Məhkəmə qərarları › İş №2(012)-4376/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4376/2021

27.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4376/2021 27.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı və Cavabdeh oğunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair mülki işə 27 dekabr 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 07.10.2011-ci il təvəllüdlü X3 və 05.10.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay, hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tələbini dəqiqləşdirərək cavabdeh X2 övladları - 07.10.2011-ci il təvəllüdlü X3, 05.10.2012-ci il təvəllüdlü X5 atası olması faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamələrində ata qrafasında “Cavabdeh” yazılması və övladlarının yetkinlik yaşına çatanadək Cavabdeh hər ay, hər bir uşaq üçün 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2010-cu il tarixdə faktiki nikaha daxil olmuşdur. Onların bu nikahlarından 07.10.2011-ci il tarixdə Hüseyn, 05.10.2012-ci il tarixdə Xəzər adlı övladları dünyaya gəlmişdir. Cavabdehlə ailə qurduqları ilk vaxtlar münasibətləri normal olmuş, daha sonra xasiyyətləri uyğun gəlmədiyinə görə ayrılmışlar. Artıq 5 ilə yaxındır ki, cavabdehlə ayrılmışdır. Cavabdeh övladlarının saxlanılması üçün heç bir maddi dəstək göstərmir. Övladları illərdir ki, onun mənəvi dəstəyini də, hiss etmirlər. Hazırda iddiaçı cavabdehlə birgə nikahdan olan övladlarının saxlanılmasında çətinlik çəkir və hesab edir ki, övladlarının saxlanması üçün o da, maddi cəhətdən köməklik göstərməlidir.Cavabdeh övladlarının bioloji atası olduğuna görə Abşeron rayon Qeydiyyat Şöbəsində onlara atalıq adını vermişdir. Uşaqların atası olmasını cavabdeh məhkəmə iclasında da etiraf etmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin qeydiyyatda olduğu yer üzrə MAPS arayışında və şəxsiyyət vəsiqəsində adı və soyadı Cavabdeh kimi yazılmışdır. Lakin, uşaqların doğum haqqında şəhadətnamələrindəki atalıq qrafasında cavabdehin adı “Samit” kimi qeyd edilmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdeh X2 övladları - 07.10.2011-ci il təvəllüdlü X3, 05.10.2012-ci il təvəllüdlü X5 atası olması faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamələrində ata qrafasında “Cavabdeh” yazılması və övladlarının yetkinlik yaşına çatanadək Cavabdeh hər ay, hər bir uşaq üçün 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyi, iddiaçı ilə faktiki nikahlarından doğulmuş 07.10.2011-ci il təvəllüdlü X3 və 05.10.2012-ci il təvəllüdlü X5 ataları olduğunu, uşaqların saxlanılması üçün imkanı olan qədər iddiaçıya kömək etdiyini, bundan imtina etmədiyini, lakin hər ay cəmisi 100 manat ödəməyə imkanı çatdığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 21.01.2016-cı il tarixli AZ-İİİ 669905 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X6 07.10.2011-ci il tarixdə Abşeron rayon Xırdalan şəhərində anadan olmuş, “atası” qrafasında X4, “anası” qrafasında İddiaçı qeyd edilmişdir. Mülki işin materiallarında olan Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 21.01.2016-cı il tarixli AZ-İİİ 669906 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X7 05.10.2012-ci il tarixdə Abşeron rayon Xırdalan şəhərində anadan olmuş, “atası” qrafasında X4, “anası” qrafasında İddiaçı qeyd edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdehin faktiki nikahından 07.10.2011-ci il təvəllüdlü X6 və 05.10.2012-ci il təvəllüdlü X7 anadan olmuşdur. Hazırda ailə faktiki olaraq dağılmış və uşaqlar hazırda iddiaçının yanında qalır.Həmin uşaqların atalığı müəyyən edilməmişdir. Azyaşlıların doğum haqqında şəhadətnaməsində “ata” qrafasında analarının sözünə əsasən X4 qeyd etdirmişdir və iddiaçı övladlarının atasının cavabdeh olmasının müəyyən edilməsini, habelə onların saxlanması üçün aliment təyin edilməsini iddia edir. Cavabdeh azyaşlıların atası olmasını qəbul edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 188-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Tərəflərin izahatlarından göründüyü kimi cavabdehin minimum yaşayış məbləği həddində aliment ödəmək imkanı yoxdur.Bununla belə uşaqların diqqətəlayiq mənafeləri əsas götürülməklə, məhkəmə hesab edir ki, uşaqların hər biri üçün hər ay 120 manat olmaqla cəmi 240 manat məbləğində aliment tutulması məqsədəuyğundur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 07.10.2011-ci il təvəllüdlü X3 və 05.10.2012-ci il təvəllüdlü X5 atasının Cavabdeh olması müəyyən edilməli və həmin azyaşlıların yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Həmçinin alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan, yəni 22.12.2021-ci il tarixdən hesablanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 07.10.2011-ci il təvəllüdlü X3 və 05.10.2012-ci il təvəllüdlü X5 atalarının Cavabdeh olması müəyyən edilsin. 07.10.2011-ci il təvəllüdlü X3 və 05.10.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 22.12.2021-ci il tarixdən hesablansın. Qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar