Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-604/2023 16.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pulun, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pulun, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 190 manat məbləğində pulun, maddi zərərə görə 1068 manat pulun, vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat pulun və ödənilmiş 35 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh usta kimi fəaliyyət göstərmişdir. Onun yaşadığı evin həyət hissəsinə tamet vurulması ilə bağlı Cavabdehlə tanış olmuş və razılığa gəlmişlər ki, cavabdeh işləri keyfiyyətli yerinə yetirərək təhvil verəcəkdir. Bununla bağlı cavabdehə 190 manat məbləğində pul vermişdir. Cavabdeh tərəfindən işlər tam keyfiyyətsiz yerinə yetirilmişdir, belə ki tametlər əyri vurulduğu üçün az bir müddət ərzində çökmüş və yararsız hala düşümüşdür. Cavabdeh öz səhvini düzəltmədiyindən o, məcbur qalaraq başqa ustaya müraciət etmiş, tametlər sökülərək yenidən vurulmuşdur. Materialların alınmasına, ustaya zəhmət haqqı verilməsi ilə birlikdə ona 1068 manat maddi ziyan vurulmuşdur. O, cavabdehdən ödədiyi pulu qaytarmasını və vurulmuş maddi ziyanı ödəməsini tələb etsə də, nəticəsi olmamışdır. Cavabdehin təqsiri ucbatından o, maddi ziyana məruz qalmışdır . Onun əməli barədə polis orqanlarına şikayət etmiş, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. Cavabdehin təqsiri üzündən dəfələrlə stress keçirmiş, onda əsəb gərginliyi yaranmış, sağlamlığı pozulmuşdur. Bütün bunların səbəbindən o, mənəvi zərərə məruz qalmışdır. Bu hal onun gündəlik həyatına və işinə mənfi təsir göstərmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh barəsində etdiyi şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı yaşadığı evin həyətinə tamet vurulması məqsədilə Cavabdeh ilə tanış olmuş və həmin işin görülməsini ona tapşırmışdır. Bununla belə, Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş, işi qüsurlu görmüşdür. Bununla da, tərəflər arasında mübahisə yaranmışdır. Məsələ ilə bağlı İddiaçı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, onun ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Bununla belə, cavabdeh araşdırma zamanı izahat verərək göstərmişdir ki, bir müddət öncə Sevda adlı şəxsin vasitəsi ilə tanıdığı Gülnar adlı şəxsin yaşadığı ünvanın həyətyanı sahəsində tamet vurmağa başlamışdır. Ev sahibi görüləcək işlərə görə ona 170 manat pul vermişdir. İşlədiyi müddətdə 10 kv.metrlik yeri ev sahibi onu tələsdirdiyi üçün əyri işləmiş və həmin yeri sökmüşdür. Səhəri günü səhvini düzəltmək üçün yenidən həmin ünvana getmiş, lakin ev sahibi işləməyə icazə verməmiş, onun barəsində polisə şikayət etmişdir. Həmin ünvanda 100 manat dəyərində işləmiş, ev sahibinə 70 manat borclu qalmış və həmin pulu tanışı Sevdanın vasitəsi ilə onlara göndərmiş, lakin ev sahibi pulu qəbul etməmişdir. MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Tərəfin izahatına və iş materiallarındakı sənədlərə məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, yaşayış evinin həyətində tamet quraşdırılması barədə tərəflər arasında podrat münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 763.1-ci maddəsinə görə əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 763.2-ci maddəsinə əsasən əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Həmin Məcəllənin 763.3-cü maddəsinə görə əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər. Həmin Məcəllənin 765-ci maddəsinə görə məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. İşdən görünür ki, iddiaçı tərəfindən sifariş verilmiş işdə, yəni həyətə tametin vurulmasında qüsurlar olmuşdur. Bu fakt hər iki tərəfin polis orqanında verdikləri izahatlarla təsdiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında podrat münasibətləri yarandığından və verilmiş 170 manat dəyərində sifariş podratçı tərəfindən qüsurlu icra edildiyindən, sifarişçinin çəkdiyi 170 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Dəymiş maddi və mənəvi zərərin əvəzinin tutulması barədə tələbə gəldikdə isə məhkəmə hesab edir ki, İddiaçı bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir və iddia bu hissələrdə təmin edilə bilməz. Belə ki, iş materiallarında iddiaçının 1068 manat məbləğində maddi və 200 manat məbləğində mənəvi zərərə məruz qalmasını təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilmiş 35 manat pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 170 manat və ödənilmiş dövlət rüsumu üçün 35 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-604/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-604/2023
16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver