Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-503/2023 16.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı MTK-nın nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı müqavilənin ləğvi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması tələbi barədə mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh qarşı müqavilənin ləğvi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı payçı müqaviləsinin ləğv edilməsi, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11 ünvanındakı 9-cu bina, 142 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı MTK-ya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK ilə Cavabdeh arasında 02 sentyabr 2015-ci il tarixdə ********* saylı payçı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh ünvan 1 ünvanında sahəsi 28,8 kv.metr olan 1 otaqlı mənzil satılmışdır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-cı il tarixli təminatlı kredit müqaviləsinə əsasən bank Cavabdeh 22592 manat məbləğində kredit vermişdir. Mübahisə predmeti olan həmin mənzilə kredit ayrılsa da, cavabdehə satılan mənzil dövlət reyestrində qeydə alınmadığına görə həmin mənzilə dair onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməmiş və buna görə də mənzil ipoteka ilə yüklü edilməmişdir. Həmin kredit müqavilənin 7.3-cü bəndinə əssasən Cavabdeh aldığı kredit vəsaitini 121 ay ərzində bərabər hissələrlə kredit üzrə faizləri hər ayın 22-i tarixindən gec olmayaraq ödəməli idi. Cavabdehin kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə əsas və faiz borcu 1810 manat təşkil edir və bununla da müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. İddiaçı MTK ilə "xxxx" ASC arasında birgə fəaliyyət haqqında saziş vardır və həmin öhdəliyə uyğun olaraq MTK-nın daşınmaz əmlakları və əmanəti girovdadır. Bundan başqa, bankın cavabdehin aldığı mənzilə görə verdiyi kredit məbləği də həmin bankın depozit hesabında saxlanılmaqla girovdadır. "xxxx" ASC ilə İddiaçı MTK arasında bağlanmış müqaviləyə əsasən borcalan bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləği MTK-nın "xxxx" ASC-də yerləşdirilmiş əmanətinə yönəldirilmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə borclarını ödəməmiş, bununla da müqavilə şərtlərini və Mülki Məcəllənin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. İddiaçı və cavabdeh arasında bağlanılmış payçı, təminatlı kredit və zaminlik müqavilələrinin şərtlərinə əsasən, əgər payçı təminatlı kredit müqaviləsi və payçı müqaviləsi əsasında əldə etdiyi mənzilə görə bank və MTK qarşısında götürdüyü öhdəlikləri icra etməzsə, bu halda payçı müqaviləsi, eləcə də təminatlı kredit və zaminlik müqavilələri ləğv edilir, payçı MTK-dan aldığı mənzili geri qaytarır, MTK isə payçının bankdan aldığı kredit məbləğinin qaytarılmayan hissəsini onun əvəzində banka, payçının müqavilə əsasında MTK-ya ödədiyi ilkin ödənişi və ödəniş cədvəli üzrə banka ödədiyi Kreditin əsas məbləğini (bank xərcləri, faiz, borc və digər xərclər çıxıldıqdan sonra) müqavilənin 8.1-ci bəndinin şərtlərinə əsasən borcluya qaytarır. Kredit və payçı müqavilələrinin müvafiq bəndlərinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə bank öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Kredit müqaviləsinin 13.9-cu bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndinə əsasən nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borc verən borc alandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən İddiaçı MTK və Cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan mübahisəli mənzilin boşaldılmasını tələb edir. Borc alan isə qeyri-şərtsiz olaraq həmin sahəni boşaldır. İddiaçı MTK zamin olaraq öz növbəsində payçı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh məxsus olan ünvan 1 ünvanında sahəsi 28,8 kv.metr olan 1 otaqlı mənzili öz sahibliyinə keçirərək "xxxx" ASC qarşısında borcu bağlamaq hüququna malikdir. İddiaçı MTK Cavabdeh dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, o, ödəmək qabiliyyətində olmadığını bildirmişdir. Həmçinin "xxxx" ASC tərəfindən cavabdehə dəfələrlə rəsmi bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh könüllü olaraq mənzilin boşaldılaraq təhvil verilməsindən imtina etmişdir. Bununla da cavabdeh müqavilə üzrə olan öhdəlik tələblərini yerinə yetirməmişdir. Cavabdeh ünvan 2 ünvanında sahəsi 28,8 kv.metr olan 1 otaqlı mənzildə yaşayır. Məhz bu səbəbdən mənzil boşaldılmalıdır. Göründüyü kimi, tərəflər arasında bağlanılmış zaminlik müqaviləsinə əsasən payçı bankdan aldığı kredit üzrə borc öhdəliklərini icra etmədikdə, həmin öhdəliklər zamin tərəfindən icra edilməlidir. Bu halda MTK maddi çətinliklərlə üzləşir və nəticədə ciddi zərərə uğrayır. Buna görə də tərəflər arasında bağlanılmış payçı müqaviləsinin ləğvi barədə məhkəmədə iddia qaldırmaq zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı MTK-nın nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, gecikdirilmiş borcdan bir sıra ödəmələr etsə də, cüzi borcu qalmışdır, onu da ödəyəcəkdir. Cavabdeh iddianı qəbul etmədi və onun təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarından olan xx.xx.2015-ci il tarixli ********* saylı payçı müqaviləsindən görünür ki, İddiaçı MTK Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11 ünvanında tikilməkdə olan bina 9, mənzil 142 ünvanında sahəsi 28,8 kv.metr olan 1 otaqlı mənzili tikib və payçı Cavabdeh verməyi öhdəsinə götürür. Müqavilənin ümumi dəyəri 27459 (mənzilin dəyərinin 10 faizi miqdarında ilkin ödəniş ödənildikdən sonra) manat təşkil edir. Payçı ilkin ödəniş etmədən, 23780 manat pulu İddiaçı MTK, Cavabdeh və "xxxx" ASC arasında bağlanacaq olan üçtərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öhdəsinə götürür. Mülki işin materiallarından olan xx.xx.2018-ci il tarixli 1-xx-xx-2018-AF-X1 saylı təminatlı kredit müqaviləsindən müəyyən edilir ki, borcverən "xxxx" ASC borcalan Cavabdeh onunla İddiaçı MTK arasında imzalanmış xx.xx.2015-ci il tarixli ********* saylı müqavilənin predmeti olan mənzilin alınması üçün 23780 manat məbləğində kreditin verilməsini öhdəsinə götürür. Borcalan isə ona verilən krediti 153 ay müddətinə illik 10 % olmaqla, hər ay 275,60 manat (sonuncu ay 358,38 manat) şəklində borcverənə ödəməyi öhdəsinə götürür. Mülki işin materiallarından olan xx.xx.2018-ci il tarixli 1-xx-xx-2018-AF-X1 saylı zaminlik müqaviləsindən müəyyən edilir ki, kreditor "xxxx" ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1-xx-xx-2018-AF-X1 saylı kredit müqaviləsinə əsasən 23780 manat məbləğində 153 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin İddiaçı MTK borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pulu vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları vəs. hesabına ödənilməsini öhdəsinə götürür. Borclu qeyd edilən kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. Mülki işin materiallarından olan xx.xx.2022-ci il tarixli mənzil kreditinə tutmanın yönəldilməsi haqqında bildirişdən müəyyən edilir ki, banka olan ödəniş cədvəli üzrə 1810 manat məbləğində borcu ödəmədiyi təqdirdə, "xxxx" ASC-nin borcu tələb etməklə zaminlik müqaviləsinə əsasən zamin İddiaçı MTK-ya müraciət edərək, o isə öz növbəsinə alqı-satqı müqaviləsinə əsasən kreditin təminatı kimi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11 ünvanında tikilməkdə olan bina 9, mənzil 142 ünvanında sahəsi 28,8 kv.metr olan 1 otaqlı mənzili öz sahibliyinə keçirərək "xxxx" ASC qarşısında borcu bağlamaq hüququna malik olması barədə Cavabdeh məlumatlandırılmışdır. İşdə olan "xxxx" ASC-nin İddiaçı MTK-ya göndərdiyi xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2018-ci il tarixli 1-xx-xx-2018-AF-X1 saylı kredit müqaviləsindən Cavabdeh verilmiş kreditin təminatı olaraq "xxxx" ASC ilə İddiaçı MTK arasında bağlanmış zaminlik müqaviləsi əsas tutularaq borc alanın bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc 21417,22 manat MTK-nın bankdakı əmanətinə yönləndiriləcəkdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı MTK və Cavabdeh arasında bağlanan payçı müqaviləsinə görə sonuncuya müqavilədə sözügedən mənzil satılmışdır. "xxxx" ASC və Cavabdeh arasında bağlanan kredit müqaviləsinə görə isə həmin mənzilin alınması üçün sonuncuya 23780 manat məbləğində kredit verilmişdir. Tərəflərin üçü arasında imzalanan zaminlik müqaviləsinə görə isə İddiaçı MTK Cavabdeh "xxxx" ASC qarşısında olan kredit öhdəliyinin icrası üçün bütün məsuliyyəti üzərinə götürmüşdür. Cavabdeh kredit müqaviləsinin tələblərini pozaraq ödənişləri ödəməkdən yayındığı üçün bank İddiaçı MTK-ya müraciət etmişdir. MTK isə sözügedən mənzili sahibliyinə keçirərək bank qarşısında borcunu bağlamağı qərara almışdır. Bu səbəbdən iddiaçı hazırda payçı müqaviləsinin ləğv edilməsi, habelə mübahisəli mənzilin boşaldılması və həmin mənzilin MTK-ya qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi tələb edə bilər. xx.xx.2015-ci il tarixli ********* saylı payçı müqaviləsinin 1.2-ci bəndinə əsasən payçı müqavilənin qiyməti “Payçı”, “MTK” və "xxxx" ASC arasında bağlanacaq olan üçtərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 7.5-ci bəndinə əsasən “Payçı” tərəfindən "xxxx" ASC ilə imzalanmış kredit müqaviləsi üzrə təqdim olunmuş ödəniş cədvəlinə əsasən kredit üzrə ödənişlər, əsas və ya faiz borcu ayrı ayrılıqda 2 ay müddətinə aparılmadıqda və ya lazımınca aparılmadıqda “Payçı” qeyd olunan müqavilənin predmeti olan mənzili boşaltmalıdır. xx.xx.2018-ci il tarixli 1-xx-xx-2018-AF-X1 saylı təminatlı kredit müqaviləsinin 13.2-ci bəndinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə borcverən öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış payçı müqaviləsinə əsasən payçı tərəfindən müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında “MTK” birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda “MTK” "xxxx" ASC və “Payçı” arasında imzalanmış zaminlik müqaviləsindən irəli gələn “Payçı”nın öhdəliklərini yerinə yetirməlidir. Beləliklə, işin faktiki hallarına və qeyd edilən hüquq normalarına istinad edərək məhkəmə hesab edir ki, Cavabdeh payçı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə həmin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan, iddia təmin edilməli, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı payçı müqaviləsi ləğv edilməli, Eyvazov X1 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11 ünvanında yerləşən 9 saylı binanın 142 saylı sahəsi 28,8 kv.metr olan 1 otaqlı mənzilindən çıxarılmalı və həmin mənzil boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı payçı müqaviləsi ləğv edilsin. Eyvazov X1 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11 ünvanında yerləşən 9 saylı binanın 142 saylı mənzilindən çıxarılsın və həmin mənzil boşaldılaraq İddiaçı MTK-ya təhvil verilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-503/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-503/2023
16.02.2023 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver