Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5213/2025 26.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2010-ci il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 246 manat, ümumilikdə 738 manat sabit pul məbləğində alimentin və 60 manat cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə birgə nikahlarından üç övladları xx.xx.2010-ci il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan fikir ayrılıqları səbəbi ilə aralarında mübahisələr yaranmış, birgə ailə həyatları və ailənin qorunub saxlanması mümkün olmamışdır. Bu səbəbdən Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli, 2(012)-3378/2025 saylı qətnaməsinə əsasən, rəsmi nikaha xitam verilmiş və uşaqlar ananın himayəsində saxlanılmışdır. Cavabdeh uşaqların saxlanılması üçün ona hər hansı bir maddi köməklik göstərməmişdir. Övladlarının maddi ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Hazırda ölkədə bütün ərzaq məhsullarının, eyni zamanda kommunal xidmətlərin qiyməti xeyli artmışdır. Bundan əlavə, hər il övladlarının gündəlik tələbatlarında, həmçinin dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumunun məbləğində artım olur. Övladı böyüdükcə gündəlik məişət, təhsil, həkim xərcləri də artır və bu xərclərin ödənilməsi üçün maddi imkanı kifayət etmir. Bu səbəbdən də “aliment” tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də o, iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, o, X10 işləyir. Qətnamə ilə təyin edilən alimenti vaxtında ödəmişdir. Bundan əlavə onun ipoteka və kreditləri vardır. Odur ki, iddia ərizəsində göstərilən alimenti məbləği ödəməyə onun maddi imkanı çatmır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli, 2(012)-3378/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Abşeron Rayon Qeydiyyat Şöbəsində qeydə alınmış 521 saylı nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2010-ci il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 İddiaçı (ananın) yanında saxlanılması qət edilmişdir. -Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T 096885 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 xx.xx.2010-cu il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. -Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T 066374 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2011-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. -3 saylı Bakı “ASAN Xidmət” X6 tərəfindən verilmiş AZ-İV 148013 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Cavabdeh "xxxx" MMC-də mexanik işləyir və aylıq əmək haqqı 440 manat təşkil edir. Ailə Məcəlləsinin: 75.1., 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 №-li Qərarının “8.4-1. Bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə Ali Məhkəmənin hüquqi mövqeyinə əsaslanaraq və cavabdehin rəsmi iş yerinə dair məlumatları nəzərə alaraq, hesab edir ki, xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (150:400 m.ə.h =m.ə.h 0,37 misli) 0,37 misli məbləğində aliment tutulmalıdır. Məhkəmə iclası zamanı iddia qaldırılması hüquqları təklif edilsə də tərəflərin, uşaqla görüş, uşağın ölkə hüdudlarından kənara valideyinin birinin icazəsi olmadan çıxarılması, mülkiyyətlə bağlı mübahisə və tələbləri olmadı. Bundan başqa məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən hesab edir ki, aliment iddiaçının məhkəməyə aliment tələbi ilə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin qeyd olunan maddəsinin göstərişinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Mülki Prosessual Məcəllənin;
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq (150 manat x 3 uşaq= 450 x 12 =5400 manat) ödənilməli olan 74 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 237-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli məbləğində aliment tutulsun. Aliment dərhal icra olunsun. Cavabdeh dövlət rüsumuna görə 74 (yetmiş dörd) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov