Məhkəmə qərarları › İş №2(012)-4366/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4366/2022

29.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4366/2022 29.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması barədə iddia tələbi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında 29 noyabr 2018-ci il tarixdə Sumqayıt Asan Xidmət X2 3306 saylı nikah qeydə alınmışdır. Həmin tarixdən bu günə kimi bir yerdə yaşamaqla birgə təsərrüfat aparmışlar. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X5 adlı uşaqlar anadan olmuşdur. Cavabdeh faktiki olaraq onlarla birlikdə yaşamır, 2 aydan çoxdur ki, uşaqlarla maraqlanmır və onların maddi ehtiyaclarının ödənilməsi üçün heç bir köməklik göstərmir. Uşaqların saxlanılması və təlim-tərbiyəsi ilə təkbaşına özü məşğul olur. Cavabdeh öz övladlarının böyüdülməsinə, onların tərbiyə edilməsinə, layiqli həyat tərzi ilə təmin olunmasına etinasızlıqla yanaşır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Sonradan iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbində göstərilənlərdən əlavə, cavabdehdən birgə nikahdan doğulmuş Mələyin 3 yaşına çatanadək saxlanması üçün hər ay 100 manat məbləğində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan AZ-İİ 308476 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 xx.xx.2018-ci il tarixdə nikaha girmişlər. Nikaha daxil olduqdan sonra qadına Əliyeva soyadı verilmişdir. Mülki işin materiallarında olan AZ-İV 337512 və AZ-İV 520504 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, tərəflərin birgə nikahından xx.xx.2019cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X5 doğulmuşlar. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İş materiallarından görünür ki, tərəflərin birgə nikahından iki uşaqları olmuşdur və onlar hazırda iddiaçının himayəsindədirlər. Məhkəmə hesab edir ki, birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 386 manat sabit məbləğdə aliment tutulmalıdır. Lakin məhkəmə cavabdehdən Mələk adlı uşaq 3 yaşına çatana kimi hər ay 100 manat sabit pul məbləğində aliment tutulması ilə razılaşa bilməz və hesab edir ki, həmin məbləğdə aliment tutulması cavabdehin hüquqlarını və mənafeyini pozmuş olar. Eləcə də, iddiaçı öz tələbində cavabdehdən Mələk adlı uşaq 3 yaşına çatana kimi hər ay 100 manat sabit pul məbləğində aliment tələb etdiyini bildirsə də, məhz həmin məbləğdə alimentin tutulmalı olmasını əsaslandıra bilməmiş və həmin xüsusat üzrə öz tələbini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən hər ay tutulan vəsaitin məbləği 30 manat məbləğində müəyən edilməlidir. Məhkəmə qeyd edir ki, alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, 2022-ci il üçün uşaqların saxlanılmasına görə yaşayış minimumu kimi qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarı nəzərə alınmalı və saxlanması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh iki uşaq üçün hər ay ümumilikdə 386 manat sabit pul məbləğində aliment, o cümlədən Mələk adlı uşaq 3 yaşına çatanadək hər ay 30 manat məbləğində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci və 84.2.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşaqların, həmçinin zəruri vəsaitə ehtiyacı olan iddiaçının əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün kifayətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı aliment barədə iddia tələbini məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim etmişdir. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh İddiaçı xeyrinə birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat, habelə xx.xx.2020-ci il təvəllüdlü X4 üç yaşına çatanadək saxlanılması üçün hər ay 30 manat sabit pul məbləğində aliment tutulmalı və alimentin tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. İddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat, habelə xx.xx.2020-ci il təvəllüdlü X4 üç yaşına çatanadək saxlanılması üçün hər ay 30 manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar