Məhkəmə qərarları › İş №2(012)-558/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-558/2021

29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-558/2021 29.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin geriyə tələb edilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı ödənilmiş sığorta ödənişinin geriyə tələb edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, tərəflərindən ödənilmiş 450 (dörd yüz əlli) manat sığorta ödənişini, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 1 manat bank xidməti daxil olmaqla cəmi 481 (dörd yüz səksən bir) manat məbləğində pulun Cavabdeh tutularaq “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə X5 arasında xx.xx.2019-cu il tarixdə sığorta müqaviləsi bağlanmış və PMİ-014287 №-li şəhadətnamə üzrə ** OK *** (** TC ***) dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı avtomobil 1 (bir) il müddətinə 15500 (on beş min beş yüz) manat məbləğində sığortalanmışdır. Cavabdeh məxsus olan və hadisə zamanı onun tərəfindən idarə olunan ** FZ *** dövlət qeydiyyat nişanlı, “Vaz 21074” markalı avtomobil, xx.xx.2020-ci il tarixdə Cəmiyyətimizdə sığortalanmış avtomobil ilə Abşeron rayonu ərazisində toqquşmuş və nəticədə sığortalanmış avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Hadisə yerinə gəlmiş Abşeron RPŞ əməkdaşı tərəfindən tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh göstərilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi nəticəsində zərərə uğramış sığortalı avtomobilin təmiri, müştərinin müraciətinə müvafiq olaraq, “İnter Continental” Avtomobillərə Texniki Xidmət Stansiyasında həyata keçirilmiş və tərtib edilən xx xxxxxx 2020-ci il tarixli “Qüsur aktı”na əsasən, avtomobilə dəymiş zərər 450 (dörd yüz əlli) manat məbləğində hesablanmışdır. Sığorta şəhadətnaməsinə əsasən sığorta hadisəsi məlum olan qarşı tərəfin təqsirindən baş verərsə azadolma məbləği tətbiq edilmir. Odur ki, azadolma məbləği tutulmadan 450 (dörd yüz əlli) manat həcmində sığorta ödənişi tərəfimizdən sığortalı avtomobilin təmiri üçün X4 ödənilmiş və bu ödəniş xx xxxx 2020-ci il tarixli 615 №-li ödəniş tapşırığında öz əksini tapmışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Eyni zamanda qeyd etdi ki, iş üzrə alınmış ekspert rəyi ilə razıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 936.1. maddəsinin mahiyyətinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. maddəsindən görünür ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -xx.xx.2020-ci il tarixli Ödəniş tapşırığıdan görünür ki, xx.xx.2020-ci il tarixdə 450 manat məbləğində pul «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2 hesabına ödənilmişdir. -“İnter Continental” Avtomobillərə Texniki Xidmət Stansiyası tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib edilən “Qüsur aktı”ndan görünür ki, X6 məxsus, Hyundai Accent markalı, ** TC *** dövlət nömrə nişanlı, 2011-ci il buraxılışlı, mühərrik № G4FABW258063? BNA № Z94CT41CBCR098237 olan avtomaşında yol-nəliyyat hadisəsi zamanı avtomaşının tam bərpası və istismara yararlı vəziyyətə gətirilməsi üçün təmir xərcləri cəmi 450 (dörd yüz əlli) manat məbləğində hesablanmışdır -xx.xx.2020-ci il tarixli, KSK 2649/20 saylı Sığorta Aktından görünür ki, sığortalanmış avtomobil, Hyundai Accent markalı, ** TC *** dövlət qeydiyyat nişanlı, sığorta məbləği 15500 manat olan avtomobilə dəymiş zərərin ümumi məbləği 450 (dörd yüz əlli) manat olmuş, sığorta ödənişi məbləği 450 (dörd yüz əlli) manat olmuş, məbləği alan X5 olmuşdur. -Azərbaycan Respublikası DİN-in MAPS şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, cavabdeh Əhmədov X7 rayonu, Xırdalan şəhəri, H.Əliyev p- 6, RPİ ünvanında qeydiyyatdadır. -Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsinin surətindən görünür ki, Hyundai Accent markalı, ** TC *** dövlət qeydiyyat nişanlı avtomobil 15500 manat dəyərində “xxxx” ASC tərəfindən xx.xx.2019xx.xx.2020-ci il sığortalanmış, azadolma məbləği 200 manat müəyyən edilmişdir. -İnzibati xəta haqqında xx.xx.2020-ci il tarixli İXP ******* №-li protokolun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 01:30-da Cavabdeh idarə etdiyi ** FZ *** dövlət qeydiyyat nişanlı VAZ 21074 minik markalı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2021-ci il tarixli 9/6069 №-li ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, “İnter Continental” avtomobillərə texniki xidmət stansiyasının xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Hyundai Accent”/ markalı, ** TC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci hadisə baş verən tarixə təxminən 430,0 manat müəyyən edilir Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi sübut kimi qəbul edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddiaçı şirkət sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək baş vermiş sığorta hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəyən ziyanı sığorta şəhadətnaməsinə müvafiq məbləğdə ödəmiş və haqlı olaraq həmin ziyanı reqress qaydada tələb etmək hüququ ilə məhkəməyə müraciət etmişdir. Ona görə də iddiaçının subroqasiya hüququ əsasında sığorta ödənişini cavabdehdən tələb etməsi əsaslıdır və haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.5-ci maddəsinə əsasən Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i. a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, ekspertin gəldiyi nəticələr əsas götürülməklə sığortalıya dəymiş zərərin miqdarı 430 manat məbləğində qiymətləndirilməli, vurulmuş zərərə görə iddiaçının xeyrinə 430 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq iddiaçıya verilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmiş, həmçinin, verilmiş ekspert rəyinə əsasən ekspert tədqiqatının dəyəri 100 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat Cavabdeh aid edilərək ondan tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdehndən iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 430 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu, cəmi 460 manat tutulmalı, həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat Cavabdehndən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 430 (dörd yüz otuz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, cəmi 460 (dörd yüz altmış) manat məbləğində pul vəsaiti tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat Cavabdehndən alınaraq, dövlət büdcəsinə Az.MEM, VÜEN**********, X1, Kod 210005, VÖEN **********, m/h AZ 41, NABZ********************, SWİFT. Bik: CTREAZ 22 hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar