Məhkəmə qərarları › İş №2(012)-4122/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4122/2024

10.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4122/2024 10.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi ilə, Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin və ilkin mediasiya xərci üçün ödədiyi 50 manat pulun, xx.xx.2023-cü il təvəllüdlü X2 3 (üç) yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi, alimentin tutulmasının ərizənin məhkəməyə daxil olduğunu gündən hesablanması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə 2022-ci ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə faktiki nikahlarından bir övladları 01 aprel 2023-cü il təvəllüdlü X3 dünyaya gəlmişdir. 2023-cü ilin təxminən avqust ayından cavabdehlə münasibətləri pozulduğu üçün ayrılmaq qərarına gəlmişlər. Hal-hazırda o, azyaşlı övladı ilə birlikdə atasına məxsus evdə yaşayır. Cavabdeh azyaşlı övladı ilə maraqlanmır və uşağın yanına az gedib-gəlir. Həmçinin cavabdehin maddi imkanı yetərincə olsa da, uşağa maddi cəhətdən baxmır və tam təmin etmir, bununla da uşağın maddi ehtiyaclarını ödəməkdə ona köməklik göstərmir. Uşağın maddi tələbatları artdığı üçün onu saxlamaqda çətinlik çəkir. Bu səbəbdən də, cavabdehdən aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Verilmiş suallara cavabında qeyd edir ki, cavabdehlə qohumdurlar və aralarında faktiki nikah münasibətləri olmuşdur. Hal-hazırda cavabdehlə ayrı-ayrı ünvanlarda yaşayırlar. Hər ikisi Abşeron rayonu ərazisində yaşayır. O, özü hazırda işləmir və uşağa baxmaqla məşğuldur. Cavabdeh arada onların yanına gəlir. Uşağa lazımi diqqət, qayğı göstərmədiyindən və tələbatını kifayət qədər ödəmədiyindən məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin rəsmi iş yerini olduğunu dəqiq deyə bilməz. Ola bilər ki, cavabdehin rəsmi iş yeri olmasın. Arada cavabdehin qazancının zəif olması halını da qəbul edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, onun rəsmi iş yeri mövcud deyildir, qeyri-rəsmi işləyir. İmkanı çatdıqca övladı 01 aprel 2023-cü il təvəllüdlü X2 yeməyini və paltarını alır. Onda pul olanda uşağı aparıb onun ehtiyaclarını alır, pul olmayanda isə bunu edə bilmir. Hansı məbləğə imkanı çatırsa onu övladına xərcləyir. Hazırda isə barmağını kəsdiyinə və kəsilmiş yerə tikiş atıldığına görə 1 ay olar ki, işləmir. İddiaçı uşağın saxlanılması görə cəmi 100 manat məbləğində aliment verə bilər. Tələb edilən aliment məbləğini ödəməyə maddi imkanı çatmayacaqdır. Aliment məbləği tutularkən maddi imkanının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 10 iyul 2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, 01 aprel 2023-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində İddiaçı doğulmuş X1 atası Cavabdeh hesab edilmişdir. Bu barədə 18 aprel 2023-cü il tarixdə 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 54 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib edilmişdir. Mülki işin materiallarında olan 2 saylı Sumqayıt “ASAN xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən 04 iyul 2024-cü il tarixdə verilmiş AZ-T seriyalı 270784 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 01 aprel 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 18 aprel 2023-cü il tarixdə 800 nömrə ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı DOST Mərkəzi tərəfindən verilmiş 06 sentyabr 2024-cü il tarixli arayışlardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Əmək və məşğulluq» altsisteminə əsasən işsiz kimi qeydiyyatdadır və «Əmək və məşğulluq» altsisteminə əsasən xx.xx.2024-cü il tarixinə qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvadın keçmiş ərindən aliment almaq hüququ vardır. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər faktiki nikah münasibətlərində olmuşlar, onların birgə nikahlarından 01 aprel 2023-cü il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Tərəflər hazırda faktiki olaraq ayrı yaşayırlar və uşaq iddiaçının himayəsindədir. Məhkəmə qeyd edir ki, iddiaçının və onun himayəsində olan yetkinlik yaşına çatmayan uşağın maddi yardıma ehtiyacı olduğundan, habelə cavabdehin maddi vəziyyəti nəzərə alınaraq həm uşaq, həm də ana üçün alimentin tutulması zəruridir. Ona görə də, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək, habelə həm uşaq üçün, həm də ana üçün alimentin tutulmasının zəruriliyini, eləcə də minimum yaşayış məbləğini, azyaşlı uşağın mənafeyini və cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 01 aprel 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment, habelə 01 aprel 2023-cü il təvəllüdlü X2 3 (üç) yaşına çatanadək saxlanması üçün hər ay 25 manat məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırki iddia tələbi bağlı iddia ərizəsini məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim etmişdir. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə də, qeyd edilənlərə əsasən mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin əvəzi Cavabdeh tutularaq İddiaçı verilməli, Cavabdeh 30 (otuz) manat dövlət rüsumuna görə dövlət nəfinə pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Buna görə də iddia tələbi dərhal icraya yönəldilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 01 aprel 2023-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilsin. Cavabdeh 01 aprel 2023-cü il tarixdə anadan olmuş X2 3 (üç) yaşına çatanadək saxlanması üçün hər ay 25 (iyirmi beş) manat məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilsin. Alimentin tutulma müddəti 11 iyul 2024-cü il tarixdən X3 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. Qətnamə dərhal icra edilsin. İddia digər hissədə təmin edilməsin. Mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin əvəzi Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumuna görə dövlət nəfinə pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar