Məhkəmə qərarları › İş №2(012)-5173/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5173/2023

16.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5173/2023 16.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, Cavabdehin vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 660 manat məbləğdə alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə faktiki xx.xx.2004-cü ildən birlikdə yaşamış və xx.xx.2011-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Cavadehlə birgə nikahdan xx.xx.2006-cı il tarixdə X3, xx.xx.2007-ci il tarixdə X2 və xx.xx.2008-ci il tarixdə X4 adlı uşaqlar doğulmuşlar. Cavabdeh xeyli müddətdir ki, ailəni dolandırmır, hətta birgə nikahdan olan uşaqların saxlanılmasına da maddi köməklik etmir. Uşaqları özü saxlayır. O, cavabdehdən dəfələrlə tələb edərək uşaqlara və ona maddi və mənəvi dəstək olmasını, maddi yardıma ehtiyacın olduğunu bildirsə də, cavabdeh uşaqların və ailənin saxlanması üçün maddi köməklik etməkdən yayınır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədi və bildirdi ki, cavabdehin maddi imkanı zəifdir və buna görə də iddianın təmin edilməsinə heç bir zərurət yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında AZ-İ 727373 saylı şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahı xx.xx.2011-ci il tarixdə Abşeron rayon Qeydiyyat Şöbəsində qeydə alınmışdır. İşdə olan AZ-İİ 802187, AZ-İİ 802188 və AZ-T 247950 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2006-cı il tarixdə X3, xx.xx.2007-ci il tarixdə X2 və xx.xx.2008-ci il tarixdə X4 adlı uşaqlar doğulmuşlar. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəflərin izahatlarını və yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, birgə nikahdan doğulmuş uşaqların saxlanması hər iki valideynin vəzifəsi olduğundan və uşaqların saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin maddi vəziyyəti, uşaqların mənafeyi nəzərə alınmalı və onların normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün cavabdehdən hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023cü il tarixdə müraciət etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar