Məhkəmə qərarları › İş №2(012)-4307/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4307/2021

27.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4307/2021 27.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil2 və cavabdehin vəkili-nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Alməmmədova (Əliyeva) Cəlalə Cəlal qızına qarşı alimentin bank hesabına köçürülməsi tələbinə dair mülki işə 27 avqust 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Alməmmədova (Əliyeva) Cəlalə Cəlal qızına qarşı alimentin bank hesabına köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2146/2020 saylı 03.09.2020-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilərək, 28 dekabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun hər ay qazancının ¼ hissəsi miqdarında, yəni 784,5 avro məbləğində tutulan alimentin 50 faizinin X4 adına açılacaq bank hesabına köçürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil2 məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” ilə bağlı ərizə təqdim edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2146/2020 saylı 03.09.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 28 dekabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun hər ay qazancının ¼ hissəsi miqdarında tutulacaq alimentin 50 faizinin hazırki iş üzrə iddianın məhkəmənin icraatına daxil olduğu tarixdən başlayaraq X4 adına açılan bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2146/2020 saylı 03.09.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə X3 arasında 04 mart 2017ci il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 493 saylı akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş 28 dekabr 2017-ci il təvəllüdlü X4 anası X2 himayəsində qalması, 28 dekabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 28 aprel 2020-ci il tarixdən başlayaraq X2 xeyrinə İddiaçı hər ay qazancının ¼ hissəsi miqdarında aliment tutulması qət edilmişdir. X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay iddiaçının əmək haqqından 784,5 AVRO aliment tutulur. Alimentin 50 faizi olan 784,5 manat yaşayış minimumunun 5 misli miqdarını təşkil edir və uşağın saxlanması, tərbiyəsi və təhsilinə kifayət edir. Digər 50 faizin X4 adına açılacaq bank hesabına köçürülməsi ilə bu məbləğ onun yetkinlik yaşına çatdıqda bank hesabında yığılacaq və həmin pul vəsaitinə sərəncam vermək hüququ əldə edərək həmin vəsait hesabına özünə daha yaxşı həyat şəraiti yaradacaqdır. Bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi Vəkil1 iddia tələbini qəbul etmədiyini qeyd edərək bildirdi ki, 28 dekabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin qazancının ¼ hissəsi miqdarında, yəni 784,5 avro məbləğində tutulan alimentin 50 faizinin uşağın adına açılacaq bank hesabına köçürülməsi gələcəkdə uşağın anasına bürokratik əngəllər yaratmaqla, uşağın maddi maraqları naminə aliment vəsaitinin yetkinlik yaşma çatana qədər onun təhsili, sair xərclərin ödənilməsində çətinliklər yaradacaqdır. Bundan başqa, iddiaçı iddia ərizəsində və iddia ərizəsinin dəyişdirilməsi barədə ərizəsində hansı səbəbə görə uşağın adına bank hesabının açılmasını və aliment məbləğinin həmin hesaba köçürülməsinin təmin edilməsinə zəruriyyət olduğuna dair heç bir əsas gətirməmişdir. Belə olan halda, iddiaçının ödənilən aliment məbləğinin cavabdeh tərəfindən uşağın mənafeyi naminə xərclənmədiyini və buna görə də onun adına bank hesabının açılmasına ehtiyac olduğunu göstərməli idi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarından olan Abşeron Rayon Məhkəməsinin 2(012)- 2146/2020 saylı 03.09.2020-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, iddia təmin edilmiş, İddiaçı ilə X3 arasında 04 mart 2017-ci il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 493 saylı akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş 28 dekabr 2017-ci il təvəllüdlü X4 anası X2 himayəsində qalması, 28 dekabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 28 aprel 2020-ci il tarixdən başlayaraq X2 xeyrinə İddiaçı hər ay qazancının ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı əvvəlki məhkəmə qətnaməsi ilə ondan tutulacaq aliment məbləğinin 50 faizinin azyaşlı övladının adına açılacaq bank hesabına köçürülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. O, ondan tutulan aliment məbləğinin yaşayış minimumundan dəfələrlə çox olduğunu, yarısının belə azyaşlının ehtiyaclarını ödəyəcəyini iddia edir. Qalan 50 %-lik məbləğin isə azyaşlının adına açılacaq bank hesabına yüklənərək gələcəkdə övladının rifahının təmin edilməsi məqsədi ilə istifadə edilməsi və onun daha yaxşı təhsil alması, təlim-tərbiyəsi üçün bu tələbin təmin olunmasını məqsədəmüvafiq hesab edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, qanunvericiliyin normasından göründüyü kimi, qanun norması alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək hüququnu valideynə verir. Məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilən aliment miqdarı kifayət qədər çoxdur. Habelə həmin miqdarın yarısı belə azyaşlı uşağın saxlanılması üçün kifayət qədər yetərlidir. Təyin edilən aliment miqdarının 50 faizlik hissəsinin azyaşlının gələcək perspektivləri üçün adına açılacaq bank hesabına köçürülməsi addımı uşağın mənafeyi baxımından diqqətəlayiqdir. Uşaq yetkinlik yaşına çatdıqdan sonra onun təhsili, həyat şəraitinin qurulması, cəmiyyətdə layiqli yer tutması üçün maliyyə vəsaiti ona kömək edilməsi üçün vasitədir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 28 dekabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı Abşeron Rayon Məhkəməsinin 2(012)-2146/2020 saylı 03.09.2020-ci il tarixli qətnaməsi ilə tutulan aliment məbləğinin 50 faizi Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə X4 adına açılmış bank hesabına bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan köçürülməlidir. İddia tələbi aliment məbləğinin 50 faizinin azyaşlının adına açılacaq bank hesabına köçürülməsinin iddia ərizəsinin məhkəməyə daxil olduğu gündən hesablanması hissəsində təmin edilməməlidir. Belə ki, aliment məbləğinin 50 faizinin azyaşlının adına açılacaq bank hesabına köçürülməsi iddia ərizəsinin məhkəməyə daxil olduğu gündən deyil, hazırki iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Çünki 28 dekabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı qazancının ¼ hissəsi miqdarında aliment tutulması barədə Abşeron Rayon Məhkəməsinin 2(012)-2146/2020 saylı 03.09.2020-ci il tarixli qətnaməsi hazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşağın saxlanması üçün qeyd olunan məbləğdə aliment tutulur. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 28 dekabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı Abşeron Rayon Məhkəməsinin 2(012)-2146/2020 saylı 03.09.2020-ci il tarixli qətnaməsi ilə tutulan aliment məbləğinin 50 faizi Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manat məzənnəsi ilə X4 adına açılmış bank hesabına bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar