Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5418/2022 22.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, oğlu Nümayəndə2 yollara xərclədiyi pulların müqabilində 300 manat maddi, həmçinin, onun və oğlunun psixoloji əsəb sarsıntılarının keçirmələrinin əvəzinə 1500 manat mənəvi təzminatın Cavabdeh İB-dən alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 1939-cu il təvəllüdlü olmaqla l qrup gözdən əlildir. Abşeron rayonu, Qobu qəsəbəsi Qarayev küçəsi ərazisində yerləşən fərdi yaşayış evinə quraşdırılmış və abonent kodu: **********20000 olan qaz sayğacı iddiaçının adınadır. xx.xx.2021-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları iddiaçının yaşadığı fərdi yaşayış evinə baxış keçirmiş və sayğacın mənfiyə işlədiyini söyləmiş, eyni zamanda, bu səbəbdən 109 manat borcun yarandığını bildirmişlər. İddiaçı Prezident təqaüdünün üzərinə əlavə olaraq 20 manat qoyub ödənişi etmiş, əvvəlki sayğacı elektron olduğundan iddiaçının 2021-ci ilin martın əvvəli ərizə yazıb yeni quraşdırılacaq sayğacın da elektron olmasını tələb etməyinə baxmayaraq Cavabdeh İB-nin əməkdaşları mexaniki sayğac quraşdırmışlar. Bunlardan əlavə, xx.xx.2022-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları fərdi yaşayış evinə gəlmiş, mexaniki sayğacı elektron sayğacla əvəz etmiş, aktda isə guya iddiaçının ərizəsi əsasında bunu etdiklərini qeyd etmişlər. Ümumiyyətlə, iddiaçının bu barədə ərizəsi olmamışdır. Əgər elə bir ərizə varsa onun surəti iddiaçıya göstərilməmişdir. Dəfələrlə bununla bağlı Abşeron rayon Qaz İdarəsinə, Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyevə, Cavabdeh İB-nin baş direktoru Ruslan Əliyevə ərizələr ilə müraciətlər edilmişdir. Quraşdırılmış sayğacın istismar müddətinə 3 ildən artıq vaxt qalmasına baxmayaraq, guya iddiaçının ərizəsi əsasında sayğac dəyişdirilmiş, ərizə olsa belə, sayğacın istismar müddəti bitmədiyi üçün qanun bunu qadağan edir. Sayğacın dəyişilməsi ilə əlaqədar 30 dəfə Abşeron Qaz İdarəsinə şifahi, 20 dəfə Bakı Regional Qazın Satış Departamentinə və 20 dəfə də Cavabdeh İB-yə yazılı və şifahi müraciətlər edilmişdir. Həmin idarələrdən gələndən sonra nəticə olmadığından iddiaçı dəfələrlə əsəb və sarsıntılar keçirmiş, oğlu həmin idarələrdə mənəvi sarsıntı və alçaldılmış vəziyyətlərə düşmüş, elə vaxt olub ki, bir gündə iddiaçı həmin idarələrin üçünə də getmişdir. İddiaçının istədiyi sənədlər deyil, tamamilə başqa sənədlər təqdim edilmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, təqdim etdiyi vəsatətdə 5 ədəd sənədin əslinin cavabdeh tərəfindən təqdim edilməsini istəyir. Qeyd olunan sənədlərin təqdim edilməməsi onlarda mənəvi sarsıntı yaratmışdır. Onun atası 35 ilin neftçisi olmuş və dövlətə xidmət göstərmişdir. 7-8 ay bundan əvvəl mexaniki sayğac qoyulmuş və sonradan, sayğac dəyişdirilərək elektron sayğac qoyulmuşdur. Halbuki, sayğacın dəyişilməsi qadağan olunduğu halda dəyişilmişdir ki, onun əsas etirazı da məhz sayğacın dəyişilməsinədir. O, cavabdehə olan borcunu inkar etmir, sadəcə olaraq, etiraz əlaməti olaraq borcu ödəmir. Maraqlı şəxslər vardır ki, vətəndaşların rəhbərlik tərəfindən qəbul edilməsi mümkün olmamışdır. O, dəfələrlə müraciəti ilə bağlı maraqlanmış, halbuki, müraciətə cavab cavabdeh təşkilatın nümayəndələri tərəfindən müraciət edənin ünvanına göndərilməli idi. Vətəndaşın ərizəsi əsasında sayğac dəyişilməli olduğu halda, istismar müddəti bitmədən sayğac dəyişilə bilməzdi. Halbuki, onun tərəfindən ərizə yazılmamışdır. Hazırlıq məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə1 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddiaçı tərəfindən müraciət olunmuş və cavabdeh təşkilatın nümayəndələri tərəfindən aidiyyəti quruma yönləndirilmiş, həmçinin, iddiaçıya müraciətin cavablandırılması ilə bağlı məktublar tərtib olunmuş, göndərilmişdir. 2021-ci ilin mart ayına qədər iddiaçının elektron sayğacı, həmin tarixdən sonra isə mexaniki sayğacla əvəz olunmuşdur. İddiaçı 2021-ci ilin mart ayına qədər yaranmış 141 manat borcunu ödəmişdir. Sayğacın elektron hissəsi dayanmış, mexaniki hissədən keçən qaz hissəsi isə onu qeyd etmişdir. İddiaçı özü də etiraf edərək borcu ödəmişdir. Mexaniki sayğac quraşdırılandan sonra iddiaçı tərəfindən ödəniş edilməmiş və 447 manat borc yaranmışdır. Cavabdeh İB-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbinə dair münasibətini araşdırıb, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -İddiaçı tərəfindən Cavabdeh İB-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli müraciətlərdən görünür ki, İddiaçı sayğacın mənfiyə işləməsi, sayğacın dəyişilməsi və borcun ödənilməsi barədə müraciətlər etmiş və göstərilən bu halların araşdırılmasını xahiş etmişdir. -Cavabdeh İB tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli SOCAR**********30560046X00971 saylı müraciətə baxılması barədə məktubdan görünür ki, Cavabdeh İB-yə ünvanlanmış istehlakçı hesabında (**********2000) yaranmış borca güzəşt olunması barədə müraciətlərə Bakı Regional Qazın Satışı Departamentində baxılmış və mövcud qanunvericilikdə qeyd olunan məsələyə uyğun güzəşt nəzərdə tutulmadığından müraciətin yerinə yetirilməsinin mümkün olmadığı bildirilmişdir. -xx.xx.2021-ci il tarixli ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, abonent İddiaçı Abşeron rayonunda yerləşən evində quraşdırılmış İtron tipli G4 markalı qaz sayğacı Zenner G4 tipli yeni qaz sayğacı ilə əvəz olunmuşdur. -Zenner smart tipli sayğaca əlavə olan xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan ödəniş tarixlərindən görünür ki, abonent tərəfindən cəmi 17 manat ödəniş edilmişdir. -xx.xx.2005-ci il tarixli 01022 saylı üzvlük vəsiqəsinin surətindən görünür ki, Pənahov X3 Əlillər İctimai Birliyə üzv təyin olunmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Pənahov X2 rayonu Qobu qəsəbə ərazi dairəsi Qobu qəsəbəsi Qarayev küçəsi 36 saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının: 73-cü maddəsinin İ hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 73-cü maddəsinin İİ hissəsinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı məxsus olan Abşeron rayonu Qobu qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinə İtron tipli G4 markalı qaz sayğacı quraşdırılmış və abonent kimi qaz sayğacından istifadəyə görə tərəflər arasında abonent-istehlakçı hüquq münasibətləri yaranmışdır. Cavabdeh İB-nin nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən, abonentə məxsus evə quraşdırılmış İtron tipli G4 markalı qaz sayğacı Zenner G4 tipli yeni qaz sayğacı ilə əvəz olunmuşdur. İddiaçı onun tərəfindən sayğacın istismar müddəti bitmədən onun dəyişilməsi barədə ərizə yazmadığını iddia edərək edilmiş müraciətlərə görə çəkilmiş 300 manat maddi və vurulmuş 1000 manat mənəvi zərərin cavabdeh tərəfindən onun xeyrinə ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar və iddiaçının izahatı əsasında müəyyən olunmuşdur ki, iddiaçı qaz sayğacından istifadəyə görə borcun ödənilməsini inkar etməsə də, qaz sayğacının onun məlumatı olmadan dəyişilməsinə və yaranmış nəticələrlə bağlı vurulmuş maddi və mənəvi zərərin tutulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçı aidiyyəti qurumlara müraciət edilməsi ilə bağlı nəqliyyat xərcləri olaraq 300 manat pul vəsaiti sərf etdiyini bildirsə də, iddia tələbində istinad etdiyi həmin hallara dair mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Halbuki, sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyü halda iddiaçı iddia tələbində istinad etdiyi həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə iddiaçının iddia tələbinin 1000 manat mənəvi zərərin tutulması hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, iddiaçı keçirdiyi mənəvi iztirabların məhz cavabdeh qurumun səlahiyyətli nümayəndələrinin hərəkətsizliyi nəticəsində yaranmasını (səbəbli əlaqə) sübuta yetirə bilmədiyindən iddia tələbi bu hissədə də təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və X4 haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və X4 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini ümumiləşdirib, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları paralel şəkildə qiymətləndirərək qeyd edir ki, iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək vəzifəsi daşıyan iddiaçı həmin halları sübuta yetirmədiyindən iddia tələbləri əsaslı deyildir, bu səbəbdən də təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 17.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-5418/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5418/2022
22.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver