Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5377/2025 16.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Abiyev Fərid Nurəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh övladları xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay sonrakı artımları nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli miqdarında 246 manat alimentin onun xeyrinə tutulmasına və övladları X3 3 yaşına çatana qədər olan dövrdə zəruri qayğı və təminat xərclərinin (qidalanma, dərman, geyim, xüsusi qulluq və s.) ödənilməsi üçün cavabdehdən aylıq əlavə 150 manatın onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə qeyri-rəsmi nikaha daxil olmuşdur. Bu münasibətdən onların xx.xx.2023-cü il təvəllüdlü X4 dünyaya gəlmişdir. Atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında qeyd edilmişdir ki, Cavabdeh 01 aprel 2023-cü ildə vətəndaş İddiaçı dünyaya gətirdiyi X2 atası hesab edilmişdir. Hal-hazırda uşaq onun himayəsindədir. Cavabdeh uşağın saxlanılması üçün zəruri xərclərə maliyyə dəstəyi göstərmir. Uşağın bütün xərcləri onun və anasının üzərindədir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, onun rəsmi iş yeri yoxdur. Bu səbəbdən o, iddiaçı ilə birgə nikahlarından dünyaya gəlmiş övladları xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması hər ay tələb olunan məbləği ödəyə bilməyəcəkdir. Odur ki, qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, tərəfləri dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -1 saylı Sumqayıt “ASAN Xidmət” X6 tərəfindən verilmiş AZ-İ 473549 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixində İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. -1 saylı Sumqayıt “ASAN Xidmət” X6 tərəfindən verilmiş AZ-V 073824 saylı doğum müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2023-cü il tarixində anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Cavabdeh rəsmi iş yerinin olmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu”na əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 №-li Qərarının “8.4-1. Bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə Ali Məhkəmənin hüquqi mövqeyinə əsaslanaraq və cavabdehin rəsmi iş yerinin olmamasına dair məlumatı nəzərə alaraq, hesab edir ki, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (246:400m.ə.h =m.ə.h 0,61 misli) 0,61 misli məbləğində aliment tutulmalıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı tələbində övladları X3 3 yaşına çatana qədər olan dövrdə zəruri qayğı və təminat xərclərinin (qidalanma, dərman, geyim, xüsusi qulluq və s.) ödənilməsi üçün cavabdehdən aylıq əlavə 150 manatın onun xeyrinə tutulmasını xahiş etsə də, cavabdehin həmin məbləği ödəmək iqtidarında olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən hesab edir ki, aliment iddiaçının məhkəməyə aliment tələbi ilə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin qeyd olunan maddəsinin göstərişinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Mülki Prosessual Məcəllənin;
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq (246 manat x 1 uşaq= 246 x 12 =2952 manat) ödənilməli olan 49,52 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 2549, 030-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli məbləğində aliment tutulsun. Aliment dərhal icra olunsun. Cavabdeh dövlət rüsumuna görə 49,52 (qırx doqquz manat əlli iki qəpik) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov