Məhkəmə qərarları › İş №2(012)-4419/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4419/2022

14.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4419/2022 14.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı özbaşına tikiliyə köçürülmə və mənzildəki payın bölünməsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı özbaşına tikiliyə köçürülmə və mənzildəki payın bölünməsi barədə iddia qaldıraraq, onun və azyaşlı övladları 10 mart 2014-cü il təvəllüdlü X4 və 07 iyun 2015-ci il təvəllüdlü X5 birlikdə Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən özbaşına tikiliyə köçürülmələri və mənzilin dəyərinin müəyyən edilərək onlara düşən payın verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, valideynləri 2021-ci il tarixdə Covid-19 xəstəliyindən öldükdən sonra qardaşı Cavabdeh1 ilə arasında mübahisələr yaranmışdır. Cavabdeh1 onu mübahisəli mənzildən qovaraq həmin mənzildə yaşamasına imkan vermir. Bu mənzil valideynlərindən qalan əmlakdır. Lakin cavabdeh onu mübahisəli mənzilə qoymur. Hazırda o, uşaqları ilə birlikdə kirayədə yaşayır və kirayə pulunu ödəməkdə çətinlik çəkir. Yaşamağa başqa yeri yoxdur. Mübahisəli mənzil özbaşına tikili olmaqla heç bir sənədi yoxdur. Yalnız onun üzərində yerləşən torpaq sahəsi xalası qızı Cavabdeh2 adınadır. Minayə torpağa dair ona 99 illik etibarnamə vermişdir. Bu sənəddən başqa əlində heç bir sənəd yoxdur. Torpaq sahəsinə dair bütün sənədlər xalası qızı Minayədədir. Bu torpaqda tikilən ev onun ata və anasına məxsus olub, onların əziyyəti ilə tikilməsinə yaxınlıqdakı qonşular şahidlik edə bilərlər. Valideynləri 10 ilə yaxın sözügedən evdə yaşayıb birgə təsərrüfat aparmış, ev-eşik, bağ-bağça düzəltmişlər. Onlar məcburi köçkün olduqlarına görə qardaşı və ailəsi əvvəllər məskunlaşdıqları Lökbatan qəsəbəsindəki mənzildə yaşayırlar. Güzdəkdə yerləşən mənzildə isə yaşamamışlar. Onun başqa yaşayış yeri olmadığına görə həmin tikintiyə köçürülməlidir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. O bildirdi ki, mübahisəli evdə daimi əsaslarla yaşamamış, oraya qonaq qismində gedib-gəlmişdir. Cavabdeh1 iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. O, iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini qəbul etmədiyini bildirmiş və onun rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 496558 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü ildə Bakı şəhəri Qaradağ rayonunda doğulmuşdur, atası X12, anası X2r. İş materiallarında olan AZ-İİ 242818 və AZ-İİ 269500 saylı ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X12 xx.xx.2021-ci il tarixdə, X3 isə xx.xx.2021ci il tarixdə ölmüşdür. İş materiallarında olan nikah haqqında AZ-İİ 023504 saylı şəhadətnamənin surətindən görünür ki, X8 ilə X13 xx.xx.2013-cü ildə nikaha girmişlər. Nikahdan sonra arvada İmamzadə soyadı verilmişdir. İş materiallarında olan AZ-İİİ 469358 və AZ-İİİ 868338 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X13 ilə İddiaçı nikahından xx.xx.2014-cü ildə Zəhra, xx.xx.2015-ci ildə Ramal adlı uşaqları olmuşdur. İş materiallarında olan AA240157 saylı vəsiqənin surətindən görünür ki, X1 rayonundan məcburi köçkün kimi Bakı şəhəri Qaradağ rayonunda müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan Abşeron rayonu X7 xx.xx.2007-ci il tarixli 308 saylı qərarının surətindən görünür ki, Cavabdeh2 fərdi ev tikintisi məqsədilə bələdiyyənin ehtiyat fondundan 0,1 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan torpaqların alqı-satqısına dair xx.xx.2014-cü il tarixli aktından görünür ki, Cavabdeh2 fərdi ev tikintisi məqsədilə Güzdək Bələdiyyəsinin ehtiyat fondundan 0,1 ha torpaq sahəsi təhvil verilmişdir. Əmlak üçün alıcı tərəfindən bələdiyyəyə 400 manat ödəniş edilmişdir. İşdən görünür ki, mübahisəli tikintinin yerləşdiyi 0,1 ha torpaq sahəsi cavabdehlərdən Cavabdeh2 fərdi ev tikintisi məqsədilə Abşeron rayonu X7 xx.xx.2007-ci il tarixli 308 saylı qərarı ilə fərdi ev tikintisi məqsədilə ayrılmışdır. Tikintiyə dair heç bir hüquq müəyyənedici sənəd mövcud deyil, yəni o, hazırda özbaşına tikinti sayılır. Hazırda iddiaçı iddia edir ki, mübahisəli evi valideynləri inşa etdiyindən onun da bu evdə yaşamaq hüququ vardır və oraya köçürülməlidir. Eyni zamanda, valideynləri öldüklərindən bu əmlakda onun payı da müəyyən edilməlidir. Mülki Məcəllənin 180-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Mübahisə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl məhkəmə hesab edir ki, mübahisənin obyektiv və düzgün həlli üçün mübahisəli əmlakın hüququ statusu müəyyən edilməlidir. İş materialları ilə müəyyən edilir ki, mübahisəli tikintinin yerləşdiyi torpaq sahəsinin ilkin torpaqayırma sənədləri Cavabdeh2 adına tərtib edilmişdir. Bu torpaq sahəsinə və orada yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 mülkiyyət hüquqları qeydə alınmasa da, həmin əmlaklar onun sahiblik və istifadəsindədir. Daha öncə qeyd edildiyi kimi, mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsinin dəyəri Cavabdeh2 tərəfindən müvafiq bələdiyyəyə ödənilmişdir. Buna baxmayaraq, mübahisəli daşınmaz əmlaklar onun adına dövlət reyrestrində qeydiyyata alınmamışdır. İşin faktiki hallarından məlum olur ki, mübahisəli tikintiyə faktiki sahibliyi həyata keçirən və ondan istifadə edən Cavabdeh2 mübahisəli daşınmaz əmlaka dair qanuni gözlənti hüququ istisna edilmir. İşdən isə görünür ki, o, iddianı qəbul etmir və onun rədd olunmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X6 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. İşin faktiki hallarından da göründüyü kimi, mübahisəli tikintinin iddiaçının valideynləri tərəfindən inşa edilməsi barədə hər hansı mötəbər sübut yoxdur. Eyni zamanda, bu tikinti ilə bağlı İddiaçı hər hansı əlaqəsinin (müəyyən müddət orada yaşaması, tikintidə iştirak etməsi və s.) olması iş materialları ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə iddiaçının mübahisəli mənzilə köçürülməsi barədə iddianın rədd edilməsi nəticəsinə gəlir. Bu əmlakın dəyərinin müəyyən edilərək ona düşən payın verilməsi tələbinə gəldikdə isə, məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi əsassızdır. Mübahisəli torpaq sahəsi və orada yerləşən tikili iddiaçının valideynlərindən qalmış (miras) əmlak hesab edilmədiyindən, eləcə də, tikintinin inşa edilməsində onun vəsaitinin xərclənməsi barədə işdə hər hansı sübut mövcud olmadığından iddianın bu hissəsi də təmin edilməməlidir. Beləliklə, şərh olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı özbaşına tikiliyə köçürülmə və mənzildəki payın bölünməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı özbaşına tikiliyə köçürülmə və mənzildəki payın bölünməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar