Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4379/2021 07.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı pul tələbinə dair mülki işə 07 oktyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsindən cəmi 3716.11 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsi ilə arasında bağlanmış 01.05.2013-cü il tarixli 30 saylı sərəncamla iki ay sınaq müddəti ilə İddiaçı mühasib vəzifəsinə qəbul olunmuş, 02.03.2020-ci il tarixdə işdən azad olunmuşdur. 2018-ci ilin dekabr ayından 2020-ci ilin 03 martına qədər ona heç bir əmək haqqı ödənilməmişdir. Tərəflər arasında bağlanan əmək müqaviləsinə əsasən onun aylıq əmək haqqı 232.75 manat olmuşdur. İşdən azad olunduqdan sonra, çoxsaylı müraciətlərinə baxmayaraq ona sonuncu haqq-hesab verilməmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin Sumqayıt Bölgə İdarəsinə rəsmi müraciət etmiş, həmin idarə cavabdehdən 17 iyun 2021-ci il tarixdə əmək müqavilələrinin surətlərini və hesablanmış əmək haqqı barədə çıxarışları alıb vermişdir. Təqdim edilmiş arayışla müəyyən edilmişdir ki, 2018-ci ilin dekabr ayından 2020-ci ilin mart ayına kimi cavabdeh tərəfindən ona 3516.11 manat pul hesablanmışdır. Cavabdeh həmin məbləği ona ödəmək istəmədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinin nümayəndəsi X2 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, cavabdehin iddiaçıya 3516,11 manat əmək haqqı borcu olmuşdur. Bu borcdan 232,75 manat ödəniş edilib. Qalan 3283,36 manat məbləğində pul iddiaçıya ödəniləcəkdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarından olan 19.09.2014-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, İddiaçı ilə Abşeron rayon Xırdalan bələdiyyəsi arasında 01.05.2013-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və İddiaçı mühasib vəzifəsinə təyin olunmuşdur. Onun aylıq əmək haqqı 250 manat təşkil edir. Mülki işin materiallarından olan 14.04.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, İddiaçı ilə Abşeron rayon Xırdalan bələdiyyəsi arasında bağlanan əmək müqaviləsinə 06 №-li əmrlə 03.03.2020-ci il tarixdə xitam verilmişdir. Mülki işin materiallarından olan hesablanmış əmək haqqı barədə məlumatdan müəyyən edilir ki, tərtib olunan ödəniş cədvəlinə əsasən Abşeron rayon Xırdalan bələdiyyəsi tərəfindən İddiaçı 05.08.2021-ci il tarixində 2020-ci ilin fevral ayı üçün olan əmək haqqı borcundan 232,75 manat ödənilib və hazırda qalıq borc məbləği 3283,36 manat təşkil edir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı cavabdeh qurumla bağlanan əmək müqaviləsinə əsasən orada mühasib vəzifəsinə qəbul edilmiş, daha sonra müvafiq əmrlə onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı hazırda cavabdehin ona 3716.11 manat əmək haqqı borcu olduğunu iddia edir. Cavabdehin nümayəndəsi iddia tələbi qismən qəbul edir, iddiaçıya müəyyən ödənişlər edildiyini və təqdim etdiyi arayışa əsasən cavabdehin iddiaçıya olan borcunun 3283,36 manat təşkil etdiyini bildirir. Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 156-cı maddəsinin 1-ci bəndinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, cavabdeh qurum iddiaçıya olan əmək haqqı borcunun bir qismini etiraf edir. İş materiallarından olan arayışdan müəyyən edilir ki, cavabdehin iddiaçıya olan borcu hazırda 3283,36 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Abşeron rayon Xırdalan Bələdiyyəsindən 3283,36 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron rayon Xırdalan Bələdiyyəsindən 3283,36 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4379/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4379/2021
07.10.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver