Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1912/2023 05.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı "xxxx" MMC-nın nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğvi və mənzilin boşaldılaraq iddiaçıya qaytarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğvi və mənzilin boşaldılaraq iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 08 dekabr 2015-ci il tarixli E/0142 nömrəli mansardın alqı-satqı müqaviləsinin, həmçinin xx.xx.2020-ci il tarixli əlavə və dəyişikliklərin edilməsi barədə razılaşmanın ləğv edilməsi, həmin müqavilə üzrə satılmış Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF- PARK” yaşayış massivindəki A kompleksində, 12 saylı yaşayış binasında, ümumi sahəsi 50,7 kv.metr olan 1 otaqdan ibarət, 45 saylı mansardın boşaldılaraq iddiaçı Cəmiyyətə təhvil verilməsi, habelə ödənilmiş dövlət rüsumu kimi 100.4 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 08 dekabr 2015-ci il tarixli E/0142 nömrəli mansardın alqı-satqı müqaviləsinə əsasən, Cəmiyyət tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki A kompleksi, 12 saylı yaşayış binasında, ümumi sahəsi 50,7 kv.metr olan 1 otaqdan ibarət, ümumi dəyəri 34223 manat olan 45 saylı mansardı hər ay bərabər məbləğdə ödənilmək şərti ilə 120 ay müddətinə cavabdehə satılmışdır. 08 dekabr 2015-ci il tarixli E/0142 nömrəli mənzilin alqısatqı haqqında müqavilənin 2.1 və 2.2-ci bəndlərinə müvafiq olaraq cavabdeh (Alıcı) razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyini vaxtında və lazımi qaydada yetirməmişdir. Belə ki, cavabdeh sözügedən müqavilə üzrə mənzilin dəyərini tam ödəməmişdir. Cavabdeh müqavilə öhdəliklərinin icra olunması və ya mənzilin təhvil verilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmişdir. Bununla da, iddiaçı Cəmiyyət sözügedən müqavilənin 3.1-ci bəndində qeyd olunan hüquqlarından istifadə edərək, müqavilə üzrə hesablanmış cərimə məbləğinin ödənilməsini və mənzilin geri təhvil verilməsini tələb edir. Hazırda Cavabdeh2 08 dekabr 2015-ci il tarixli E/0142 nömrəli mansardın alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc 28937 manat təşkil edir. Həmin müqavilənin 4.3cü bəndinə görə, əgər aylıq ödəmələr qeyd olunan vaxtda ödənilməzsə, bu zaman “Alıcı” gecikdirilən hər gün üçün müqavilənin dəyərinin 0.1% həcmində “Satıcı”ya cərimə ödəməlidir. Sonrakı ödəmələr 45 gündən artıq yubadılarsa, müqaviləyə əsasən gecikdirilən günlər üçün cərimə hesablanır və “Alıcı” tərəfindən ödənilən məbləğdən tutularaq, qalan məbləğ yalnız həmin vahid əmlak satıldıqdan sonra “Alıcı”ya geri qaytarılır. 08 dekabr 2015-ci il tarixli E/0142 nömrəli mansardın alqı-satqı haqqında müqaviləsinə əlavənin 1.4-cü bəndinə əsasən, “Alıcı” aylıq ödənişləri müqaviləyə əlavə edilmiş cədvələ uyğun olaraq həmin gün ödəyir, əks halda hər gecikdirilmiş gün üçün əmlakın ümumi dəyərinin 0,1% miqdarında cərimə ödəyir. Bundan başqa, "xxxx" MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli E/0142 nömrəli mansardın alqı-satqı haqqında müqaviləyə 17 oktyabr 2020-ci il tarixli əlavə və dəyişikliklərin edilməsi barədə razılaşmaya əsasən, alıcı sözügedən müqavilə üzrə ödənilməmiş 28937 manat məbləğin 116 ay müddətinə hər ay stabil 250 manat məbləğində ödəməyi öhdəsinə götürmüşdür. Lakin o, kredit öhdəliyini icra etməyərək müqavilənin və razılaşmanın şərtlərini kobud şəkildə pozmuşdur. Hazırda, cavabdehin xx.xx.2020-ci il tarixli əlavə və dəyişikliklərin edilməsi barədə razılaşmaya əsasən 20160 manat cərimə borcu yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nın nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədilər və onun rədd olunmasını xahiş etdilər. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehləri dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan mansardın alqı-satqısı haqqında xx.xx.2015-ci il tarixli E/0142 saylı müqavilədən görünür ki, "xxxx" MMC Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki A kompleksi, 12 saylı yaşayış binasında, ümumi sahəsi 50,7 kv.metr olan 1 otaqdan ibarət, ümumi dəyəri 34223 manat olan 45 saylı mansardı hər ay bərabər məbləğdə ödənilmək şərti ilə 120 ay müddətinə satmışdır. İşdə olan "xxxx" MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015ci il tarixli E/0142 nömrəli mansardın alqı-satqı haqqında müqaviləyə 17 oktyabr 2020-ci il tarixli əlavə və dəyişikliklərin edilməsi barədə razılaşmadan görünür ki, alıcı sözügedən müqavilə üzrə ödənilməmiş 28937 manat məbləğin 116 ay müddətinə hər ay stabil 250 manat məbləğində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli, 4132 saylı bildirişdən görünür ki, "xxxx" MMC Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki A kompleksi, 12 saylı yaşayış binasında, ümumi sahəsi 50,7 kv.metr olan 1 otaqdan ibarət, 45 saylı mansarda dair müqavilə öhdəliklərə əməl olunmaması əsası ilə birtərəfli qaydada ləğv edilir və mübahisəli əmlakın təkrar satışa çıxarılacağı barədə xəbərdarlıq edilir. İşdə olan xx.xx.2022-ci il tarixli, HŞ/635-1 saylı maliyyə arayışından görünür ki, tərəflər arasında imzalanmış əmlakın alqı-satqısı haqqında xx.xx.2015-ci il tarixli E/0142 saylı müqaviləyə əsasən Cavabdeh2 "xxxx" MMC-yə cəmi 49097 manat borcu vardır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2015-ci il tarixli E/0142 saylı müqaviləyə görə sonuncuya müqavilədə sözügedən mansard satılmışdır. Müqavilənin şərtlərinə görə alıcı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki A kompleksi, 12 saylı yaşayış binasında, ümumi sahəsi 50,7 kv.metr olan 1 otaqdan ibarət, 45 saylı mansardın dəyəri kimi 34223 manatı hər ay bərabər məbləğdə 120 ay müddətinə ödəməli idi. Bundan sonra "xxxx" MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli E/0142 nömrəli mansardın alqı-satqı haqqında müqaviləyə 17 oktyabr 2020-ci il tarixli əlavə və dəyişikliklərin edilməsi barədə razılaşma ilə alıcı sözügedən müqavilə üzrə ödənilməmiş 28937 manat məbləği 116 ay müddətinə hər ay stabil 250 manat məbləğində ödəməyi öhdəsinə götürmüşdür. Əmlak (mansard) alıcıya təhvil verilsə də, alıcı müqavilə üzrə ödənişləri həyata keçirməmiş, onun müqavilə üzrə iddiaçıya ümumilikdə 49097 manat borcu yaranmışdır. Cavabdeh2 və Cavabdeh1 alqı-satqı müqaviləsinin tələblərini pozaraq ödənişləri ödəməkdən yayındığı üçün müqavilənin tərəfi olan "xxxx" MMC hazırda alqı-satqı müqaviləsinin ləğv edilməsi, habelə mübahisəli əmlakın boşaldılması və həmin mansardın Cəmiyyətə qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi tələb edə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600-cü maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mansardın alqı-satqısı haqqında 08 dekabr 2015-ci il tarixli E/0142 saylı müqavilənin 3.2.2.1-ci bəndinə görə alıcı müqavilədə nəzərdə tutlmuş qaydada, yəni tərəflərin razılaşması ilə müəyyən edilmiş vaxtda və şərtlərlə evin qiymətini ödəməlidir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən sonrakı ödəmələr isə 45 gündən artıq yubadılarsa, müqaviləyə əsasən nəzərdə tutulmuş cədvəldən az məbləğdə ödənişlər olduğu halda MMC-nin bu müqaviləni birtərəfli qaydada pozmaq hüququ vardır. Məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinə əsasən alıcı tərəfindən müqavilənin şərtləri pozulduqda və öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, MMC birtərəfli olaraq bu müqaviləni ləğv edib mənzili alıcıdan tələb edə bilər. Beləliklə, işin faktiki hallarına və qeyd edilən hüquq normalarına istinad edərək məhkəmə hesab edir ki, Cavabdeh2, habelə Cavabdeh1 alqı-satqı müqaviləsi və ona əlavə razılaşma üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etməməklə həmin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduqlarından, iddia təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 08 dekabr 2015-ci il tarixli E/0142 nömrəli mansardın alqı-satqı müqaviləsi, həmçinin xx.xx.2020-ci il tarixli əlavə və dəyişikliklərin edilməsi barədə razılaşma ləğv edilməli, həmin müqavilə üzrə satılmış Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki A kompleksində, 12 saylı yaşayış binasında yerləşən, ümumi sahəsi 50,7 kv.metr olan 1 otaqdan ibarət, 45 saylı mansard boşaldılaraq iddiaçı Cəmiyyətə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 08 dekabr 2015-ci il tarixli E/0142 nömrəli mansardın alqı-satqı müqaviləsi, həmçinin xx.xx.2020-ci il tarixli əlavə və dəyişikliklərin edilməsi barədə razılaşma ləğv edilsin. Həmin müqaviləyə əsasən Cavabdeh2 satılmış Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki A kompleksində, 12 saylı yaşayış binasında yerləşən, ümumi sahəsi 50,7 kv.metr olan 1 otaqdan ibarət, 45 saylı mansard boşaldılaraq "xxxx" MMC-yə təhvil verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100,4 manat pul Cavabdeh2 oğundan tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-1912/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1912/2023
05.07.2023 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver