Məhkəmə qərarları › İş №2(012)-5486/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5486/2024

26.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5486/2024 26.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin və mediasiya xərci üçün ödədiyi 50 manat pulun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2478/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddiası üzrə mülki işin aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi icraatında olan 2(002)-2478/2024 saylı mülki işi Abşeron Rayon Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi qərardadında İddiaçı tərəfindən iş materiallarına Bakı şəhəri, Qaradağ rayonu ərazisində yaşamasına dair arayış əlavə edilsə də iddiaçının məhkəmə iclasında izahatında qeydiyyatda olduğu Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv, ev 47 ünvanında deyil, ünvan 1dığını bildirdiyini, bu səbəbdən də sözügedən arayışın formal xarakter daşıdığını əsas gətirərək hesab etmişdir ki, hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin məcəllənin 36.3-cü maddəsinə görə alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində qeyd edilir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Həmin Qanunun 10-cu maddəsinə görə vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır. Mehmanxanaya, sanatoriyaya, istirahət evinə, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və digər belə ictimai yerlərə gələn vətəndaş üçün ərizə-anket doldurulur və həmin yerin müdiriyyətinə verilir. Müdiriyyət ərizə-anketi 24 saat ərzində müvafiq dövlət orqanına təqdim edir. Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. Vətəndaş olduğu yerdən getdikdə müvafiq dövlət orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların olduğu yer üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür. Vətəndaşın olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Göründüyü kimi İddiaçı iddia ərizəsində özünün qeydiyyatda olduğu ünvan kimi Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2ş, bu fakt iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinə dair məlumat vərəqəsi ilə öz təsdiqini tapmışdır. Lakin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi öz qərardadında yalnız iddiaçının faktiki olaraq ünvan 3 ünvanında yaşaması barədə izahatına əsaslanaraq hazırki mülki işə Abşeron Rayon Məhkəməsində baxılmalı olduğunu qeyd etmişdir. Halbuki iş materiallarında İddiaçı izahatında qeyd etdiyi kimi ünvan 3 ünvanında Daxili İşlər Nazirliyinin inzibati ərazi vahidi üzrə müvafiq qurumu tərəfindən müvəqqəti qeydiyyata alınması ilə bağlı hər hansı sənəd mövcud deyildir. Bundan əlavə iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinə dair məlumat vərəqəsindən görünür ki, Cavabdeh iddia ərizəsində qeyd edildiyi kimi Şamaxı rayonu, Məlhəm kəndində qeydiyyatdadır. Bu səbəbdən məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırki mübahisəyə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində və ya cavabdehin qeydiyyatda olduğu Şamaxı Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, şəxsin məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə xüsusi təminatlar nəzərdə tutulmuşdur. Məhkəmə aidiyyəti institutu bu təminatlardan biridir. Məhkəmə təcrübəsində məhkəmə aidiyyəti qaydasına fərqli yanaşma nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına səbəb ola bilər. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi əsassız olaraq işi baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərmişdir ki, bu da məhkəmələr arasında fikir ayrılığı yaradır. Odur ki, hazırki iş ilə bağlı məhkəmələr arasında fikir ayrılığı olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə istinad edərək məhkəmə hesab edir ki, ərazi aidiyyətinə görə hansı məhkəmədə baxılmalı olmasının müəyyən edilməsi üçün mülki iş Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə görə məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə məhkəmələr arasında ərazi aidiyyətinə görə fikir ayrılığı olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən ərazi aidiyyətinə görə hansı məhkəmədə baxılmalı olmasının müəyyən edilməsi üçün mülki iş Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar