Məhkəmə qərarları › İş №2(012)-6038/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6038/2021

27.12.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6038/2021 27.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı Akkord Sənaye Tikinti X2 Səhmdar Cəmiyyətinin nümayəndəsi X5, Cavabdeh iştirakı ilə, İddiaçı Akkord Sənaye Tikinti X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Akkord Sənaye Tikinti X2 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, bina 1, blok 38, mərtəbə 6, 21 saylı (83.40 kv.m) saylı mənzilin alqı-satqısına dair bağlanmış 17.02.2007-ci il tarixli, 2199 saylı müqavilənin və bu müqaviləyə əlavə və dəyişikliklərin edilməsi haqqında 14.06.2016cı il tarixli əlavə razılaşmanın ləğv edilməsi, mənzilin boşaldılaraq iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi və Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Akkord Sənaye Tikinti X2 Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, bina 1, blok 38, mərtəbə 6, 21 saylı (83.40 kv.m) mənzilin alqı-satqısına dair 17.02.2007-ci il tarixli, 2199 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən mənzilin dəyəri 71140.20 manat müəyyən edilmiş və cavabdeh həmin məbləği 180 ay müddətində hər ay 395.22 manat olmaqla hər ayın 17-dək ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı adıçəkilən müqavilə üzrə öhdəliklərini icra edərək mənzili cavabdehə təhvil vermişdir. Lakin müqavilənin tələbləri cavabdeh tərəfindən pozulmuş, mənzilə görə ödənişlər vaxtlıvaxtında edilməmişdir. Aparılmış danışıqlardan sonra iddiaçı və cavabdeh arasında müqaviləyə əlavə və dəyişikliklərin edilməsi haqqında 14.06.2016-cı il tarixli əlavə razılaşma bağlanmışdır. Lakin cavabdeh əlavə razılaşma üzrə öhdəliklərini də pozmuş, 31 aydan artıq müddətdir ki, aylıq ödənişləri etməmişdir. Cavabdehə edilmiş şifahi və rəsmi xəbərdarlıqların heç bir nəticəsi olmamışdır. Bu hal iddiaçıya müqavilənin 3.7. və 3.8.-ci bəndlərinə və əlavə razılaşmanın 7-ci bəndinə əsasən yazılı xəbərdar etməklə müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ vermişdir. Əlavə razılaşmanın 7-ci bəndinə əsasən alıcı razılaşır və qəbul edir ki, bu razılaşma və müqavilə şərtləri ilə üzərinə götürdüyü öhdəliyi pozarsa və ödənişləri 30 gündən artıq müddətə gecikdirərsə, bu razılaşma satıcı tərəfindən alıcını qabaqcadan yazılı xəbərdar etməklə birtərəfli qaydada ləğv edilə bilər və bu halda mənzil satıcıya geri qaytarılmalı/təhvil verilməlidir. Cavabdeh tərəfindən müqavilədən irəli gələn öhdəliklərin icra olunmaması müqavilənin əhəmiyyətli dərəcədə pozuntusuna dəlalət edir. İddiaçı müqavilənin icrasından birtərəfli qaydada imtina etməklə, onun ləğv edilməsi barədə bildirişi cavabdehə ünvanlamış, lakin bunun heç bir nəticəsi olmamışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, "xxxx" ASC ilə bağladığı 17.02.2007-ci il tarixli, 2199 saylı mənzilin alqısatqı müqaviləsinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7-ci km ünvanında yerləşən bina 1, blok 38, mərtəbə 6, 3 otaqdan ibarət, ümumi sahəsi 83,40 kv.m olan 21 saylı mənzili almışdır. Müqavilə bağlanan zaman mənzilin dəyəri 71140.2 manat müəyyən edilmiş və o, müqaviləyə əsasən mənzilin dəyərini 180 ay müddətinə hər ayın 17-dək olmaqla 395.22 manat ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyərindən ödənişlər etmiş və 17.08.2021-ci il tarixdə 2400 manat, 24.09.2021-ci il tarixdə 2400 manat, 19.10.2021-ci il tarixdə 1400 manat, 19.11.2021-ci il tarixdə 1900 manat, 15.12.2021-ci il tarixdə 1900 manat ödəmişdir. Beləliklə də, onun iddiaçıya mənzilin dəyərindən az miqdarda ödəniş borcu qalmışdır. Belə ki, 14520 manat borcu qalmış həmin borcdan 10000 manat ödəniş etmiş və 4520 manat borcu qalmışdır. Fevral ayına qədər qalan borcu da ödəyəcəkdir. Belə ki, Covid-19 pandemiyası ilə əlaqədar olaraq işləyə bilməmiş, maddi çətinliyi yaranmış, övladları universitetə daxil olmuş, onların təhsil haqlarını ödəmişdir. 2010-cu ildən həmin mənzildə yaşayır və mənzili özü təmir etdirmişdir. Bu səbəbdən də iddiaçının iddia tələbləri ilə razılaşmır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -X8 Tikinti X2 Səhmdar Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanmış 17.02.2007-ci il tarixli, 2199 saylı mənzilin alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Abşeron rayonu Xırdalan şəhəri Sumqayıt şossesi 7-ci km-də inşa ediləcək yüksək mərtəbəli binanın 38 blok, 6-cı mərtəbədə yerləşən 21 saylı mənzili alıcıya satmağı, alıcı isə bu müqavilə ilə müəyyən edilmiş qaydada mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.1-ci, 2.2.2-ci və 2.2.3-cü bəndlərinə əsasən, alıcı yaşayış binasının 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 83.40 kv.m-dən ibarət 3 otaqlı 21 saylı mənzilin sahəsinin hər kv.m üçün 853 manat olmaqla cəmi 71140.2 manat ödəməlidir. Alıcı ilkin ödənişi ödədikdən sonra ümumi məbləğin 100 faizini, bağlanmış müqaviləyə əsasən 180 ay ərzində ödəməyi öhdəsinə götürür. Müqavilədə göstərilən qalan məbləğ ödənildikdən sonra mənzil alıcının mülkiyyətinə keçir, alıcı mənzildən imtina edərsə o zaman ilkin ödəniş alıcıya geri qaytarılmır. Alıcı ödəməli olduğu 395.22 manat pul vəsaitini hər ayın 17-nə qədər ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.4-cü və 2.2.5-ci bəndlərinə əsasən, alıcı ödəmələri 30 gündən artıq gecikdirdiyi halda satıcının müqaviləni birtərəfli qaydada ləğv etmək səlahiyyəti vardır. Alıcı bağlanmış müqaviləyə əsasən, 71140.20 manat pul vəsaitinin hər ay 395.22 manat hissəsini 180 ay müddətinə tam ödəmək öhdəliyini götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən, alıcı öhdəsinə götürdüyü aylıq ödəməni gecikdirirsə o zaman onun müqaviləyə əsasən ödəməli olduğu tarixdən etibarən 5 təqvim günü satıcı tərəfindən güzəşt günləri kimi təyin edilir. Müqavilənin 3.3-cü bəndinə əsasən, alıcı mənzildən imtina edirsə, o zaman ilkin ödəniş alıcıya qaytarılmır. Müqavilənin 3.4-cü bəndinə əsasən, alıcı mənzilindən rəsmi qaydada imtina etdikdə, mənzil yalnız satıcı tərəfindən satışa çıxarılır və satıldıqdan sonra ilk ödəmədən sonra qalan aylar üzrə ödəmələrdən 10 faiz götürülür, qalan məbləğ nağd və ya poçt vasitəsilə alıcıya qaytarılır. -X8 Tikinti X2 Səhmdar Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanmış 17.02.2007-ci il tarixli, 2199 saylı mənzilin alqı-satqı müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında 14.06.2016-cı il tarixli əlavə razılaşmadan görünür ki, alıcı razılaşır və qəbul edir ki, alıcının satıcıdan 17.02.2007-ci il tarixli 2199 saylı alqı-satqı müqaviləsinə əsasən mənzilə görə satıcıya olan borcu bu razılaşmanın imzalandığı günə 30814.07 manat təşkil edir. Razılaşmanın 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu bəndlərinə əsasən, 2. alıcının müqavilə üzrə bu günədək ödəmədiyi aylıq ödənişlər 3923.72 manat, satıcıya əldən çıxmış fayda məbləği üzrə borcu 14.79 manat, cəmi borcu 3938.51 manat təşkil edir. 3. Alıcı razılaşır və qəbul edir ki, satıcıya olan 3938.51 manat borcunu 24 ay müddətinə hər ayın 17-də 164,10 manat olmaqla, satıcıya ödəməyi öz öhdəsinə götürür. Ödənişlər 17.06.2016-cı il tarixdən başlayır. 4. Alıcı müqavilə üzrə aylıq 395,22 manat təşkil edən ödənişlərini müqavilə müddətinin sonuna kimi, hər ayın 27-də ödəməyi öz öhdəsinə götürür. Ödənişlər 17.06.2016-cı il tarixdən başlayır. 5. Tərəflər razılaşır və qəbul edir ki, alıcı mənzildən imtina edərsə, müqavilə şərtlərinin onun tərəfindən pozulması nəticəsində ona birtərəfli qaydada xitam verilərsə, həmçinin, mənzilin dəyəri satıcının zaminliyi ilə əvvəllər bank kreditləşməsi yolu ilə ödənilmişsə və alıcının bank qarşısında olan öhdəlikləri yerinə yetirilmədiyindən qeyd edilən öhdəliklər satıcı tərəfindən icra olunmuşsa, gələcəkdə alıcı bu razılaşmaya əsasən öhdəliklərini yerinə yetirməyəcəyi, ödənişdən, o cümlədən mənzildən könüllü olaraq imtina edəcəyi halda, mənzil boşaldılaraq korporasiyaya geri qaytarılır və satıldıqdan sonra alıcının müqavilənin şərtlərinə uyğun ödədiyi birinci ay üzrə ödəniş, o cümlədən də korporasiyaya ödənilmiş ümumi vəsaitin 30 % hissəsi çıxılmaqla, ödədiyi vəsaitin qalıq hissəsi ona geri qaytarılacaqdır. 6. Tərəflər razılaşır və qəbul edir ki, alıcı öhdəsinə götürdüyü hər ay üçün ödəməni gecikdirdiyi halda, onun bu müqaviləyə əsasən ödəməli olduğu tarixdən etibarən 7 (yeddi) təqvim günü satıcı tərəfindən güzəştli gün kimi təyin edilir. 7 (yeddi) günlük güzəşt müddəti keçdikdən sonra, aylıq ödəniş həyata keçirilməzsə, alıcı hər gecikdirilmiş gün üçün gecikdirilmiş aylıq məbləğin 0,5 faizi məbləğində cərimə ödəməlidir. 7. Alıcı razılaşır və qəbul edir ki, bu razılaşma və müqavilə şərtləri ilə üzərinə götürdüyü öhdəliyi pozarsa və ödənişləri 30 (otuz) gündən artıq müddətə gecikdirərsə, bu razılaşma satıcı tərəfindən alıcını qabaqcadan yazılı xəbərdar etməklə birtərəfli qaydada ləğv edilə bilər və bu halda mənzil satıcıya geri qaytarılmalıdır/təhvil verilməlidir. Mənzilin geri qaytarılması barədə iddialara əmlakın yerləşdiyi yerin məhkəməsində baxılacaqdır. 8. Tərəflər razılaşır və qəbul edir ki, müqavilə şərtlərinin pozulması nəticəsində satıcının tələbi əsasında mənzil geri alınarkən alıcının mənzilin təmirinə dair çəkdiyi xərclər onun özünə aid edilərək dəyəri geri qaytarılmayacaqdır. 9. Alıcı razılaşır və qəbul edir ki, bu razılaşma imzalandığı gün mənzili icbari qaydada sığorta etdirəcəkdir. -Mülki iş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən müqavilə üzrə mənzilin dəyərindən 17.08.2021-ci il tarixdə 2400 manat, 24.09.2021-ci il tarixdə 2400 manat, 19.10.2021-ci il tarixdə 1400 manat, 19.11.2021-ci il tarixdə 1900 manat, 15.12.2021-ci il tarixdə 1900 manat ödəniş etmişdir. -Akkord Sənaye Tikinti X2 Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanlandığı 21.09.2021-ci il tarixli 03-01/783 saylı təklifdən görünür ki, Korporasiya tərəfindən cavabdehə 17.02.2007-ci il tarixli, 2199 saylı müqavilənin və 14.06.2016-cı il tarixli əlavə razılaşmanın ləğv edilməsi barədə razılaşmanın (müqavilənin) 3 gün müddətində bağlanılması və mənzilin təhvil verilməsi təklif olunmuş, əks təqdirdə müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Akkord Sənaye Tikinti X2 Səhmdar Cəmiyyətinin 09.12.2021-ci il tarixli 03-01/1030 saylı arayışından görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında 17.02.2007-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7-ci km ünvanında yerləşən bina 1, blok 38, mərtəbə 6, mənzil 21 (təzə 26), 3 otaqdan ibarət, ümumi sahəsi 83,40 kv.m olan mənzilin alınmasına dair 2199 saylı alqı-satqı müqaviləsi bağlanmış, mənzilin dəyəri tərəflərin razılığı ilə 71140.20 manat müəyyən olunmuş, alıcı mənzilin dəyərini 395,22 manat olmaqla 180 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Alıcı 27.09.2021-ci il tarixinə qədər 70349.16 manat ödəniş məbləği ödəməli olduğu halda, 61420.14 manat aylıq ödəniş ödəmişdir. Alıcının 8929.02 manat qrafik borcu və ödəmədiyi aylıq ödənişlərə görə hesablanmış cərimə borcu mövcuddur. Alıcı 24.09.2021-ci il tarixindən etibarən ümumiyyətlə ödəniş aparmamışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən "xxxx" ASC – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və 08.06.2021-ci il tarixli, **********112800 nömrə ilə çıxarış verilmiş, qanuni təmsilçi X3r. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi M.Şahbazov küçəsi 23 saylı evdə qeydiyyatdadır. -28.09.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilmək üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı-X8 Tikinti X2 Səhmdar Cəmiyyəti ilə cavabdeh-alıcı Cavabdeh arasında bağlanmış 17.02.2007-ci il tarixli, 2199 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, satıcı Abşeron rayonu Xırdalan şəhəri Sumqayıt şossesi 7-ci km ünvanında inşa edilmiş 1 saylı binanın 38 blok, 21 saylı 3 otaqdan ibarət ümumi sahəsi 83.40 kv.m olan mənzili alıcıya satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyəri olaraq, 71140.20 manatı 180 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə əsasında, iddiaçı öz öhdəliyini yerinə yetirərək mənzili cavabdehə təhvil vermiş, lakin cavabdeh mənzili təhvil alsa da müqavilə üzrə müəyyən olunmuş müddətlərdə və məbləğdə mənzilin dəyərindən ödənişləri gecikdirərək müqavilə şərtlərini pozmuşdur. Bu səbəbdən də iddiaçı Akkord Sənaye Tikinti X2 Səhmdar Cəmiyyəti müqavilənin ləğv edilməsi və mənzilin cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) : 324.1 maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2 maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 389.1 maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2 maddəsinə görə müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3 maddəsinə görə bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki iş materiallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, mənzilin alıcıya satılması və mənzilin dəyərindən ödənişlər edilməsi öhdəliklərini götürmüş tərəflər arasında mülki-hüquqi münasibətlərindən irəli gələn hüquq yaranmışdır. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, müqavilə tərəflərinin heç bir məcburiyyət tədbiri tətbiq olunmadan, könüllü iradə ifadələrinə uyğun olaraq bağlanmış həmin müqavilə imzalandığı gündən qüvvədə olmaqla müqavilə üzrə öhdəliklər yerinə yetirilənə qədər etibarlıdır. Mülki Məcəllənin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Aztelekom” İstehsalat Birliyinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının 04.02.2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12.07.2004-cü il tarixli Qərarına göstərilir ki, “... Mülki hüquq və vəzifələrin yaranması üçün əsaslardan biri əqdlərdir. Əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin növlərindən biri kimi çıxış edən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalıdır...”. Mülki iş materiallarında olan, tərəflər arasında bağlanmış mənzilin alqı-satqısı müqaviləsinin şərtlərinə əsasən, alıcı mənzilin dəyərini 180 ay müddətinə olmaqla hər ayın 17-dək aylıq 395.22 manat ödəməyi öhdəsinə götürmüşdür. “X1 üçün Unidroit Prinsipləri”nin 7.1.7-ci maddəsinə əsasən müqavilənin icra edilməməsi o halda üzrlü hesab olunur ki, icraçı icra edilməmənin səbəbinin nəzarət edə bilmədiyi maneə ilə əlaqədar olmasını və müqavilə bağlanarkən maneənin ağlabatan formada nəzərə alınmasının, qarşısının alınmasının və nəticələrinin aradan qaldırılmasının mümkün olmadığını sübut etsin. Maneə müvəqqətidirsə, yalnız bu halda müqavilənin icrasına maneə olan təsir məqbul hesab olunan müddət üçün əsaslı hesab olunacaq. Əlavə olaraq məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarında göstərilir ki, “... Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun...”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi müəyyənlik prinsipinə dair formalaşdırdığı hüquqi mövqedən görünür ki, bu prinsip hüququn ali prinsiplərindəndir. Yuxarıda istinad edilən Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli qərarı kredit müqaviləsi ilə bağlı olmasından asılı olmayaraq, məhkəmə hesab edir ki, bu müqavilə azadlığı sahəsində hüquqi müəyyənlik prinsipi, yəni müqavilənin mümkün qədər aydın olması və sadə şəkildə tərtibi bütün növ müqavilələr üzrə keçərlidir. Qanunvericiliyin tələblərindən və tərəflər arasında bağlanmış müqavilə şərtlərinə istinad edərək məhkəmə qeyd edir ki, satıcı alıcı tərəfindən müqavilə öhdəliyinin icra edilməməsi, mənzilin dəyərindən ödənişləri gecikdirməsi, daha dəqiq şəkildə isə alıcı tərəfindən 30 gündən artıq müddətə gecikdirdiyi təqdirdə satıcının müqaviləni birtərəfli qaydada ləğv etmək səlahiyyətini müəyyən etmişdir. Lakin müqavilənin 3.1-ci bəndinə əsasən, alıcı öhdəsinə götürdüyü aylıq ödəməni gecikdirərsə o zaman onun müqaviləyə əsasən ödəməli olduğu tarixdən etibarən 5 gün müddətində satıcı tərəfindən güzəşt müddəti müəyyən edilmişdir. Məhkəmə, müqavilənin həmin bəndini rəhbər tutaraq, Mülki Məcəllənin 448.4-cü bəndinə istinad edərək qeyd edir ki, qanunverilik, humanizm nöqteyi nəzərindən çıxış edərək müqavilə tərəfi üzrə borclu tərəfindən müqavilə şərtinin pozulmasının heç də bütün hallarda onun əleyhinə hüquqi nəticələr yaratmadığını xüsusi vurğulamışdır. Bu səbəbdən də, məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, müqavilənin ləğv edilməsi şərtləri nəzərdə tutulsa da, həmin müqavilə öhdəliklərinin hazırki iş üzrə cavabdeh tərəfindən pozulmasının üzrlü hesab edilməsinə kifayət qədər əsaslar vardır. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş ödəniş qəbzlərinə, arayışa əsasən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən mənzilin müqavilə üzrə dəyərindən davamlı şəkildə ödəniş olunmuş, 2010-cu ildən həmin mənzildə ailə üzvləri ilə məskunlaşaraq həmin mənzildə yaşayır, həmin mənzil sonuncunun qanuni sahibliyində və istifadəsində olmaqla həmin mənzilə “gözlənilən mülkiyyət hüququ” yaranmışdır. Belə ki, Mülki Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Mülki Prosessual Məcəllənin: 82.1. maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə qeyd edir ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar olaraq ölkə üzrə tədbirlər görülmüş, qeyri-iş günləri elan edilmiş, nəticə etibarı ilə, vətəndaşların əmək fəaliyyəti ilə məşğul olması məhdudlaşdırılmışdır. Hazırki iş üzrə Cavabdeh Covid-19 pandemiyası dövründə əmək fəaliyyəti ilə məşğul olmaması, övladlarının təhsil haqlarının ödənilməsi, nəticədə, maddi çətinliyinin yaranması müqavilə öhdəliyinin vaxtında icra edilməməsini üzrlü hesab edən zəruri hal kimi müəyyən edilmişdir ki, Covid-19 pandemiyası ərəfəsində əmək fəaliyyəti məhdudlaşdırılmış vətəndaşların maddi çətinliyinin yaranmasının sübuta ehtiyacı yoxdur. Lakin iddiaçı Akord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC müqavilə üzrə cavabdeh tərəfindən ödənişlərin böyük bir qismi ödənildiyi halda, Mülki Məcəllənin 484.4-cü maddəsinə istinad edərək, müqavilə öhdəliyinin cavabdeh tərəfindən gecikdirilməsinin üzrlü hesab edilən hallarını araşdırmamış, müqavilə ödənişlərində güzəştə getməmiş, borcun 3 gün müddətində ödənilməsi təklifini 21.09.2021-ci il tarixdə cavabdehə göndərməklə kifayətlənib, 30.09.2021-ci il tarixdə isə müqavilənin ləğvi tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24.11.2005-ci il tarixli 4 saylı qərarının Qərarın 1-ci bəndinə göstərilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmə həmçinin, mülki iş materiallarına əlavə edilmiş, iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışı ilə cavabdeh tərəfindən təqdim olunmuş ödəniş qəbzlərini paralel şəkildə qiymətləndirərək qeyd edir ki, maliyyə arayışına əsasən, cavabdeh tərəfindən 24.09.2021-ci il tarixdən etibarən ödəniş edilmədiyi qeyd edilsə də, məhkəmə araşdırması zamanı cavabdehin 19.10.2021-ci il tarixdə 1400 manat, 19.11.2021-ci il tarixdə 1900 manat, 15.12.2021-ci il tarixdə 1900 manat olmaqla cəmi 5200 manat ödəniş etməsi onun müqavilə öhdəliklərindən qəsdən, qərəzli şəkildə yayınmadığını, müqavilə öhdəliklərini kobud şəkildə pozmadığını bir daha sübuta yetirir. Bu səbəbdən də məhkəmə iddiaçının müqavilənin ləğvi, mənzilin iddiaçıya təhvil verilməsi və cavabdehin mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə heç bir əsas görmür. Ədаlət mühаkiməsinin həyаtа keçirilməsi zаmаnı “İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа” Аvrоpа Kоnvensiyаsı müddəаlаrının və İnsаn Hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsi presedentlərinin tətbiqi hаqqnıdа Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun 30 mаrt 2006-cı il tаrixli qərаrındа göstərilir ki, Аzərbаycаn Respublikаsı “İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа” Аvrоpа Kоnvensiyаsının iştirаkçısı və оnu rаtifikаsiyа etmiş dövlət kimi 2002-ci il аprel аyının 15dən Kоnvensiyа və оnun prоtоkоllаrının təfsiri və tətbiqi məsələləri üzrə İnsаn hüquqlаrı Üzrə Аvrоpа Məhkəməsinin yurisdiksiyаsının məcburiliyini tаnıyır. Аzərbаycаn Respublikаsı Kоnvensiyаnı rаtifikаsiyа etdiyi dövrdən sоnrа yurisdiksiyаsı аltındа оlаn insаnlаrın Kоnvensiyаdа nəzərdə tutulаn hüquqlаrını təmin etməlidir. İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvensiyаsının 46-cı mаddəsinə əsаsən Аvrоpа Məhkəməsinin qərаrlаrı bu Kоnvensiyаnı rаtifikаsiyа etmiş dövlətlər üçün məcburidir. İnsan hüquqlarının və X4 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24.11.2005-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 18.03.2019-cu il tarixli Qərarında deyilir ki, “... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir”. Məhkəmə, qanunvericiliyin tələblərinə, mülki iş materiallarına istinad edərək qeyd edir ki, Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi məhkəmə araşdırması zamanı tədqiq olunmuş halların müqavilənin ləğvi üçün əsas olmadığından təmin edilməməlidir. Məhkəmə eyni zamanda izah edir ki, müqavilə üzrə mənzilin dəyərindən qalıq borc ödənişi ilə bağlı iddiaçı Akkord Sənaye Tikinti X2 Səhmdar Cəmiyyətinə pul tələbinə dair müstəqil iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. İş materiallarında olan 28.09.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Akkord Sənaye Tikinti X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar