Məhkəmə qərarları › İş №2(012)-5013/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5013/2025

25.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5013/2025 25.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 246 manat sabit pul məbləğində alimentin, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2025-ci il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi, alimentin tutulmasının, ərizəsinin məhkəməyə daxil olduğu gündən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, onunla Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə 2 saylı Sumqayıt ‘’ASAN” Xidmət X4 tərəfindən nikahları qeydə alınmışdır. Birgə nikahlarından bir övladları xx.xx.2025-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Cavabdeh, birgə nikahlarından dünyaya gəlmiş övladları xx.xx.2025-ci il təvəllüdlü X1 üçün heç bir maddi köməklik göstərmir. Övladının maddi ehtiyaclarını tək başına qarşılamaqda çətinlik çəkir. Cavabdeh övladları və ona biganə, laqeyd yanaşır, ümumiyyətlə maraqlanmır, çarəsiz qalmışdır. Övladı azyaşlı olduğu üçün uşağı evdə tək başına qoyub işləyə bilmir. Onun heç bir yerdən gəliri, qazancı yoxdur. Övladı böyüdükcə tələbatları da artır. Onun xərclərini qarşılamaqda çətinlik çəkir. Cavabdeh bir ata olaraq, üzərinə düşən öhdəliyi yerinə yetirmir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, tərəflərin münasibətləri uşaq doğulmazdan əvvəl pozulmuşdur. Cavabdeh psixi fəaliyyəti ilə əlaqədar olaraq hazırda Rusiya Federasiyasında müalicə alır. Bundan əlavə o, iddia tələbinin uşağın 3 yaşına çatanadək saxlanılması üçün 150 manat məbləğində alimentin tutulmasına etiraz edir. Bundan əlavə işləyən uşaqlı analara 46 manat məbləğində müavinət verilir. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən proses iştirakçılarını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -2 saylı Sumqayıt «ASAN Xİdmət» X4 tərəfindən verilmiş AZ-İİİ 638099 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixli, 1149 nömrəli rəsmi nikah bağlanmışdır. -2 saylı Sumqayıt «ASAN Xİdmət» X4 tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Cavabdeh rəsmi iş yerinin olmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu”na əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 №-li Qərarının “8.4-1. Bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə Ali Məhkəmənin hüquqi mövqeyinə əsaslanaraq və cavabdehin rəsmi iş yerinə dair məlumatları nəzərə alaraq, hesab edir ki, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (246:400m.ə.h =m.ə.h 0,61 misli) 0,61 misli məbləğində aliment tutulmalıdır. Bundan əlavə məhkəmə cavabdehin aylıq gəlirini və uşağın qanunla qorunan mənafelərini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli və xx.xx.2025-ci il təvəllüdlü X2 üç yaşına çatanadək saxlanılması üçün əlavə olaraq hər ay sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,12 (50:400m.ə.h=m.ə.h0,12 misli) misli məbləğində aliment tutulmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən hesab edir ki, aliment iddiaçının məhkəməyə aliment tələbi ilə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin qeyd olunan maddəsinin göstərişinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Mülki Prosessual Məcəllənin;

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq (246 manat x 1 uşaq= 246 x 12 =2952 manat) ödənilməli olan 49,52 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 2549, 030-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli məbləğində və xx.xx.2025-ci il təvəllüdlü X2 üç yaşına çatanadək saxlanılması üçün əlavə olaraq hər ay sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,12 misli məbləğində aliment tutulsun. Aliment dərhal icra olunsun. Cavabdeh dövlət rüsumuna görə 49,52 (qırx doqquz manat əlli iki qəpik) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar