Məhkəmə qərarları › İş №2(012)-5569/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5569/2022

06.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5569/2022 06.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı övladları 20 avqust 2017-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ilə 2011-ci ilin oktyabr ayında faktiki nikaha daxil olaraq birgə təsərrüfat aparmışdır. Birgə münasibətlərindən övladları xx.xx.2017-ci il təvəllüdlü X3 anadan olmuşdur. Atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən Cavabdeh X2 atası hesab edilmişdir. Xasiyyətlərinin uyğun olmaması, cavabdehin uşağın maddi təminatını ödəməməsi və tərbiyyəsində iştirak etməməsi, evdə dəfələrlə münaqişə yaratması və son nəticədə uşağın psixi durumuna pis təsir göstərməsi səbəblərindən cavabdehlə bir yerdə yaşamaqları baş tutmamışdır. Aralarında olan əlaqələr faktiki olaraq kəsilmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, cavabdeh övladının saxlanmasında və tərbiyəsində heç bir maddi-mənəvi köməklik göstərməmişdir. Artıq cavabdehlə barışmaq, onların gələcək birgə ailə həyatları mümkün deyildir. Həmçinin o, iddia ərizəsində uşağa görə hər ay 193 manat aliment tələb etsə də, cavabdehin maddi durumunu nəzərə alaraq hər ay 150 manat alimentin tutulmasına razıdır. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, hazırda sürücülük fəaliyyəti ilə məşğuldur. Maddi durumu aşağı olduğundan o, övladı 20 avqust 2017-ci il təvəllüdlü X1 üçün hər ay 150 manat aliment ödəməyə razıdır. İş materiallarında olan Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış AZ-İV № 015624 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X3 20 avqust 2017-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 336494 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh 20 avqust 2017-ci ildə İddiaçı doğulmuş X2 atasıdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə alimentin miqdarı ilə bağlı qeyd edir ki, uşağa görə hər ay 150 manat alimentin təyin edilməsinə etirazının olmadığı barədə iddiaçının məhkəmədə verdiyi izahatı və bundan əlavə uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsi nəzərə alınmaqla, məhkəmə cavabdehdən tutulacaq alimentin sabit pul məbləğində müəyyən edilməsi və alimentin miqdarı ilə bağlı 150 manat həddində müəyyən edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, aliment xx.xx.2022-ci ildən tutulmalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə İddiaçı dövlət rusumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 38 (otuz səkkiz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixindən başlayaraq 20 avqust 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Aliment dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar