Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5006/2021 28.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı Məmmədova Pərvanənin (İddiaçı), Cavabdeh iştirakı ilə, İddiaçı Məmmədova Pərvanənin (İddiaçı) Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Məmmədova Pərvanə (İddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından dünyaya gəlmiş 05.04.2012-ci il təvəllüdlü X1 və 08.01.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Məmmədova Pərvanə (İddiaçı) məhkəmə iclasında izahatında bildirdi ki, o, cavabdeh ilə 19.03.2013-cü il tarixdə rəsmi dövlət nikahından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahdan 05.04.2012-ci il təvəllüdlü X3 və 08.01.2017-ci il təvəllüdlü X5 adlı iki övladları dünyaya gəlmişdir. Nikahlarının ilk vaxtlarında münasibətləri normal olsa da, cavabdehlə bir neçə müddətdir ki, ayrı yaşayırlar. Hesab edir ki, ata da bir valideyn kimi övladlarına maddi yardım etməli idi, cavabdeh uşaqlara görə ona heç bir maddi yardım göstərmir. O, cavabdehdən dəfələrlə ona uşaq üçün maddi yardım göstərməsini xahiş etmişdir. Lakin bu xahişi nəticəsiz qalmışdır. Bundan əlavə AR MPM-nin 149.2.4-cü maddəsinə əsasən, “Mediasiya haqqında" AR Qanununa uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakları məcburi olduğundan ilkin olaraq Sumqayıt şəhəri Mediasiya Mərkəzi və Mərkəzin mediatoru X2 mediasiya sessiyasında iştirak etmişlər. Lakin mediatorun vasitəçiliyi ilə cavabdehlə aralarında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasən, məhkəmədənkənar həlli ilə bağlı qanunla müəyyən olunan prosesi davam etdirmək barədə razılığa gələ bilməmişlər. Həmçinin qanunda nəzərdə tutulmuş məcburi mediasiya üçün 50 manat mbləğində mediasiya xərci ikisi tərəfindən (25+25) ödənilmişdir. Bunun nəticəsi olaraq Sumqayıt şəhəri Mediasiya Mərkəzi və Mərkəzin mediatoru X2 2021-001000 № li, 16.08.2021-ci il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, iddia ərizəsində hər uşağa görə hər ay 175 manat olmaqla, 350 manat aliment tələb etsə də, cavabdehin maddi durumunun aşağı olmasını nəzərə alaraq məhkəmə tərəfindən hər uşağa görə hər ay 125 manat olmaqla, 250 manat alimentin tutulmasına razıdır. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı ilə nikahları pozulmamışdır, lakin 1 ildir ki, ayrı yaşayırlar. O, orduda işləyir və 1 aydır ki, tərxis olunmuşdur. Onun banka da borcu vardır. Bu səbəbdən hər uşağa görə 175 manat aliment ödəməyə imkanı yoxdur. Hazırda maddi durumu aşağı olduğundan hər ay hər uşağa görə 125 manat olmaqla, 250 manat məbləğində aliment ödəyə bilər. İş materiallarında olan Sumqayıt “ASAN Xidmət” X8 tərəfindən qeydə alınmış AZ-İ № 887846 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh və Məmmədova Pərvanə (İddiaçı) 19 avqust 2013-cü il il tarixində nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 361 № ilə qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt “ASAN Xidmət” X8 tərəfindən verilmiş AZ-İİİ № 159951 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X3 05.04.2012-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə Məmmədova Pərvanədir (İddiaçı). İş materiallarında olan Sumqayıt “ASAN Xidmət” X8 tərəfindən verilmiş AZ-İİİ № 890927 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 08.01.2017-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə Məmmədova Pərvanədir (İddiaçı). Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmədə aydın oldu ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuş, həmin nikahdan iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən göstərilir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bundan başqa nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq cavabdehin maddi vəziyyəti aşağı olmasını nəzərə alaraq məhkəmə tərəfindən hər uşaq üçün 125 manat aliment təyin edilərsə, buna razı olacağı barədə iddiaçının mövqeyini və bundan əlavə uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsi nəzərə alınmaqla cavabdehdən tutulacaq aliment sabit pul məbləğində müəyyən edilməli və alimentin miqdarı ilə bağlı məhkəmə hər uşağa görə 125 manat həddində müəyyən edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, aliment 20.08.2021-ci ildən tutulmalıdır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə Məmmədova Pərvanə (İddiaçı) dövlət rusumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2ci maddəsinə əsasən 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-i maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 20.08.2021-ci il tarixdən başlayaraq 05.04.2012-ci il təvəllüdlü X3 və 08.01.2017ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Məmmədova Pərvanəyə (İddiaçı) ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamənin aliment hissəsi dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-5006/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5006/2021
28.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver