Məhkəmə qərarları › İş №2(012)-4971/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4971/2021

17.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4971/2021 17.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ İ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron Rayonu 1 saylı Notariat Ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı “alqı-satqı müqavilələrinin ləğv edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun adından çıxış edən qardaşı X7 ilə Cavabdeh1 arasında Abşeron rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 10.02.2015-ci il tarixdə təsdiq olunmuş ƏMDK-nin yanında DƏDRX-nin Abşeron rayon 4 saylı Ərazi İdarəsi tərəfindən 08.10.2013-cü il tarixdə ona verilmiş **********03 nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan 0.14 ha ölçülü torpaq sahəsinə dair reystrdə 4Ə/472 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin və ƏMDK-nin yanında DƏDRX-nin Abşeron rayon 4 saylı Ərazi İdarəsi tərəfindən 31.01.2015-ci il tarixdə ona verilmiş **********5 nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan 0.30 ha ölçülü torpaq sahəsinə dair reystrdə 4Ə/471 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş 08.10.2013-cü və 13.01.2015-ci il tarixli dövlət reyestrindən Çıxarışlara əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0.14 ha və 0.30 ha ölçülü torpaq sahələrinin xüsusi mülkiyyətçisi olmuşdur. İddiaçının adından etibarnaməyə əsasən çıxış edən qardaşı X7 ilə Cavabdeh1 arasında 10.02.2015-ci il tarixdə Abşeron rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunmuş və reystrdə 4Ə/471 və 4Ə/472 nömrə ilə qeyd edilmiş həmin torpaq sahələrinə dair alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələr bağlanarkən Cavabdeh1 iddiaçının qardaşı X3 aldadaraq torpaq sahələrinin qiymətlərini vergidən yayınmaq adı ilə müqavilələrdə əvvəlcədən razılaşdırılmış qiymətlərdən dəfələrlə aşağı göstərmiş və nəticədə isə ümumiyyətlə pul ödəməmişdir. Tərəflər əvvəlcədən 0.14 ha ölçülü torpaq sahəsini 80000 manat, 0.30 ha ölçülü torpaq sahəsini isə 235000 manat dəyərində qiymətləndirsələr də, nəticədə cavabdeh iddiaçının qardaşını aldatmış və ümumiyyətlə pul ödəməmişdir. Alqı-satqı üçün notariat kontoruna gəldikdə cavabdeh az vergi tutulsun deyə müqavilələrdə torpaqların qiymətlərini 0.14 ha ölçülü torpağa görə 5400 manat, 0.30 ha ölçülü torpağa görə isə 20000 manat göstərilməsini təklif etmişdir. 0.14 ha ölçülü qiymətini elə təyin etmişdir ki, ona görə ümumiyyətlə banka pul qoymaq tələb olunmasın. Hesablaşmaq vaxtı gəldikdə isə cavabdeh notariusun hesabına qoyduğu 20000 manatı da götürməklə üç gündən sonra razılaşdırılmış qiymətdə pulun hamısını nağd şəkildə iddiaçının qardaşının özünə verəcəyini söz vermişdir. Bundan sonra cavabdeh bütün vasitələrlə həmin pulları iddiaçının qardaşına verməkdən boyun qaçırmağa başlamış, cavabdeh telefon zənglərinə cavab verməmiş, gah pulu olmadığı səbəbindən əvəzində mənzillər verəcəyini vəd etmişdir. Sonradan iddiaçının qardaşı Rusiya Federasiyasının vətəndaşı olduğundan ora getməli olmuş və mübahisə həmin-qaydada qalmışdır. Daha sonra isə iddiaçının qardaşı qayıtdıqda cavabden tərəfindən torpaqların qapı ilə bağlandığını görmüşdür. Cavabdeh bütün bunlara baxmayaraq bağlanmış alqı-satqı müqavilələrinin ləğv olunması üçün notariat kontoruna getmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə etiraz edərək məhkəmənin diqqətinə çatdırır ki, iddiaçı həmin iddia tələbi ilə bu ilin avqust ayında çıxış etməklə iddia müddətini ötürməmişdir. Belə ki, Cavabdeh1 iddiaçını uzun müddət aldadaraq verməli olduğu pulların əvəzində ona həm yeni tikilmiş binalarda mənzillər, həm də pul verəcəyini söz vermişdir. Nəhayət iki ildən artıq müddətdən sonra onu ümumiyyətlə tapmaq mümkün olmadığı, onun bütün bu müddət ərzində pul vermək fikri olmadığı aydın olduqda iddiaçının qardaşı Nağıyev Əfqan cavabdehin cinayət məsuliyyətinə cəlb olunması üçün müxtəlif hüquq mühafizə orqanlarına ərizə ilə müraciətlər etməyə başlamışdır. Həmin ərizə əlavə etdiyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 29.12.2017-ci il tarixli məktubundan, Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin 19.07.2017-ci il tarixli Qərarından, Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin 15.12.2020-ci il tarixli məktubundan, Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin 17.01.2021-ci il tarixli Qərarından görünür ki, iddiaçı və onun qardaşı Nağıyev Əfqan pozulmuş hüquqularının bərpası istiqamətində müxtəlif orqanlara müraciətlər ediblər. Birinci dəfə 2017-ci ildə şikayət edilənə qədər cavabdeh iddiaçının və onun qardaşını torpaqlara görə razılaşdırdıqları pulları tez zamanda verəcəyinə inandırmışdır. Bu səbəbdən də onlar hüquqularının pozulmasını 2017-ci ildə bilmiş və buna dair şikayətlər etməyə başlamışdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1 -ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair tələblərə tətbiq edilən iddia müddətinin axımının başlanmasını subyektiv hüququn pozulması ilə əlaqələndirmişdir. Bu səbəbdən də iddia müddətinin axımının başlanması şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirilmişdir.Beləliklə, iddia müddətini müəyyən edən normaların tətbiqi zamanı Mülki Məcəllədə nəzərdə tutulmuş qaydaların rəhbər tutulduğunu nəzərə alaraq belə nəticəyə gəlinir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron rayonu 1 saylı notariat kontoruna qarşı alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia müddətinin axımı mübahisələndirilən müqavilələrin bağlandığı andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi gündən hesablanmalıdır. Eyni zaman, iddiaçının hüquqlarının pozulmasını bildiyi vaxtdan, yəni 2017- ci il tarixdən hüquq mühafizə orqanlarına şikayət ərizələri ünvanlamağa başladığı vaxt iddia tələbi irəli sürməsi kimi qiymətləndirilməlidir.Qeyd etdiklərimi nəzərə alaraq, Cavabdeh1 iddia müddətinin tətbiqinə dair xahişinin rədd edilməsinə, İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron rayonu 1 saylı notariat kontoruna qarşı «alğı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair» iddia ərizəsinin tam təmin edilməsinə dair müvafiq qətnamə çıxarmağınızı məhkəmədən xahiş edir. Cavabdeh1 Bakı İstintaq Təcridxanasında olduğundan məhkəmə tərəfindən sənədlər rəsmi qaydada istintaq təcridxanasına göndərilərək, iddia ilə bağlı etiraz və ya mülahizəsinin Abşeron rayon məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Cavabdeh iddiaya münasibət bildirilərək ərizə ünvanlamış və ərizədə bildirmişdir ki, İddiaçı məhkəmədə ona qarşı alqı-satqı müqaviləsinin ləğvi barədə iddia qaldırmışdır. O həmin iddia tələbini qəbul etmir və bildirmək istəyir ki, 10.02.2015-ci ildə Abşeron rayon 1 saylı DNK-da onunla iddiaçı arasında Abşeron rayonu Masazır qəsəbəsində yerləşən, sahələri 0,14 ha və 0,30 ha olan torpaq sahələrinə dair alqı-satqı müqavilələri bağlanmış və o, alıcı qismində çıxış edərək üzərinə düşən öhdəliyi yerinə yetirmiş, həmin torpaq sahələrinin razılaşdırılmış dəyərini ödəməklə müqavilə bağlamış və sonradan hər iki torpaq sahəsi üzərində onun mülkiyyət hüquqları AR DƏDRX 4 saylı ərazi idarəsində qeydə alınmaqla adına çıxarışlar verilmişdir. İddiaçı torpaq sahələrini ona təhvil vermiş və artıq 6 ildən çoxdur ki, torpaq sahələri onun faktiki istifadə və mülkiyyətindədir. İddiaçı 6 ildən artıq müddət keçdikdən sonra ona qarşı əsassız dəlillər irəli sürməklə hazırki iddianı qaldırmışdır. İddiaçının irəli sürdüyü dəlillərdən biri odur ki, guya o bu torpaq sahələrini müqavilədə qeyd olunan məbləğlərdə deyil, 0,14 ha torpaq sahəsini 80000 manata, 0,30 ha torpaq sahəsini isə 235000 manata satmağa razılaşmış, lakin vergi məbləğinin az olması üçün guya müqavilədə aşağı məbləğ göstərilməsini istəmişdir. Bütün bunlar yalandır, belə ki, alqı-satqı müqaviləsi bağlanan zaman həmin vergi məbləği alıcı tərəfindən deyil, satıcı tərəfindən ödənilir və onun öz marağı baxımından bunu etməyi məntiqsizdir. Bundan başqa alqı-satqı müqaviləsi 2015-ci il fevral ayının 10-da bağlanmış, lakin qarşı tərəf 6 il 6 aydan sonra, yəni 2021-ci ilin avqust ayında hazırki iddianı qaldırmışdır. Bu hal isə ona dəlalət edir ki, iddia tələbi iddia müddəti ötürülməklə verilmişdir. AR MM-nin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. AR MM-nin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. AR MM-nin 375ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə hesab edir ki, iddiaçı iddia tələbini iddia müddətini ötürməklə qaldırmışdır və bu da iddia tələbinin rədd edilməsi barədə qərarın çıxarılması üçün əsasdır. Qeyd olunanları nəzərə almaqla iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X4 ifadəsində bildirdi ki, İddiaçı ilə 2014-cü il tarixdə, iddiaçının qardaşı Nağıyev Əfqan ilə isə 2012-ci ildən tanışdır. Belə ki, Nağıyev Əfqan qardaşına məxsus ünvan 1i ünvanında yerləşən torpaq sahələrini Cavabdeh1 alqı-satqı müqaviləsi ilə satmışdır. Belə ki, tərəflər arasında olan razılaşmaya əsasən, 30 sot torpaq sahəsinə 23500 manat və 14 sot torpaq sahəsi üçün isə 80000 manat ödəniş edilməli idi. Notariusda alqı-satqı zamanı Elşad hər iki torpaq sahəsinə 30000 manat notariusun depozit hesabına ödəyərək, qalan məbləği isə 3 gün ərzində iddiaçıya verəcəyini bildirmişdir. Lakin daha sonra X12 Əfqanın və onun telefon zənglərinə cavab verməyərək, Nağıyev Əfqana borclu olduğu pulu ödəməkdən yayınmışdır. Alqı-satqıdan bir ay sonra, təxminən 2015-ci ilin mart ayında Nağıyev Əfqan işləri ilə əlaqədar Rusiya Federasiyasına getmiş və pulu Nağıyev Elşaddan almağı ona tapşırmışdır. O, Haqverdiyev Süleyman vasitəsilə Cavabdeh1 pulu tələb etmişdir. Nağıyev Elşad ilə cəmi bir dəfə Qurtuluş 93 MTK-nın qabağında görüşən zaman qısa müddət ərzində pulu ödəyəcəyini bildirsə də, indiyədək ödəniş etməmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X9 ifadəsində bildirdi ki, iddiaçı ilə 2001-ci il tarixdən tanışdır. Əfqanın banka borcu olduğu və krediti bağlamaq üçün Masazır kəndi ərazisində yerləşən torpaq sahələrini satmaq istəmişdir. Bir müddət sonra Əfqan sənəd ilə qardaşı Qafura məxsus torpağa alıcı tapdığını bildirmiş və uzun müddət Rusiya Federasiyasında yaşadığı üçün onun da alqı-satqı zamanı notariusda iştirak etməyini xahiş etmişdir. Alqı-satqı zamanı notariusda o, Cavabdeh1, İddiaçı və Ələsgərov Əliheydər iştirak etmişdir. Belə ki, Elşad 30 sot torpaq sahəsinə 23500 manat və 14 sot torpaq sahəsinə görə isə 80000 manat ödəniş etməli idi. Lakin notariusda depozitə heç bir məbləğ köçürülməmiş və Əfqana əlbəəl pul verilməmişdir. Elşad 3 gün ərzində Nağıyev Əfqana bütün məbləği nağd ödənilməli idi. Əfqana əlbəəl pul verilməmişdir. O, Nağıyev Əfqan ilə qonşu olduğu üçün Elşadın pulu ödəmədiyini bildirmişdir. Alqı-satqıdan sonra Əfqan Rusiyada yaşadığı və işləri orada olduğu üçün Rusiya Federasiyasına getmişdir. Əfqan pulun alınmasını isə Əliheydərə və ona tapşırmışdır. Lakin Elşad pulu ödəməkdən qərəzli olaraq yayınmışdır. Bununla bağlı 2017-ci il tarixdə Abşeron Rayon Polis İdarəsinə müraciət olunsa da, cinayət işinin açılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X7 ifadəsində bildirdi ki, onun Nikoyl banka kredit borcu olmuş və borcu bağlamaq üçün Masazır kəndi ərazisində yerləşən torpaq sahələrini satmaq fikrində olmuşdur. Bankın işçisi olan Süleyman dostunun tikinti şirkəti olduğunu və razılaşdığı halda torpağı Süleymana sata biləcəyini bildirmişdir. Belə ki, Cavabdeh1 ilə 30 sot torpağa görə 23500 manat və 14 sot torpağa görə isə 80000 manat razılaşmışlar. Alqı-satqı zamanı notariusda o, Ağayev Telman, Ələsgərov Əliheydər və Cavabdeh1 iştirak etmişdir. Elşadı birinci dəfə notariusda görmüşdür. Müqavilə imzalanan zaman Elşad kameraya 20000 manat məbləğində pul dəstəsini göstərək, adıçəkilən vəsaiti notariusun depozit hesabına qoymuşdur. Alqı-satqıdan sonra ona ümumiyyətlə pul ödənilməmişdir. Elşad ona bundan sonra 3 günə bütün məbləği ödəyəcəyini bildirmişdir. O, uzun illər Rusiya Federasiyasında yaşadığı və qanunvericiliyi bilmədiyi üçün aldadılmışdır. Ona nə vəd edilən məbləğ nə də ki, torpağı verilmişdir. Elşad pulu ödəmədiyi üçün alqı-satqıdan 2 ay sonra Rusiyaya qayıtmışdır. 2017-ci ildə Bakıya gələn zaman Elşadın hərəkətlərin polisə şikayət versə də, cinayət işinin açılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh ünvan 2 ünvanlayaraq, məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 10.02.2015-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı nümayəndəsi X1 rayonu, Masazır kəndində yerləşən 0.30 ha torpaq sahəsini alıcı Cavabdeh1 satmağı, alıcı isə satıcıya 20000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 10.02.2015-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı nümayəndəsi X1 rayonu, Masazır kəndində yerləşən 0.14 ha torpaq sahəsini alıcı Cavabdeh1 satmağı, alıcı isə satıcıya 5400 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, tərəflər arasında 10.02.2015-ci il tarixli, AN-İ № ******* saylı və 10.02.2015-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqavilələri bağlanmış, həmin müqavilələr tərəflərin sərbəst seçimi olaraq azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlmiş, yəni sözügedən müqavilələr tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri ilə müəyyən edilmiş və məhkəməyə bu halları təkzib edəcək hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdeh1 isə məhkəməyə ərizə ünvanlayaraq İddiaçı ona qarşı alqı-satqı müqavilələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi əsasında olan mülki iş üzrə iddia müddətini tətbiq edərək müddətin ötürülməsi səbəbindən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələblərinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinin tələblərinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinin tələblərinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, tərflər arasında bağlanmış müqavilələrdən altı ildən çox bir müddət keçdikdən sonra İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməklə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini buraxmış və bu fakt da AR MM-in 375.2-ci maddəsinin tələbinə görə məhkəməyə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini inperativ norma kimi müəyyən etmişdir. Məhkəmə həmçinin İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia müddətinin tətbiqi barədə cavabdehin əizəsinə verdiyi etiraz ilə də razılaşmır və hesab edir ki, etirazda göstərilənlər faktiki hallarla uyğunluq təşkil etmir.Belə ki, həm iddiaçının iddia ərizəsində,həm iddiaçının nümayəndəsinin izahatında,həm də iddiaçı tərəfindən təqdim olunmuş şahidlərin məhkəmədə verdikləri ifadələrində göstərilmişdir ki,müqavilənin bağlanmasından üç gündən sonra razılaşdırılmış qiymətdə pulun hamısının nağd şəkildə ödənilməsinə söz verilmiş, bu hal isə üç gün ərzində pulun ödənilmədiyi halda iddiaçının hüququnun pozulmasını bildiyi, bilməli olduğu və iddia müddətinin axımının başlanması anlamına dəlalət edir. Bundan başqa məhkəmə iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi nəticəsinə gəldiyindən iddianın sübutlar nöqteyi-nəzərindən mahiyyəti üzrə qiymətləndirilməsinə zərurət hesab etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə iddia tələbinin rədd edilməsi nəticəsinə gəldiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 manat dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron Rayonu 1 saylı Notariat Ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı onun adından çıxış edən qardaşı X7 ilə Cavabdeh1 arasında Abşeron rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 10.02.2015-ci il tarixdə təsdiq olunmuş ƏMDK-nin yanında DƏDRX-nin Abşeron rayon 4 saylı Ərazi İdarəsi tərəfindən 08.10.2013-cü il tarixdə ona verilmiş **********03 nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan 0.14 ha ölçülü torpaq sahəsinə dair reystrdə 4Ə/472 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin və ƏMDK-nin yanında DƏDRX-nin Abşeron rayon 4 saylı Ərazi İdarəsi tərəfindən 31.01.2015-ci il tarixdə ona verilmiş **********5 nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan 0.30 ha ölçülü torpaq sahəsinə dair reystrdə 4Ə/471 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar