Məhkəmə qərarları › İş №2(012)-434/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-434/2023

16.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-434/2023 16.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu, Xırdalan şəhəri, MD-23, Q.Nəbi küçəsində yerləşən 6 saylı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 523/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, onunla Cavabdeh arasında Abşeron rayon Qeydiyyat Şöbəsində bağlanmış 26 yanvar 2017-ci il tarixli, 22 saylı nikahın pozulması, xx.xx.2017-ci il təvəllüdlü X3 onun yanında qalması qət edilmişdir. O və Cavabdeh Füzuli rayonundan məcburi köçkün kimi Abşeron rayonu, Xırdalan şəhəri, Mexkalon 23, Beton zavodunun inzibati binasında məskunlaşmışlar. Lakin cavabdehlə nikaha daxil olduqdan sonra evə artırılmalar edərək, yaşamağa başlamışlar. Onlar həmin evə yerləşən zaman evin mətbəxi yox idi. O, ailəli olduğu müddətdə mətbəx tikmiş və evə otaqlar əlavə etmişlər. Onun həmin sənədsiz evdə böyük zəhməti vardır. Həmin evin ünvanı Xırdalan şəhəri, MD-23, Q.Nəbi küçəsi, ev 6-dır. Qeyd edilən sənədsiz evə gəlin köçərkən onun üçün alınmış bütün cehiz əmlaklar burada yerləşdirilmişdir. O, hazırda həmin evdə yaşaya bilmir, çünki buna cavabdeh və onun ailəsi mane olur. Cavabdehin təqsiri səbəbindən öz əmlaklarından istifadə edə bilmir, halbuki bu evdə yaşamağa onun da haqqı vardır. Bu səbəbdən hazırki tələblə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və bildirdi ki, mübahisəli evin sənədi yoxdur. İddiaçı həmin evə gəlin köçmüş və orada onlarla birgə yaşamışdır. Həmin ev babasının köməkliyi ilə hələ onlar nikaha girməmişdən öncə inşa olunmuşdur. Evə dair kommunal ödənişlər anasının adınadır. Sonda o, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X4 Üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Komitədə olan məlumata əsasən İddiaçı və Füzuli rayonundan məcburi köçkün Həşimov X5 rayonu, Xırdalan şəhəri, Mexkalon 23, Beton zavodunun inzibati binasında faktiki olaraq məskunlaşmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, 1553 saylı arayışdan görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, MD-23, Q.Nəbi küçəsindəki fərdi yaşayış evində 2015-2021-ci illər ərzində qeydiyyatsız yaşamışdır. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli, 5014 saylı arayışdan görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, MD-23, Q.Nəbi küçəsindəki 6 saylı fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(012)-523/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Abşeron rayon Qeydiyyat Şöbəsində bağlanmış 26 yanvar 2017-ci il tarixli, 22 saylı nikah pozulmuş, 03 fevral 2017-ci il təvəllüdlü X6 anası İddiaçı yanında saxlanılmış, iddia tələbi nikah pozulduqdan sonra 03 fevral 2017-ci il təvəllüdlü X3 iddiaçı Cavabdeh himayəsinə verilməsi hissəsində rədd edilmişdir. İşdə olan Abşeron RİH MKTİİTB-nin 5 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin 154 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, MD-23, Q.Nəbi küçəsindəki 6 saylı fərdi yaşayış evində Füzuli rayonundan məcburi köçkün Cavabdeh məskunlaşmışdır. Bu əmlakın kommunal ödənişlərinin kim tərəfindən ödənilməsi barədə məlumat yoxdur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdeh rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və birgə nikahlarından 1 övladları anadan olmuşdur. Tərəflər arasında münasibətlərin kəskinləşməsi ailənin faktiki olaraq dağılması ilə nəticələnmişdir. İddiaçı başqa ünvanda qeydiyyatda olsa da, keçmiş ailə üzvləri ilə birgə mübahisəli qanunsuz tikilidə yaşamışdır. Hazırda iddiaçıya məxsus cehiz əmlaklar da həmin evdədir. İddiaçı və cavabdehin nikahı məhkəmə qaydasında pozulmuşdur. İddiaçının hazırda başqa yaşayış yeri yoxdur və bu səbəbdən sözügedən qanunsuz tikiliyə köçürülməsi zərurəti yaranmışdır. Mülki Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş əri (ərinin ailə üzvləri) güc tətbiq etməklə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olubolmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (güc tətbiq etməklə evdən çıxarma) qanunsuzdur. Beləliklə, iddia üzrə cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin özbaşına tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmasa da, MM-nin 180.2 və 180.4-cü maddələrinin məzmununa əsasən həmin özbaşına tikilinin mövcud olduğu müddətdə orada əvvəllər məskunlaşmış şəxslərin oradan istifadə hüququ müəyyən oluna bilməz, lakin həmin vətəndaşların oraya köçürülməsinə də qadağalar qoyula bilməz. Məhkəmə qeyd etməyi zəruri bilir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. O, mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, MD-23, Q.Nəbi küçəsində yerləşən 6 saylı fərdi yaşayış evinə köçürülməli, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Həşimova (Abdullayeva) X2 Natiq Namiq oğlunun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, MD-23, Q.Nəbi küçəsində yerləşən 6 saylı fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar