Məhkəmə qərarları › İş №2(012)-4118/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4118/2024

15.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4118/2024 15.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mirhəsənli Mirnəsir Mirfazil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2018-ci ilin sentyabr ayından 31 may 2024-cü il tarixədək ona hesablanmış 18304 (on səkkiz min üç yüz dörd) manat aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X17 və xx.xx.2010-cu il təvəllüdlü X9 dünyaya gəlmişdir. Bir müddət mehriban yaşasalar da, sonradan aralarında yaranmış mübahisələr səbəbi ilə Abşeron Rayon Məhkəməsinin 03 noyabr 2014-cü il tarixli, 2(012)-4202/2014 saylı qətnaməsi ilə nikah pozulmuş, birgə nikahdan dünyaya gəlmiş övladları cavabdehin himayəsinə verilmiş və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmalarına görə hər ay hər uşaq üçün 136.60 (yüz otuz altı manat, iyrimi qəpik) olmaqla, ümumilikdə 273.20 (iki yüz yetmiş üç manat, iyrimi qəpik) məbləğində alimentin cavabdehə ödənilməsi qət edilmişdir. Birgə nikahdan dünyaya gəlmiş övladları cavabdehin himayəsinə verilən andan etibarən alimenti vaxtıvaxtında ödəmişdir. Lakin, 2018-ci ildə cavabdehlə aralarında uşaqların istəyini nəzərə alaraq onların kimin yanında qalmasına dair şifahi razılıq əldə olunmuş və həmin razılığa əsasən xx.xx.2008-ci il təvəllüdlü X10 onun yanında qalmasına və onun bütün maddi ehtiyaclarının onun tərəfindən ödənilməsinə, digər övladı xx.xx.2010-cu il təvəllüdlü X4 isə cavabdehin yanında qalmasına və onun da bütün ehtiyaclarının cavabdeh tərəfindən ödənilməsinə dair razılığa gəlmişdir. Həmin şifahi razılıq əsasında uşağın birinə o, digərinə isə cavabdeh baxdığı üçün artıq ondan alimentin tələb olunmayacağına dair cavabdeh şifahi şəkildə öhdəlik götürmüşdür. Məhz buna görə də, cavabdeh uzun illər ərzində, yəni 2018-ci ilin sentyabr ayından 2024-cü ilin iyun ayınadək aliment tələb etməmişdir. Birgə nikahdan dünyaya gəlmiş xx.xx.2008-ci il təvəllüdlü X10 onun himayəsində qalması və onun bütün maddi ehtiyaclarının onun tərəfindən ödənilməsinə bütün qohum və qonşular da şahiddirlər. Övladı xx.xx.2008-ci il təvəllüdlü X17 onun yanında qaldığı üçün onu yaşadığı rayonun, yəni Suraxanı rayonunun hərbi komissarlığına qeydiyyata salmışdır. Həmçinin övladı onun yaşadığı evə yaxın ərazidə orta məktəbdə təhsilini davam etdirmişdir. Övladı xx.xx.2008-ci il təvəllüdlü X17 rəsmi şəkildə cavabdehin himayəsinə verilsə də, 2018-ci ilin sentyabr ayından 2024-cü ilin iyun ayınadək faktiki olaraq onun himayəsində olmuş və bütün maddi ehtiyacları da onun tərəfindən qarşılanmışdır. Suraxanı Rayonu İcra şöbəsinin xx.xx.2024-cü il tarixli arayışında 2018-ci iln sentyabr ayından 2024-cü ilin iyun ayınadək aliment borcu 18304 (on səkkiz min üç yüz dörd) manat təşkil etmişdir. Lakin, cavabdehlə aralarında 2018-ci ildə bağlanmış şifahi razılığa əsasən, həmin illərin alimenti ondan istənilməməlidir. Belə ki, xx.xx.2008-ci il təvəllüdlü X17 onun himayəsində, xx.xx.2010-cu il təvəllüdlü X9 isə cavabdehin himayəsində olmuşdur və ayrı-ayrılıqda övladlarının maddi ehtiyacları qarşılanmışdır. Odur ki, hazırda 2018-ci ilin sentyabr ayından 31 may 2024-cü il tarixədək ona hesablanmış 18304 (on səkkiz min üç yüz dörd) manat aliment borcunun silinməsinə zərurət vardır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.2008-ci il təvəllüdlü X17 hal-hazırda onu yanındadır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İştitrak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edəərk bildirdi ki, 2018-ci ilin sentyabr ayından başqa ailə həyatı qurmuş, bundan sonra uşaqlar onun valideynlərinin yanında qalmışdır. Həmin vaxt, yəni 2018-ci ilin sentyabr ayında iddiaçının atası onun atası ilə danışıb, xx.xx.2008-ci il təvəllüdlü X10 iddiaçının yanında qalması barədə razılaşmışlar. Lakin aliment barədə heç bir razılıq olmamışdır. İddiaçıya aliment ödəməməsi barədə heç nə deyilməyib. Oğlu, xx.xx.2008-ci il təvəllüdlü X17 2024-cü ilin aprel ayının sonunda onun yanına qayıtmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahid ifadələrini, yetkinlik yaşına çatmayan şəxsi dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirdi ki, iddiaçının yaxın dostudur. Ona iddiaçı ilə bir yerdə olduğu vaxt yolda gedərkən zəng gəldi. Zəng edən Elmarın qaynı idi. Qaynı Elmara dedi ki, cavabdeh ikinci dəfə ailə həyatı qurur. Ona görə də uşağın Elmarın yanında qalmasını, alimentin də lazım olmadığını bildirdi. O, alimentlə bağlı razılığa gəldikləri ilə bağlı məsələni eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, o, iddiaçının anasıdır. Uşağa neçə illərdir o baxmışdır. Cavabdeh uşaqlara baxmayıb. Cavabdehin qardaşı ilə atası Elmara zəng elədi ki, “Arzu ikinci dəfə ailə həyatı qurduğu üçün oğlanı siz saxlayın qızı da biz saxlayacayıq.” İsa dəfələrlə gedib cavabdehin valideynlərigildə qonaq kimi qısamüddətlik qalıb gəlib. Ən çox qaldığı 10 gün olub. Anası isə uşağa baxmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, o iddiaçının böyük qardaşıdır. Cavabdehin qardaşı ilə atası Elmara zəng elədi ki, “Arzu ikinci dəfə ailə həyatı qurduğu üçün oğlanı siz saxlayın qızı da biz saxlayacayıq.” Uşağı o, öz yoldaşı ilə gedib gətirmişdir. Gələndən sonra uşağa nənəsi(iddiaçının anası) baxıb. Qardaşı da maddi baxımdan təmin edib. Məhkəmə iclasında Xətai rayon General M.Əsədov adına 29 nömrəli şəhər tam orta məktəbin nümayəndəsi X7 iştirakı ilə dindirilən yetkinlik yaşına çatmayan - xx.xx.2008-ci il təvəllüdlü X17 bildirdi ki, 16 yaşı var və atası, nənəsi ilə birlikdə yaşayır. 5-ci sinifdən Xətai rayon General M.Əsədov adına 29 nömrəli şəhər tam orta məktəbində oxuyur. 2018-ci ilin sentyabr ayından 2024-cü ilin aprel ayının sonuna qədər atasının yanında qalmışdır. Arada Babasıgilə gedib qalırdı. Anası ilə orada görüşürdü. Anasının öz evinə arada bir gedirdi. Bütün xərclərini atası ödəyib. Atasının yanında qalmağı özü istəmişdir. Anası isə buna etiraz etməmişdir. Hazırda atasının yanında Balaxanıda qalır. Məhkəmə iclasında Xətai rayon General M.Əsədov adına 29 nömrəli şəhər tam orta məktəbin nümayəndəsi X13 bildirdi ki, İsa Zamanlı tərbiyəli və intizamlı uşaqdır. Dərs bilikləri qənaətbəxşdir. 5-ci sinifdən onun sinfində təhsil alır və bu günə qədər onun dərsləri ilə yalnız atası maraqlanmış, dərsə atası ilə gəlib-getmişdir. İş materiallarında olan AZ-T 125813 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X17 xx.xx.2008-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 3157 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası İddiaçı, anası X12r. İş materiallarında olan AZ-İ 343121 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X16 arasında olan nikah Abşeron rayon qeydiyyat şöbəsində ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə, 14 nömrə ilə qeyd aparılmışdır. İş materialalrında olan Abşeron Rayon Məhkəməsinin 15 mart 2017-ci il tarixli, 2(012)-856/2017 saylı icra vərəqəsindən görünür ki, iddia təmin edilmiş Abşeron Rayon Məhkəməsinin 03 noyabr 2014-cü il tarixli, 2(012)-4202/2014 saylı qətnaməsi ilə tutulması qət edilmiş hər ay hər uşaq üçün 103 manat, cəmi 206 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməsi və cavabdeh İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 136,60 manat olmaqla, cəmi 273,2 manat sabit pul məbləğində aliment tutularaq iddiaşı Cavabdeh ödənilməsi, alimentin bu miqdarda tutulmasının əvvəli 11 yanvar 2017-ci il tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi General M.Əsədov adına 29 nömrəli şəhər tam orta məktəb tərəfindən verilmiş xx.xx.2024-cü il 84 saylı arayışdan görünür ki, X17 xx.xx.2018-ci ildə Bakı şəhəri General M.Əsədov adına 29 № li tam orta məktəbin 5-ci sinfinə qəbul olunub və halhazırda 10-cu sinifdə təhsil alır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli, 106566/2017-18-19 saylı arayışından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-856/2017 saylı, xx.xx.2017ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 136,60 manat olmaqla, cəmi 273.2 manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə verilməlidir. Borclu İddiaçı 2018-ci ilin sentyabr ayından bu günə qədər aliment ödəməmişdir. Hazırda 18304 manat aliment borcu vardır. İş materiallarında olan müxtəlif tarixli qəbzlərdən görünür ki, xx.xx.2015-ci il tarixdən – xx.xx.2018-ci il tarixədək Zamanov X2 Arzu Araz qızının hesabına aliment ödənişləri etmişdir. İş materiallarında olan İQ 552948 saylı ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surətindən görünür ki, X17 AR SHXÇDX-nin Suraxanı rayon idarəsi tərəfindən ilkin hərbi qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə tibbi komissiyanı keçmiş və Hərbi Xidmətə yararlı sayılmışdır. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, tərəflər arasında olan nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2008-ci il təvəllüdlü X17 və xx.xx.2010-cu il təvəllüdlü X9 anaları, yəni Cavabdeh ilə qalmış və uşağın saxlanması üçün İddiaçı hər ay hər uşaq üçün 103 manat, cəmi 206 manat sabit pul məbləğində aliment tutulmuşdur. Daha sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı dəyişdirilmiş və İddiaçı hər ay hər uşaq üçün 136,60 manat, cəmi 273,20 manat sabit pul miqdarında aliment tutulmuşdur. Cavabdeh ikinci dəfə ailə həyatı qurduğu üçün aralarında olan razılaşmaya əsasən xx.xx.2008-ci il təvəllüdlü X17 2018-ci ilin sentyabr ayından atası İddiaçı yanında qalmışdır. 2024-cü ilin aprel ayından İsa Zamanlı anasının yanına getmişdir. Hal-hazırda isə atasının yanındadır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, 2018-ci ilin sentyabr ayından 31 may 2024-cü il tarixədək ona hesablanmış 18304 (on səkkiz min üç yüz dörd) manat aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh uşağın atasının yanında qalmasını, lakin aralarında alimentlə bağlı razılığın olmadığını əsas gətirərək iddianın rədd edilməsini xahiş etmişdir. Bundan başqa, məhkəmə iclasında dindirilən xx.xx.2008-ci il təvəllüdlü X17 2018-ci ilin sentyabr ayından 2024-cü ilin aprel ayının sonuna kimi atası ilə qaldığını, aprel ayının sonundan son günərədək anasının yanına getdiyini bildirdi. O, bildirdi ki, hazırda yenə atası ilə qalır. Ailə Məcəlləsinin 107.2-ci maddəsinə görə məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Nikahın pozulması, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda da qeyd edildiyi kimi, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2008-ci il təvəllüdlü X17 2018-ci ilin sentyabr ayından 2024-cü ilin aprel ayına kimi atasının himayəsində olmuşdur. Halbuki Abşeron Rayon Məhkəməsinin 15 mart 2017-ci il tarixli, 2(012)-856/2017 saylı qətnaməsi ilə İsanın yetkinlik yaşına çatanadək saxlanılması üçün 136,60 manat məbləğində ailmentin İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 15 mart 2017-ci il tarixli, 2(012)-856/2017 saylı qətnaməsinə əsasən 2018-ci ilin sentyabr ayından 2024-cü ilin aprel ayının sona kimi hesablanmış aliment borcu (X14 münasibətdə) silinməlidir. Bundan başqa bu müddət ərzində xx.xx.2010-cu il təvəllüdlü X1 Arzu Araz qızının faktiki himayəsində olduğundan və iddiaçının yanında olmadığından həmin uşağa görə təyin edilmiş aliment məbləğinin silinməsi qanunla nəzərdə tutulmamışdır və iddia tələbi bu hissədə təmin edilə bilməz. Bu həmçinin ondan irəli gəlir ki, tərəflər arasında hər hansı yazılı saziş ( bir birindən aliment tələb edilməməsi barədə) olmamışdır. Beləliklə, məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Abşeron Rayon Məhkəməsinin 15 mart 2017-ci il tarixli, 2(012)-856/2017 saylı qətnaməsinə əsasən 2018-ci ilin sentyabr ayından 2024-cü ilin aprel ayına kimi hesablanmış 9015,40 manat məbləğində aliment borcu (X14 münasibətdə) silinməli, iddia qalan hissədə təmin edilməməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Abşeron Rayon Məhkəməsinin 15 mart 2017-ci il tarixli, 2(012)-856/2017 saylı qətnaməsi ilə 2018-ci ilin sentyabr ayından 2024-cü ilin aprel ayına kimi (aprel ayı da daxil olmaqla) hesablanmış 9015,40 manat məbləğində aliment borcu silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar