Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4161/2024 22.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)- 8136/2017 saylı qətnaməsi ilə təyin olunmuş 136,60 (yüz otuz altı manat 60 qəpik) manat sabit aliment məbləğinin dəyişdirilərək, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün cavabdehin aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsində alimentin tutularaq onun xeyirinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə Bakı Nikah evində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan bir övladları xx.xx.2015-ci il təvəllüdlü X5 anadan olmuşdur. Nikah Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(012)-8136/2017 saylı qətnaməsilə pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X3 onun yanında qalması müəyyən edilmiş və hər ay 136,60 (yüz otuz altı manat 60 qəpik) manat alimentin cavabdehdən tutulması barədə qətnamə çıxarılmışdır. Hazırki dövrə münasibətdə həmin məbləğ uşağın saxlanılması üçün yetərli deyil. Alimentin həmin məbləğdə müəyyən edilməsindən 6 ildən yuxarı müddət keçmişdir və bu müddət ərzində uşağın saxlanılması üçün tələb olunan minimum xərclər kifayət qədər artmışdır. Hal-hazırda uşağın böyüməsi eləcədə digər zəruri tələbatlarının artması ilə bağlı problemlər çoxalmış və həmin pulla uşağın saxlanılması çətinləşmişdir. Hazırda sözügedən qətnamə ilə qət edilmiş alimentin miqdarı uşağın saxlanılması üçün yetərli deyildir. Cavabdeh özəl klinikalardan biri olan Mediland Hospitalda kök hüceyrə həkimi vəzifəsində çalışır maddi vəziyyəti və qazancı yetərincədir. Bu səbəbdən də, mövcud bu tələblərlə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Mülki işin materiallarından olan AZ-T 080662 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X5 adlı uşaq doğulmuşdur. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-8136/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 22 noyabr 2011-ci il tarixdə Səadət Sarayında -(Bakı,nikah evi) qeydə alınmış 2759 saylı nikah qeydi ləğv edilməsi, 01 fevral 2015-ci il tarixdə anadan olmuş X3 anası İddiaçı yanında qalması, ilk iddia üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməsi, İddiaçı qarşılıqlı iddiası qismən təmin edilmiş, Cavabdeh 01 fevral 2015-ci;il tarixdə anadan olmuş X1 üçün İddiaçı xeyrinə hər ay 136,60 (yüz otuz altı manat, altmış qəpik) manat məbləğində aliment tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması, alimentin tutulma müddəti 24 oktyabr 2017-ci il tarixdən X5 yetkinlik yaşına çatana qədər müəyyən edilməsi, qətnamə aliment hissəsində dərhal icra edilməsi qət edilmişdir. "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində və "V.Y. Axundov Adına X2 İnstitutu" X6 həkim vəzifəsində işləyir və müvafiq olaraq onun aylıq əmək haqqı 177.77 manat və 695.7 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı əvvəlki qətnamə ilə təyin edilmiş 136,60 manat sabit aliment məbləğinin hazırda azyaşlının saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaq iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. İddiaçı alimentin miqdarının sabit məbləğdə deyil, cavabdehin aylıq gəlir və qazancının ¼ hissəsi miqdarında artırılmasını tələb edir. Cavabdehin aylıq qazancı müntəzəmdir və hazırda ümumilkidə 873,47 manat təşkil edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə birgə nikahdan doğulmuş Zümra adlı azyaşlı uşağın mənafeyini, normal inkişaf etməsini, əvvəlki təminat səviyyəsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-8136/2017 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş 136,60 manat sabit pul məbləğində aliment artırılaraq hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında müəyyən edilməli, alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. MPM-nin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-8136/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-4161/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4161/2024
22.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver