Məhkəmə qərarları › İş №2(012)-4595/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4595/2022

05.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4595/2022 05.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdeh Ayvazova (Bağıyeva) Sevda Tofiq qızının iştirakı ilə, İddiaçı cavabdeh Ayvazova (Bağıyeva) Sevda Tofiq qızına qarşı alimentin tutulması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ayvazova (Bağıyeva) Sevda Tofiq qızına qarşı alimentin tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan xx.xx.2008-ci il tarixdə doğulmuş İbrahim adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 05 noyabr 1999-cu il tarixdə rəsmi nikaha girmişlər. Birgə nikahdan 05 oktyabr 2000-ci il təvəllüdlü X3, 18 dekabr 2003-cü il təvəllüdlü X2 və 19 dekabr 2008-ci il təvəllüdlü X4 adlı üç uşaqları dünyaya gəlmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-1567/2022 saylı qətnaməsi ilə nikah pozulmuş və 19 dekabr 2008-ci il təvəllüdlü X4 onun yanında saxlanılmışdır. Keçmiş həyat yoldaşı işləyir, qazancı var, ona görə də övladının saxlanması üçün aliment ödəməlidir. Yetkinlik yaşına çatmamış uşaq onunla birlikdə yaşayır. Belə olan halda, cavabdehdən onun saxlanması üçün sabit pul məbləğində aliment tutulmalıdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Ayvazova (Bağıyeva) Sevda Tofiq qızı iddianı qəbul etmədi və onun rədd edilməsini xahiş etdi. O əlavə etdi ki, hazırda səhhətilə əlaqədar heç bir yerdə işləmir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 228500 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci il tarixdə X4 adlı uşaqları olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 422435 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı nikahın pozulması xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-1567/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı nikahın pozulması və onların birgə nikahından xx.xx.2008-ci il tarixdə doğulmuş X1 atasının yanında qalması qət edilmişdir. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə proses iştirakçılarının izahatlarını və yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, uşağın saxlanması hər iki valideynin vəzifəsi olduğundan və uşağın saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından - uşağın saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarı nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün cavabdeh Ayvazova (Bağıyeva) Sevda Tofiq qızından uşağa görə hər ay 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin, o cümlədən azyaşlının mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı aliment tələbinə dair iddia ərizəsini xx.xx.2022ci ildə məhkəməyə vermişdir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələblərinə uyğun olaraq hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixdən başlayaraq, cavabdeh Ayvazova (Bağıyeva) Sevda Tofiq qızından İddiaçı xeyrinə xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Ayvazova (Bağıyeva) Sevda Tofiq qızından İddiaçı xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment tutulsun. Aliment tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar