Məhkəmə qərarları › İş №2(012)-5775/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5775/2025

26.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5775/2025 26.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Hüseynova Ülviyyə Əliağa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X4 adlı uşaqlarının saxlanması üçün hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.65 misli həddində, yəni 400 x 0.65=260 manat, üç uşağa görə ümumilikdə 780 manat sabit pul məbləğində alimentin, mediasiya sesiyası üçün ödədiyi 60 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə ailə həyatı qurmuş və xx.xx.2014-cü il tarixdə nikahlarını rəsmiləşdirmişdir. Birgə nikah dövründə yəni, xx.xx.2017-ci il tarixdə X1, xx.xx.2018-ci il tarixdə X7 və xx.xx.2024-cü il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə ailə həyatı qurduqları ilk vaxtlar münasibətləri normal olsa da sonralar o, heç bir əsaslı səbəb olmadan evdə mübahisələr yaratmış və onları tərk edərək çıxıb getmişdir. Ailəsinin dağılmamasına görə cavabdehin ona qarşı bu qanunsuz hərəkətlərinə dözmüşdür. Nəhayət ki, cavabdeh evlərində əsassız mübahisələr yaratmaqla ailə münasibətlərinin pozulmasına nail olmuşdur. O, məcbur qalıb azyaşlı uşağıyla birlikdə gah anasına məxsus evdə, gah da özünə məxsus olan evdə ac susuz yaşamağa məcbur olmuşdur. Hesab edir ki, bundan sonra onların bir ailə kimi yaşamaqları mümkün deyil. Artıq 3 (üç) aya yaxındır ki, o, uşaqlarında birlikdə Cavabdeh ayrı yaşayır. Cavabdeh uşaqların saxlanması üçün heç bir maddi yardım etmir. Heç bir yerdə işləmir, azyaşlı uşaqlarının sağlamlığı, təlimtərbiyyəsi ilə məşğul olur. Uşağın yaşaması üçün heç bir yerdən ona maddi yardım olunmur. Anasının köməkliyi ilə çətinliklə də olsa uşaqlarını saxlaya bilir. Hazırki iddia tələbi ilə bağlı ilkin olaraq Mediasiya Şurasına müraciət etmişdir. Cavabdeh təyin edilmiş ilkin mediasiya sesiyasında iştirak etsə də aralarında heç bir razılıq əldə olunmadı. Mediator tərəfindən ilkin mediasiya sesiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə ona arayış verildi. Ona görə də o, iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, onlar 2025-ci ilin iyul ayından etibarən ayrılmışlar. Belə ki, ev onundur və hazırda ev iddiaçı ilə övladlarına vermişdir. Hal-hazırda o, işsizdir və tələb olunan alimenti ödəməyə maddi imkanı çatmır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş AZ-İ 905679 saylı nikah haqqənda şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixli 85 nömrəli rəsmi nikah bağlanmışdır. -1 saylı Bakı “ASAN Xidmət” X6 tərəfindən verilmiş AZ-İİİ 901405 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2017-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. -1 saylı Bakı “ASAN Xidmət” X6 tərəfindən verilmiş AZ-İV 298370 saylı doğum haqqında şəhadətnamənin nmuş surətindən görünür ki, X7 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. -1 saylı Bakı “ASAN Xidmət” X6 tərəfindən verilmiş AZ-V 066575 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Cavabdeh rəsmi iş yerinin olmasına dair məlumat aşkar edilməmişdir. Ailə Məcəlləsinin: 75.1., 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün ölkə üzrə 2025-ci ildə yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 №-li Qərarının “8.4-1. Bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə Ali Məhkəmənin hüquqi mövqeyinə əsaslanaraq və cavabdehin rəsmi iş yerinin olmamasına dair məlumatları nəzərə alaraq, hesab edir ki, xx.xx.2017-ci il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (180:400m.ə.h =m.ə.h 0,45 misli) 0,45 misli məbləğində aliment tutulmalıdır. Bundan başqa məhkəmə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən hesab edir ki, aliment iddiaçının məhkəməyə aliment tələbi ilə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin qeyd olunan maddəsinin göstərişinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Mülki Prosessual Məcəllənin;

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu”nun 3.4. maddəsinə əsasən, mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Qanunun tələblərindən göründüyü kimi, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarət olduğundan və mediasiya prosesinin keçirilməsinə görə ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilmədiyindən iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq (180 manat x 3 uşaq= 540 x 12 =6480 manat) ödənilməli olan 84,80 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 237-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə xx.xx.2017-ci il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli məbləğində aliment tutulsun. Aliment dərhal icra olunsun. Cavabdeh dövlət rüsumuna görə 84,80 (səksən dörd manat səksən qəpik) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar