Məhkəmə qərarları › İş №2(012)-479/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-479/2022

14.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-479/2022 14.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "aliment tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olmuş 26 dekabr 2020-ci il təvəllüdlü X1 üçün 08 iyun 2021-ci il tarixdən Cavabdeh hər ay aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında və uşaq üç yaşına çatana qədər hər ay 100 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, o, Cavabdeh ilə 06 dekabr 2019-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və onun cavabdehlə birgə nikahından 26 dekabr 2020-ci il təvəllüdlü X3 adlı bir azyaşlı övladı vardır. Lakin hal-hazırda rəsmi nikahı pozulmasa da, onların ailə münasibətləri tamamilə pozulmuş və bir ildən çox müddətdir ki, onlar ayrı yaşayırlar. Onların ər-arvad münasibətləri pozulduqdan və faktiki olaraq ayrıldıqdan sonra birgə nikahdan anadan olmuş 26 dekabr 2020-ci il təvəllüdlü X3 onun himayəsində yaşayır və o, uşağının bütün xərclərini təkbaşına çəkir. Cavabdeh isə uşağın saxlanması üçün ona maddi cəhətdən kömək etmir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV seriyalı 545562 №-li Doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, 26 dekabr 2020ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ seriyalı 331307 №-li Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah Gədəbəy rayon Qeydiyyat Şöbəsində 06 dekabr 2019-cu ildə bağlanmış və "Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 189 №-si ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən məhkəməyə ünvanlanmış 25 dekabr 2021-ci il tarixli, 3103 saylı cavab məktubundan görünür ki, Cavabdeh aylıq əmək haqqı 1104,15 manat təşkil edir. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında” 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, cavabdehin rəsmi iş yerinin və aylıq gəlirinin olması, habelə iddia tələbi nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh hər ay aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulmalıdır. Bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Bununla belə, məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı iddia tələbi Cavabdeh "uşaq 3 yaşına çatanadək onun xeyrinə hər ay 100 manat məbləğində alimentin tutulması” hissəsində qismən təmin edilərək, uşaq 3 yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə hər ay 50 manat məbləğində aliment tutulmalıdır. Belə ki, Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı aliment tələbinə dair iddia ərizəsini 07 oktyabr 2021-ci ildə məhkəməyə vermişdir. İddiaçı tələbində alimentin tutulmasının 08 iyun 2021-ci il tarixdən hesablanmasını xahiş etsə də, tələbini bu hissədə əsaslandırmamışdır. Ona görə də, məhkəmə Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələblərinə uyğun olaraq hesab edir ki, alimentin tutulmasının əvvəli 07 oktyabr 2021-ci il tarixdən hesablanmalı, beləliklə, iddia “alimentin 08 iyun 2021-ci il tarixdən hesablanması” hissəsində təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və iddia ərizəsi məhkəmənin icraatına daxil olduğu 07 oktyabr 2021-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə 26 dekabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında və 26 dekabr 2020-ci il təvəllüdlü X2 üç yaşına çatana qədər saxlanması üçün hər ay 50 manat məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 26 dekabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulsun. Cavabdeh İddiaçı xeyrinə 26 dekabr 2020-ci il təvəllüdlü X2 üç yaşına çatanadək saxlanması üçün hər ay 50 manat sabit pul məbləğində aliment tutulsun. Aliment tutulmasının əvvəli 07 oktyabr 2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar