Məhkəmə qərarları › İş №2(012)-440/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-440/2024

11.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-440/2024 11.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, alimentin tutulması və pul barədə iddia tələbi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin tutulması və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında nikah ləğv edilmədən cavabdehdən aylıq hər uşağa 220 manat, əlavə olaraq 200 manat uşağın aylıq tibbi müalicə xərci, 300 manat isə evin aylıq ipoteka xərci, ümumilikdə 940 manat olmaqla tutulub, ona ödənilməsinə və uşaqların onun yanında saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X8 adlı iki uşaqları anadan olmuşdur. Aliment tələbinə dair ərizə verməsinin səbəbi qarşı tərəfin xəyanəti, tüfeyli həyat yaşaması, uzun müddət evə gəlməməsi, uşaqlarla maraqlanmaması, ailənin heç bir tələbatını ödəməməsi və digər səbəblərdir. Belə ki, əvvəllər evə gəlməsə də, arada ortalama dolanma üçün 600 manat, əlavə olaraq, 300 manat isə evin ipoteka kreditini ödəyirdi. Artıq uzun müddətdir ki, evin ipotekasını ödəmir və ailəyə heç bir maddi yardım etmir. Bu səbəbdən məhkəmə qaydasında aylıq standart aliment məbləği təyin edilməsini istəyir. Uşaqların mənafeyini nəzərə alaraq, yetkinlik yaşına çatmayan övladları xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X6 məhdudiyyət qoymadan Cavabdeh ilə ünsiyyətdə olmasına dair şərait yaradacağı və öhdəlik götürməsi ilə razıdır. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. X1 3-cü dərəcəli skolioz və kifoz xəstəliyindən əziyyət çəkir, gözlərində görmədə müəyyən (bir gözü -3, bir gözü -2) problem var və mütəmadi olaraq müalicə alır. Onun aylıq müayinə və müalicə xərcləri ortalama 200 manat təşkil edir. Əvvəllər yoldaşı müalicə xərclərini qarşılasa da, uzun müddətdir bu xərcləri ödəmir. Bundan əlavə, oğlu idmana gedirdi, aylıq 40 manat ödəyir, uzun müddətdir ki, yoldaşı pul vermədiyi üçün idmanı dayandırmalı olmuşdur. Qızı yaxşı oxuyur, onu universitetə imtahan üçün hazırlığa qoymaq üçün maddi imkanı yoxdur. Hazırda uşaqların bütün qayğı və ehtiyaclarını tamamilə özü çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq, ona çox çətindir. Əvvəllər işləsə də, son bir ildə ev şəraitində şirniyyat bişirib satmaqla məşğuldur. Bütün ailənin xərclərini bununla ödəməyə çalışır, amma bunları qarşılamaq imkanında deyil. Yoldaşı hazırda sürücüdür . Yoldaşının ortalama aylıq gəliri 2 (iki) min manat təşkil edir. Sonradan iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarındakı nikahın ləğv edilməsi, cavabdehdən aylıq hər uşağa 220 manat, əlavə olaraq 200 manat uşağın aylıq tibbi müalicə xərci, 300 manat isə evin aylıq ipoteka xərci, ümumilikdə 940 manat olmaqla tutulub, ona ödənilməsinə və uşaqların onun yanında saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarındakı nikahın pozulması, birgə nikahdan doğulmuş Əli və Nurlana adlı uşaqlarının onun yanında saxlanılması, həmin uşaqların saxlanılması üçün cavabdehin aylıq qazancının və gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin, əlavə olaraq hər ay 200 manat uşağının aylıq tibbi müalicə xərci, 330 manat evin aylıq ipoteka xərci, Əli adlı uşağın idman xərci olaraq 40 manat və Nurlana adlı uşağın təhsil xərci olaraq 100 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Lakin cavabdeh məhkəməyə teleqram ünvanlayaraq iddia tələbini nikahın pozulması və uşaqların ananın himayəsində saxlanılması hissəsində qəbul etdiyini, digər hissələrini isə qəbul etmədiyini bildirdi. Məhkəmə iddiaçını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan AZ-İ 314158 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 xx.xx.2007-ci il tarixdə nikaha girmişlər. Nikaha daxil olduqdan sonra qadına Həsənova soyadı verilmişdir. Mülki işin materiallarında olan AZ-İİ 869139 və AZ-İİİ 072141 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X3 doğulmuşlar. Ailə Məcəlləsinin 19.1-ci maddəsində göstərilir ki, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulmalıdır. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddiaçı ilə cavabdehin ər-arvad kimi birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür. Bu fakt iddiaçının izahatı və işin digər halları ilə də təsdiq olunur. Belə ki, iddiaçı və cavabdeh rəsmi nikahda olsalar da, hazırda faktiki olaraq ailə münasibətlərində deyildirlər. Ona görə də məhkəmə tərəflərin barışması üçün vaxt müəyyən etməklə işi təxirə salmağı məqsədəuyğun hesab etmir və belə nəticəyə gəlir ki, cavabdehlə iddiaçı arasında olan nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilməsi qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş azyaşlı övladlarına daha çox ana qayğısı və ana nəvazişi lazım olduğundan, habelə bu barədə cavabdehin razılığı nəzərə alınmaqla ananın himayəsinə verilməsi daha məqsədəuyğundur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2023-cüil üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 manat məbləğində müəyyən edilmişdir. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İş materiallarından görünür ki, tərəflərin birgə nikahından iki uşaqları olmuşdur və onlar hazırda iddiaçının himayəsindədirlər. Məhkəmə hesab edir ki, birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay əmək haqqının 1/3 hissəsi məbləğdə aliment tutulmalıdır. Məhkəmə qeyd edir ki, alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları və uşaqların saxlanması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh iki uşaq üçün hər ay əmək haqqının 1/3 hissəsi məbləğində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci və 84.2.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşaqların, həmçinin zəruri vəsaitə ehtiyacı olan iddiaçının əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün kifayətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı aliment barədə iddia tələbini məhkəməyə xx.xx.2023-cü il tarixdə, alimentin miqdarının dəyişdirilməsi barədə ərizəni isə xx.xx.2023cü il tarixdə təqdim etmişdir. Ona görə də məhkəmə hesab edir ki, alimentin hər ay hər uşağa görə 220 manat məbləğində tutulması xx.xx.2023-cü il tarixdən, iki uşaq üçün cavabdehin əmək haqqının 1/3 hissəsi miqdarında tutulması isə xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasındakı nikah pozulmalı, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X8 ananın himayəsində saxlanılmalı, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək hər ay hər uşaq üçün sabit pul məbləğində 220 manat olmaqla, cəmi 440 manat aliment, hər ay iki uşağın saxlanılması üçün cavabdehin aylıq qazancının və (gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment xx.xx.2023-cü il tarixdən başlayaraq tutulub iddiaçının xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbinin digər hissələrinə dair mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Quba rayon İHB-nın Kupçal İƏV üzrə nümayəndəliyində 28 mart 2007-ci il tarixdə 08 nömrə ilə qeydə alınmış nikah pozulsun. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012ci il təvəllüdlü X8 nikah pozulduqdan sonra İddiaçı (ananın) himayəsində saxlanılsınlar. Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək hər ay hər uşaq üçün sabit pul məbləğində 220 manat olmaqla, cəmi 440 manat aliment, xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay iki uşağın saxlanılması üçün cavabdehin aylıq qazancının və (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar