşayış məbləğini, azyaşlı uşağın mənafeyini və cavabdehin razılığını nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə 13 avqust 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə iddia tələbinin “uşağın 3 yaşına çatana qədər ayda 100 manat alimentin tutularaq ona ödənilməsi barədə” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmənin təklif etməsinə və cavabdeh tərəfin mübahisələndirməsinə baxmayaraq, iddiaçı cavabdehin uşağın 3 yaşına çatana qədər saxlanılması üçün ona aliment ödəmək üçün zəruri vəsaitə malik olması və cavabdehin buna maddi imkanının olması barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilmədi. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırki iddia tələbi bağlı iddia ərizəsini məhkəməyə 17.06.2021-ci il tarixdə təqdim etmişdir. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulması 17.06.2021-ci il tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə də, qeyd edilənlərə əsasən Cavabdeh dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumuna görə pul tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 13 avqust 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulsun. Aliment tutulmasının əvvəli 17.06.2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. İddia digər hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumuna görə dövlət nəfinə pul tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar