Məhkəmə qərarları › İş №2(012)-4760/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4760/2021

10.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4760/2021 10.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Cavabdeh nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Abşeron rayonu Masazır Bələdiyyəsinin cavabdehlər Abşeron Rayon İcra Hakimiyyətinə, Cavabdeh və Bakı şəhəri 45 saylı Notarial Kontoruna qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin iddiaçının mülkiyyətinə təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Abşeron rayonu Masazır Bələdiyyəsi cavabdehlər Abşeron Rayon İcra Hakimiyyətinə, Cavabdeh və Bakı şəhəri 45 saylı Notarial Kontoruna qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 247 saylı, 07 dekabr 2016-cı il tarixli sərəncamının, Bakı şəhəri 53 saylı notariat kontoru tərəfindən verilmiş 7E-23855 saylı, 21 dekabr 2017-ci il tarixli etibarnamənin (Cavabdeh tərəfindən X4 verilmiş) ləğv edilməsi və qanunsuz inşa edilmiş 4715,80 kv.m 3 mərtəbəli ticarət obyektinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Abşeron rayonu Masazır Bələdiyyəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu Masazır kəndi Əliağa Vahid küçəsində yerləşən mülkiyyətində olan 0,22 ha torpaq sahəsindən əlavə özbaşına tutduğu 0,02 ha-a yaxın torpaq sahəsinin və onun üzərindəki qanunsuz tikilinin öz hesabına sökülməsi, həmin torpaq sahəsinin Masazır Bələdiyyəsinin mülkiyyətinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (Seriya RX ******* saylı) 15.11.2016-cı il tarixli çıxarışına əsasən Abşeron rayonu Masazır kəndi 0.22 ha torpaq sahəsi 2016-cı ildən və 1534.5 kv.m tikili, ümumi sahəsi 4715.80 kv.m 3 mərtəbəli ticarət obyekti isə 2018-ci ildən Cavabdeh xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin vergi ödəyiciləridir. Həmin Məcəllənin 200.1-ci maddəsinə əsasən binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Həmin Məcəllənin 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 208.6-cı maddəsinə əsasən fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. Vergi Məcəlləsinin tələbindən irəli gələrək vergi ödəyicisi Cavabdeh mülkiyyətində olan torpaq sahəsinə görə bu günə kimi torpaq vergisinin ödənilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Cavabdeh 01.02.2017-ci il tarixdən 01.01.2020-ci il tarixədək mülkiyyətində olan 0,22 hektar torpaq sahəsinə görə əsas borc hər il (3 il) üçün 176 manat (0,22 x 8 manat =176 manat) olmaqla cəmi 528 manat torpaq vergisi və 2018-ci ildən mülkiyyətində olan 1534,5 kv.m, ümumi sahəsi 4715,80 kv.m olan tikiliyə görə 2018-2019-cu illər üçün (iki il) 1414 manat olmaqla (4715 x 0.30 manat = 1414 manat) cəmi 2828 manat əmlak vergisi borcu vardır. Vergi Məcəlləsinin 59.1 və 59.2-ci maddələrinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Eyni zamanda, müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Qüvvədə olan qanundan çıxış edərək, Cavabdeh qanunla müəyyən edilmiş müddətdə torpaq və əmlak vergisini ödəmədiyindən, torpaq vergisinə görə faiz borcu 192,72 manat (528 x 0,1 % = 0,528 x 365 gün = 192.72 manat), əmlak vergisinə görə faiz borcu 1032,22 manat (2828 x 0,1 % = 2,828 x 365 gün = 1032,22 manat) təşkil edir. Ümumilikdə, Masazır bələdiyyəsinə 01.01.2017-ci il tarixdən 01.01.2020-ci il tarixədək olan torpaq vergisi 528 manat, faiz borcu 192,72 manat və əmlak vergisi 2828 manat, faiz borcu 1032,22 manat təşkil edir. Vergi ödəyicisi Cavabdeh 21.12.2017-ci il tarixdə adı çəkilən mülkiyyətin idarə edilməsi, sərəncam verilməsi hüququnu vətəndaş X4 etibar edilməsi ilə bağlı Bakı şəhəri 53 saylı notarial kontorunda əqd bağlanmışdır. Hal-hazırda həmin obyekt “Araz” market adı ilə fəaliyyət göstərir. Vergi ödəyicisi və onun səlahiyyətli nümayəndəsi yaranmış borcun 5 gün müddətində Masazır bələdiyyəsinin hesabına ödənilməsi ilə bağlı bələdiyyənin 01/05-01-06/78 saylı, 07.04.2020-ci il tarixli xəbərdarlıq məktubu ilə onların nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikası “İcra haqqında” Qanununun 6.1.8. maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar maddəsini rəhbər tutaraq vergi ödəyicisi Cavabdeh səlahiyyətli nümayəndəsi X1 əsas - 528 manat torpaq vergisi, faiz borcu 192,72 manat və əsas - 2828 manat əmlak vergisi, faiz borcu 1032,22 manat pulun bələdiyyə büdcəsinə ödənilməsinin icraya yönəldilməsi məqsədilə aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Cavabdehin səlahiyyətli nümayəndəsi mülkiyyəti tanınmayan qanunsuz tikilidə hal-hazırda ticarət obyekti olan “Araz” market kimi istifadə edir, həmin obyektin bütün problemlərini su, işıq, vergi, qida və sair məsələlərini həll edir. Lakin əmlak vergisinə gələndə isə tikintinin qanunsuz olduğunu bildirərək bu məsələnin ona aidiyyəti olmadığını qeyd etmişdir. Beləliklə, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 247 saylı, 07.12.2016-cı il tarixli sərəncamı əsasında vətəndaş Cavabdeh Masazır kəndi ərazisində yerləşən 0,22 ha torpaq sahəsində tikintialtı sahəsi 1898 kv.m, ümumi sahəsi 3701,06 kv.m olan iki mərtəbəli ticarət obyektinin layihələşdirilməsinə və tikintisinə icazə verilmişdir. Lakin tərəf sərəncamdan kənara çıxaraq 4715.80 kv.m 3 mərtəbəli ticarət obyekti tikmişdir (Etibarnaməyə əsasən). Lakin cavabdeh bu tikintini həyata keçirərkən mülkiyyətində olan torpaq sahəsindən kənara çıxaraq Masazır bələdiyyəsinin balansında olan 0,02 ha-a yaxın torpaq sahəsini zəbt etmiş və onun üzərində qanunsuz tikili həyata keçirmişdir. Sərəncamın 4-cü bəndində göstərilmişdir ki, vətəndaş tərəfdən sərəncamın şərtləri pozularsa müvafiq sərəncam öz qüvvəsini itirmiş hesab ediləcəkdir. Bundan çıxış edərək, tərəf sərəncamın 1-ci bəndini pozmuş, iki mərtəbə əsasında üç mərtəbə, 3701,6 kv.m əvəzinə 4715,80 kv.m ərazi inşa etmişdir. Yəni Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 247 saylı, 07 dekabr 2016-cı il tarixli sərəncamı öz hüquqi qüvvəsini itirilmiş hesab edilməlidir. Mülkiyyətçinin nümayəndəsi Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə ünvanladığı məktubda qeyd etmişdir ki, Cavabdeh mülkiyyətində olsa da, orada olan tikiliyə isə mülkiyyət hüququ tanınmamış, yəni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətində qeydiyyatdan keçməmiş, xüsusi mülkiyyəti təsdiq edən çıxarış da verilməmişdir. Mülkiyyətini təsdiq edən çıxarış olmadığı halda həmin tikili əmlak vergisinə cəlb edilə bilməz. Tikinti sərəncamda göstərilən normadan kənara çıxdığı üçün bu tikili sənədləşdirilə bilməz və bu baxımdan, dövlət belə bir tikintini tanımamışdır. Masazır bələdiyyəsinə təqdim edilmiş ərizəyə cavabdeh olaraq hər iki tərəfə ərizə ilə müraciət olunmuş, lakin tərəflər məktuba əhəmiyyət verməyərək bələdiyyə qərarının ləğvi ilə bağlı məhkəməyə müraciət etmişlər. Tikili dövlət qeydiyyatına alınmasa da mülkiyyətçi bütün hüquqlardan istifadə edərək qazanc əldə edir. Cavabdeh Masazır kəndində mülkiyyətində olan 0,22 hektar torpaq sahəsindəki tikili, ümumi sahəsi 4715,80 kv.m inşa edilmiş obyekt qanunsuzdur və məhkəmə qərarı əsasında sökülməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. 28.10.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş iddiaçı Masazır Bələdiyyəsinin nümayəndəsi X5 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, Abşeron rayonu Masazır kəndində yerləşən 0.22 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir və buna dair Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən sərəncam verilmişdir. Notariat Kontoru tərəfindən də bu, təsdiq olunmuşdur. Həmin torpaq sahəsində də tikinti işləri getdiyindən qeyd olunan tikinti işləri qanunsuzdur və cavabdeh tərəfindən sökülməlidir. Belə ki, Cavabdeh torpaq, əmlak vergisi ödəməli olduğu halda Abşeron rayonu Masazır Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 28.10.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş cavabdeh Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi X10 iddia ərizəsini qəbul etməyərək hazırki iddia tələbinin Abşeron Rayon İcra Hakimiyyəti ilə bir bağlılığı olmadığını bildirərək iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Vəkil ərizə təqdim edərək mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılması və yekun məhkəmə aktının qəbul edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Vəkil iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı Abşeron rayonu Mazasır bələdiyyəsinin cavabdehlər Abşeron rayon İcra Hakimiyyətinə, Bakı şəhəri 45 saylı Notariat Kontoruna, Cavabdeh qarşı “Abşeron rayon İcra Hakimiyyəti Başçısının 247 saylı, 07.12.2016-cı il tarixli sərəncamının, Bakı şəhəri 53 saylı Notariat kontoru tərəfindən verilmiş 7E-23855 saylı 21.12.2017-ci il tarixli etibarnamənin ləğv edilməsi və qanunsuz inşa edilmiş 4715.80 kv.m 3 mərtəbəli ticarət obyektinin sökülməsi” tələbinə dair iddia ərizəsini aşağıdakı səbəblərə görə əsassız hesab edir: Belə ki, iddiaçı Abşeron rayon Mazasır bələdiyyəsi iddia ərizəsində Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsinə görə yığılmış torpaq vergisini, eləcə də onun faizinin hesablanaraq tutulmasını, torpaq sahəsində inşa edilmiş obyektin əmlak vergisi verilmədiyini əsas gətirərək həmin torpaq sahəsində inşa edilmiş tikilinin qanunsuz olaraq inşa edildiyi üçün özbaşına tikinti kimi sökülməsini, tikintiyə icazə verilmiş Abşeron Rayon İcra Hakimiyyətinin sərəncamının ləğv edilməsi, notarial qaydada bağlanmış etibarnamənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini əsaslandıran halların nədən ibarət olmasını əsaslandıra bilməmiş, yalnız qanunvericiliyin tələblərini formal sadalamaqla kifayətlənmişdir. İddiaçı iddia ərizəsində qanunvericiliyinin tələblərini, qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq razılaşmalar aparılmadan, tikinti norma və qaydalarını ciddi surətdə pozmaqla özbaşına tikinti işləri aparmaq, torpaq sahəsi daxilində qeyri-yaşayış binası inşa edərək, hal-hazırda istifadə etməyini göstərmiş, lakin həmin obyektin qanunsuz əsaslarla tikilməsinə dair rəsmi sənəd məhkəməyə təqdim etməmişdir. İddiaçı iddia ərizəsində həmin torpaq sahəsinin 15.11.2016-cı il tarixdən Cavabdeh mülkiyyətində olmasını, qanunsuz dediyi tikilinin İcra Hakimiyyətinin Sərəncamı əsasında tikilməsini qeyd etməklə həmin torpaq sahəsinin Cavabdeh xüsusi mülkiyyətində olmasını və tikilinin qanuni əsaslarla tikilməsini özü etiraf etmiş olmuşdur. Həmin torpaq sahəsində olan 1534.5 kv.m tikili, ümumi sahəsi 4715.80 kv.m 3 mərtəbə ticarət obyektinin isə 2018-ci ildən Cavabdeh mülkiyyətində olmasını qeyd etsə də, məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmin torpaq sahəsi Cavabdeh mülkiyyətində olmaqla mülkiyyətini təsdiq edən çıxarış da mövcuddur. Həmin torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmiş, həmin torpaq sahəsində tikilinin inşa edilməsinə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamla icazə verilmişdir ki, həmin sərəncamın şərtlərinə uyğun torpaq sahəsində tikili inşa edilmişdir. Cavabdeh Mazasır bələdiyyəsinə qanunvericiliyin tələbinə uyğun olaraq 653.31 manat torpaq vergisini ödəmiş, bu barədə qəbzin surəti iddiaçıya yazılı qaydada təqdim edilmişdir. Tikiliyə dair əmlak vergisinə gəlincə isə, həmin tikilinin mülkiyyət hüququ tanınmadığından vergi qanunvericiliyinin tələbinə uyğun olaraq əmlak vergisinə cəlb edilə bilməz. Hətta bu barədə Cavabdeh Masazır Bələdiyyəsinə qarşı “yerli özünüidarəetmə orqanının hərəkətlərindən şikayət etmə” tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə də müraciət etmişdir. Hal-hazırda da həmin inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin icraatında olmaqla baxılır. Masazır bələdiyyəsinin Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə ünvanlandığı əmlak və torpaq vergisinin tutulması barədə qərarının icrasının dayandırıldığı və Cavabdeh Mazasır Bələdiyyəsinə qarşı iddia tələbi Sumqayıt İnzibati Məhkəməsində baxıldığı üçün Mazasır bələdiyyəsi də öz növbəsində Cavabdeh və digər cavabdehlərə qarşı əsassız iddia tələbi irəli sürməklə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 15.11.2016-cı il tarixli çıxarışa əsasən Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 07.12.2016-cı il tarixli, 247 saylı sərəncamına əsasən ona qeyd olunan ərazidə ticarət obyektinin layihələşdirilməsinə və tikintisinə icazə verilmişdir. Layihənin həyata keçirilməsi üçün zəruri olan bütün rəylər müvafiq dövlət orqanları tərəfindən alınmışdır. Qeyd etdiyi kimi, həmin torpaq sahəsinin Cavabdeh mülkiyyətinə verilməsi barədə çıxarış mövcud olduğu və torpaq sahəsinə dair torpaq vergisini ödədiyi halda, Mazasır bələdiyyəsi Cavabdeh qarşı əsassız iddia tələbinin hansı əsaslarla tələb etməsini qanunauyğun hesab etmir. İddiaçının Cavabdeh və digər cavabdehlərə qarşı qaldırmış olduğu iddia tələbini əsassız və qeyri-qanuni hesab edir. Belə ki, iddiaçının məhkəmədə Cavabdeh və digər cavabdehlərə qarşı irəli sürdüyü iddianın qanunauyğun olub-olmaması müəyyən edilməli, eləcə də iddiaçının cavabdehlərə qarşı subyektiv hüququnun olub-olmaması müəyyən edilməlidir. Bununla bağlı, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq isə iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə də əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı və yalnız onun belə bir hüquqa malik olduğu müəyyən edildikdən sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığına münasibət bildirilməlidir. İddia tələbini irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır. Bundan başqa, iddiaçının Cavabdeh, Abşeron rayon İcra Hakimiyyətinə, Bakı şəhəri 45 saylı Notariat Kontoruna qarşı “Abşeron rayon İcra Hakimiyyəti Başçısının 247 saylı, 07.12.2016-cı il tarixli sərəncamının, Bakı şəhəri 53 saylı Notariat kontoru tərəfindən verilmiş 7E-23855 saylı, 21.12.2017-ci il tarixli etibarnamənin ləğv edilməsi və qanunsuz inşa edilmiş 4715.80 kv.m 3 mərtəbəli ticarət obyektinin sökülməsi” tələbinə dair iddia ərizəsinə cavabdeh olan şəxslərin dairəsi düzgün göstərilməmiş, cavab verməli olmayan şəxsləri qeyd etməklə düzgün qeyd olunmamışdır. İddiaçının iddia tələbində tələbin nəyə yönəldiyi konkret hüquqi və fiziki şəxslərdən nəyin tələb olunmasını, burda İcra Hakimiyyətindən, Notariat Kontorundan nəyin tələb olunması konkret göstərilməli olduğu halda iddiaçı bunu etməmişdir. İddiaçı iddia ərizəsində həm maddi hüquq normalarının, həm də prosessual hüquq normalarının tələblərini pozaraq cavabdehlərin dairəsini düzgün göstərməməklə cavabdehlər Abşeron Rayon İcra Hakimiyyətinə, 45 saylı Notariat Kontoruna qarşı yönəldiyi tələbin nədən ibarət olmasını belə əsaslandırmamışdır. İddiaçının bir daha Cavabdeh və digər cavabdehlər olan Abşeron Rayon İcra Hakimiyyətinə, Bakı şəhəri 45 saylı Notariat Kontoruna yönəltdiyi tələb aydın deyildir. Göründüyü kimi, iddiaçının cavabdehlərə olan tələbi qeyri-müəyyəndir, iddiaçının Cavabdeh qarşı olan tələbi də subyektiv hüququ olmadan iddia edilməsi absurd olaraq qalmış, məhkəmə iddiaçının iddia tələbini araşdırmadan iddia ərizəsini icraata qəbul etmişdir. Beləliklə, iddiaçının cavabdehlərə qarşı olan əsassız tələbi ilə məhkəmə yükünü artırmağa, süründürməçiliyə şərait yaratmışdır. Qeyd etdiyi kimi, iddiaçının iddia ərizəsində göstərdikləri əsassız mülahizələrdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Abşeron rayonu Masazır Bələdiyyəsinə, cavabdehlər Abşeron Rayon İcra Hakimiyyətinə və Bakı şəhəri 45 saylı Notarial Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin iddia tələbinə dair münasibətini, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13-cü maddəsinin İİ bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 12.11.2016-cı il tarixli A109352 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu Masazır kəndində yerləşən 0.22 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas Abşeron rayonu notariusu G.İ.Məsimova tərəfindən təsdiq edilmiş 078 saylı şəhadətnamə, 02.11.2016-cı il tarixli 4Ə-933 nömrəli alqı-satqı müqaviləsi olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15.11.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Masazır kəndində yerləşən 0.22 ha torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 58 saylı reyestr kitabının 103 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********98 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının vətəndaş Cavabdeh Masazır kəndi ərazisində iki mərtəbəli ticarət obyektinin lahiyələndirilməsinə və tikintisinə icazə verilməsi barədə 07.12.2016-cı il tarixli 247 saylı sərəncamının surətindən görünür ki, vətəndaş Cavabdeh Masazır kəndi ərazisində yerləşən 0.22 ha torpaq sahəsində tikintialtı sahəsi 1898 kv.m, ümumi sahəsi 3701,6 kv.m olan iki mərtəbəli ticarət obyektinin lahiyələndirilməsinə və tikintisinə icazə verilməsi qərara alınmışdır. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının vətəndaş Cavabdeh Masazır kəndi ərazisində üç mərtəbəli ticarət obyektinin lahiyələndirilməsinə və tikintisinə icazə verilməsi barədə 07.12.2016-cı il tarixli 247 saylı sərəncamının surətindən görünür ki, vətəndaş Cavabdeh Masazır kəndi ərazisində yerləşən 0.22 ha torpaq sahəsində tikintialtı sahəsi 1534.5 kv.m, ümumi sahəsi 4715,80 kv.m olan üç mərtəbəli ticarət obyektinin lahiyələndirilməsinə və tikintisinə icazə verilməsi qərara alınmışdır. -21.12.2017-ci il tarixli 7E-23855 reyestr nömrəsi ilə qeydiyyata alınmış etibarnamənin surətindən görünür ki, Cavabdeh X4 Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 247 nömrəli 07.12.2016-ci il tarixli sərəncamına əsasən ona məxsus olan Masazır əndi ünvanında yerləşən 0.22 ha torpaq sahəsində tikintialtı 1534.5 kv.m, ümmi sahəsi 4715.8 kv.m 3 mərtəbəli ticarət obyektinə dair dövlət qrumlarında onun adından çıxış etməyi, özəlləşdirməyi, sənədləşdiməyi və digər səlahiyyətləri yerinə yetirməyi etibar etmişdir, etibarnamə 21.12.2027-ci il tarixinədək qüvvədədir. -11.09.2020-ci il tarixli ********* saylı ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh bələdiyyə torpaq vergisinə görə 653.31 manat ödəniş etmişdir. -Abşeron Rayon Masazır Bələdiyyəsinin pul tələblərinin ödənilməsi ilə bağlı inzibatiaktların məcburi icrası barədə vergi ödəyicisi Cavabdeh səlahiyyətli nümayəndəsi X2 məsələsinə dair Masazır bələdiyyəsinin ümumi iclasının 16.04.2020-ci il tarixli qərarından görünür ki, Abşeron rayonu Masazır kəndində 0,22 hektar torpaq sahəsi ilə bağlı 01 yanvar 2017-ci ildən 01 yanvar 2020-ci il üçün və 1534,5 kv.m tikili, ümumi sahəsi 4715.80 kv.m 3 mərtəbə ticarət obyekti isə 01 yanvar 2018-ci il tarixdən 01 yanvar 2020-ci il tarixədək yaranmış vergi öhdəliyi ilə bağlı vergi ödəyicisi Cavabdeh səlahiyyətli nümayəndəsi X1 əsas - 528 manat torpaq vergisi, 192,72 manat faiz borcu və əsas 2828 manat əmlak vergisi, 1032,22 manat faiz borcu olmaqla cəmi 3356 manat əsas (torpaq və əmlak vergisi) və 1224.94 manat faiz borcu tutulmalı, vergi ödəyicisinin torpaq, əmlak vergisini və faiz borcunu Masazır bələdiyyəsinin müvafiq hesabına ödəməsi qərara alınmışdır. -Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin 15.02.2021-ci il tarixli 389995/2021-14 saylı qərarından görünür ki, Abşeron rayonu Masazır Bələdiyyəsinin 01 nömrəli 16.04.2020-ci il tarixli icra sənədinə əsasən X1 4580.94 manat vergi tutularaq dövlət nəfinə ödənilməli, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar məlumat üçün Abşeron rayon Masazır Bələdiyyəsinə ünvanlanmışdır. -Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən vergi ödəyicisi Cavabdeh və X4 (etibarnamə ilə səlahiyyətli nümayəndə) ünvanlanmış 07.04.2021-ci il tarixli 01/05-01- 063/78 saylı məktubdan görünür ki, Bələdiyyə tərəfindən vergi ödəyicisi Cavabdeh 01.01.2017-ci il tarixdən 01.01.2020-ci il tarixədək olan torpaq vergisi 528 manat, əmlak vergisinə görə 2828 manat pul vəsaitinin 5 gün müddətində Masazır Bələdiyyəsinə məktuba əlavə edilmiş bank hesabına ödənilməsi xahiş olunmuşdur. -X3 Bakı şəhəri Xətai rayonu İcra və Probasiya şöbəsinə, surəti Abşeron rayonu Masazır Bələdiyyəsinə ünvanladığı 16.04.2021-ci il tarixli ərizədən görünür ki, M.İ.Mustafayev tərəfindən İcra haqqında Qanunun Abşeron rayon Masazır Bələdiyyəsinin ümumi iclasının 16.04.2020-ci il tarixli 1 nömrəli inzibati aktın geri qaytarılması xahiş olunmuşdur. -Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən vergi ödəyicisi Cavabdeh və X4 (etibarnamə ilə səlahiyyətli nümayəndə) ünvanlanmış 05.05.2021-ci il tarixli 73/94 saylı məktubdan görünür ki, Abşeron rayonu Masazır bələdiyyəsinin ümumi iclasının 16 aprel 2020-ci il tarixli, 1 saylı qərarın geriyə qaytarılmasına dair ərizəyə Masazır bələdiyyəsində baxılmışdır. Abşeron Rayon İcra Hakimiyyətinin 247 saylı 07 dekabr 2016-cı il tarixli sərəncamına əsasən, Sərəncamın birinci bəndində göstərilmişdir ki, Cavabdeh Masazır kəndi ərazisində yerləşən 0,22 ha torpaq sahəsində tikintialtı sahəsi 1898 kv.m, ümumi sahəsi 3701,6 kv.m olan iki mərtəbəli ticarət obyektinin layihələşdirilməsinə və tikintisinə icazə verilsin”. Lakin Cavabdeh tərəfindən həyata keçirilən tikinti sərəncamına normalarına uyğun inşa edilməmişdir. Yəni mülkiyyətdə olan torpaq sahəsi üzərində həyata keçirilmiş tikili tikintialtı 1534,5 kv.m, ümumi sahəsi 4715,80 kv.m olan 3 mərtəbə ticarət obyekti olaraq 2018-ci il tarixdən “Araz” market kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 7.0.4-cü maddəsinə əsasən şəhərsalma və tikinti fəaliyyətinin əsas prinsiplərindən olan şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi ilə həyata keçirilir. Sərəncamdan kənar həyata keçirilən tikinti ilə bağlı Cavabdeh Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin pozulmasına görə şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 6.0.4-cü maddəsinə əsasən bələdiyyə ərazilərində aparılan tikintilərə dair məlumat bazası yaratmaqla, həmin şəxsləri .Azərbaycan Respublikası Vergi Məcəlləsinin 197.1.1-ci və 200.1-ci maddəsinə əsasən əmlak vergisinə cəlb edirlər. Təqdim edilən sənədlərdən bəlli olur ki, tikinti işləri aparılarkən lazımi icazə olmadan 1014,2 kv.m əlavə sahə və eyni zamanda əlavə 3-cü mərtəbə inşa edilmişdir. Bu baxımdan həyata keçirilən 1534,5 kv.m, ümumi sahəsi 4715,80 kv.m tikintiyə dair müvafiq icazə sənədlərinin Masazır bələdiyyəsinə 3 gün müddətində təqdim edilməsi xahiş olunmuş, əks halda qanunvericilikdən çıxış edərək aidiyyəti olaraq məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, mübahisə predmeti olan Abşeron rayonu Masazır kəndində yerləşən 0.22 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 12.11.2016-cı il tarixdə A10352 saylı plan və ölçü təqdim edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15.11.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 58 saylı reyestr kitabının 103 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********98 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsinə dair Cavabdeh tərəfindən 11.09.2020-ci il tarixdə torpaq vergisi olaraq 653.31 manat Masazır Bələdiyyəsinin hesabına ödəniş edilmiş, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 07.12.2016-cı il tarixli 247 saylı sərəncamına əsasən Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən 0.22 ha torpaq sahəsində tikintialtı sahəsi 1898 kv.m, ümumi sahəsi 3701,6 kv.m olan iki mərtəbəli ticarət obyektinin lahiyələndirilməsinə və tikintisinə icazə verilmişdir. Həmçinin, həmin sərəncama əsasən 0.22 ha torpaq sahəsində tikintialtı sahəsi 1534.5 kv.m, ümumi sahəsi 4715,80 kv.m olan üç mərtəbəli ticarət obyektinin lahiyələndirilməsinə və tikintisinə icazə verilmişdir. Hazırda, iddiaçı Abşeron rayonu Masazır Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbində cavabdeh tərəfindən qeyd olunan torpaq sahəsindən əlavə 0.2 ha torpaq sahəsinin özbaşına tutulması, üzərində qanunsuz inşa edilmiş tikilinin cavabdehin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə mübahisənin həlli üçün ilkin olaraq torpaq sahəsinin iddiaçının mülkiyyətində olub-olmamasına, həmin sahənin həqiqətən də cavabdeh tərəfindən zəbt edilib-edilməməsinə hüquqi qiymət verməlidir. Belə ki, məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, mülki iş materiallarından göründüyü kimi, mübahisəli torpaq sahəsi cavabdehin xüsusi mülkiyyətinə verilməklə bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilmiş və həmin torpaq sahəsində ticarət obyektinin inşa edilməsinə və layihələndirilməsinə icazə verilməsi barədə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən sərəncam verilmişdir. İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən qeyd olunan torpaq sahəsinin Bələdiyyənin mülkiyyətinə təhvil verilməsini iddia etsə də, həmin torpaq sahəsinin həqiqətən də bələdiyyə mülkiyyətində olmasını təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş, cavabdehin adına qeydiyyata alınmış çıxarışdan isə həmin torpaq sahəsinin həqiqətən də bələdiyyə mülkiyyətində olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra mətndə Torpaq Məcəlləsi adlanacaq): 5-ci maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 49-cu maddəsinin İ hissəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 66-cı maddəsinin İİ hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronq və Lonnrotun İsveçə qarşı” qərarında və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Göründüyü kimi, iddiaçı Abşeron rayonu Masazır Bələdiyyəsi iddia ərizəsində cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını, həmçinin, cavabdeh tərəfindən əlavə olaraq 0.2 ha torpaq sahəsinin zəbt edilməklə üzərində qanunsuz tikili inşa etdiyini qeyd etsə də, həmin halları sübuta yetirə bilməmiş, iddiaçının nümayəndəsi sonuncu məhkəmə iclasında iştirak etməməklə, iddia tələbində irəli sürdüyü halları sübuta yetirəcək əsaslı sənədlərini məhkəməyə təqdim etməmişdir. Halbuki, sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbinə mahiyyəti üzrə hüquqi qiymət verilərkən iddia ərizəsinin ona tələb hüququna malik olan subyekt tərəfindən verilibverilmədiyini, bu tələbi irəli sürməyə subyektiv hüququnun olub-olmaması araşdırılmalıdır. Belə ki, iddia ərizəsindən də göründüyü kimi, mübahisəli torpaq sahəsinin Cavabdeh xüsusi mülkiyyətində olması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15.11.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışla, həmin torpaq sahəsində tikinti obyektinin inşa edilməsinə razılığın verilməsi isə Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 247 saylı, 07 dekabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq olunmuşdur ki, iddiaçı da öz növbəsində həmin mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş və qanunsuz olaraq tikildiyini iddia etdiyi obyektin cavabdehin öz hesabına sökülməsini tələb etmişdir. Mülki iş materiallarından da göründüyü kimi, torpağa mülkiyyət hüququnu, onun üzərində tikilinin inşa edilməsinə dair aidiyyəti qurumlar tərəfindən təsdiq olunmuş sənədlərin olması, cavabdehin isə həmin tikiliyə münasibətdə “gözlənilən mülkiyyət hüququ” olduğu halda iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, idida tələbində cavabdeh qismində qoyduğu Abşeron Rayon İcra Hakimiyyətinə və Bakı şəhəri 45 saylı Notarial Kontoruna münasibətə isə hansı tələblərinin irəli sürüldüyünü qeyd etməməklə iddia tələbini əsaslandırmamışdır. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 30.07.2008-ci il tarixli Qərarında qeyd edilir ki, ...˝ Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz...” Göründüyü kimi, Konstitusiya Məhkəməsi öz şərhində tərəfin subyektiv hüququnun olub-olmaması məsələsinin müəyyən edilməsini ən ümdə məsələ hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. İddia tələbindən də göründüyü kimi, torpaq sahəsi üzərində tikilinin inşa edilməsinə icazə verilməsinə dair sərəncam səlahiyyəti qurum – Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verildiyi halda həmin tikilinin qanunsuz olduğunu iddia edən Abşeron rayon Masazır Bələdiyyəsi tələb hüququ olmadığı halda həmin tikilinin sökülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, eyni zamanda, qeyd olunan tikilinin qanunsuz olmasına dair əsaslı sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə qeyd olunan halları ümumiləşdirib qeyd edir ki, iddia tələbində irəli sürülən hallar iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia ərizəsi təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən büdcə təşkilatları, bələdiyyələr məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. İnsan hüquqlarının və X7 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Abşeron rayonu Masazır Bələdiyyəsinin cavabdehlər Abşeron Rayon İcra Hakimiyyətinə, Cavabdeh və Bakı şəhəri 45 saylı Notarial Kontoruna qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin iddiaçının mülkiyyətinə təhvil verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar