Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6041/2021 27.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı Akkord Sənaye Tikinti X1 Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Akkord Sənaye Tikinti X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Akkord Sənaye Tikinti X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, bina 1, blok 64, mərtəbə 10, 37A saylı (45.47 kv.m) saylı mənzilin alqı-satqısına dair bağlanmış 10.05.2011-ci il tarixli, 13896 saylı müqavilənin ləğv edilməsi, mənzilin boşaldılaraq iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi və Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Akkord Sənaye Tikinti X1 Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, bina 1, blok 64, mərtəbə 10, 37A saylı (45.47 kv.m) mənzilin alqı-satqısına dair 10.05.2011-ci il tarixli, 13896 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən mənzilin dəyəri 64021,76 manat müəyyən edilmiş və cavabdeh həmin məbləği 240 ay müddətində hər ay 266.76 manat olmaqla hər ayın 10-dək ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini icra edərək mənzili cavabdehə təhvil vermiş, lakin cavabdeh tərəfindən uzun müddətdir ki, aylıq ödənişlər edilməmiş, müqavilənin tələbləri pozulmuşdur. Cavabdehə edilmiş şifahi və rəsmi xəbərdarlıqların heç bir nəticəsi olmamışdır. Bu hal iddiaçıya müqavilənin 3.1.1.3. və 3.1.1.7.-ci bəndlərinə və əlavə razılaşmanın 7-ci bəndinə əsasən yazılı xəbərdar etməklə müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ vermişdir. Müqavilənin 3.1.1.3-cü bəndinə əsasən alıcı bu müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəliklərini, xüsusilə bu müqavilənin 2-ci bölməsində nəzərdə tutulmuş ödəniş qaydaları barədə müddəaları pozduqda, satıcının müqavilənin icrasından birtərəfli qaydada imtina etmək hüququ vardır. Müqavilənin 3.1.1.7-ci bəndinə əsasən alıcı bu müqavilə ilə müəyyən olunmuş ödəniş müddətindən sonrakı 30 təqvim günü ərzində ödəniş etmədikdə, yazılı xəbərdar edildikdən sonra, satıcının bu müqavilənin icrasından birtərəfli qaydada imtina etmək hüququ vardır. Cavabdeh tərəfindən müqavilədən irəli gələn öhdəliklərin icra olunmaması müqavilənin əhəmiyyətli dərəcədə pozuntusuna dəlalət edir. İddiaçı müqavilənin icrasından birtərəfli qaydada imtina etməklə, onun ləğv edilməsi barədə bildirişi cavabdehə ünvanlamış, lakin bunun heç bir nəticəsi olmamışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -X6 Tikinti X1 Səhmdar Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanmış 10.05.2011-ci il tarixli, 13896 saylı mənzilin alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Abşeron rayonu Xırdalan şəhəri Sumqayıt şossesi 7-ci km-də inşa edilmiş 1 saylı binanın 64 blok, 37a saylı 1 otaqdan ibarət ümumi sahəsi 45.47 kv.m olan mənzili alıcıya satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilənin 1.1-ci bəndində qeyd edilən mənzilin dəyəri tərəflərin razılığı ilə 64021.76 manat müəyyən olunmuş və alıcı mənzilin qiymətini 240 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.1.3-cü və 3.1.1.7-ci bəndlərinə əsasən, satıcı alıcı müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəliklərini, xüsusi ilə müqavilənin 2-ci bölməsində nəzərdə tutulmuş hesablaşmaların həyata keçirilməsinə dair müddəaları pozduqda, alıcı 2 ay ödəniş etmədikdə yazılı xəbərdarlıq edildikdən sonra müqavilənin icrasından birtərəfli qaydada imtina etmək hüquqları vardır. -Akkord Sənaye Tikinti X1 Səhmdar Cəmiyyətinin 09.12.2021-ci il tarixli 03-01/1028 saylı arayışından görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında 10.05.2011-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7-ci km ünvanında yerləşən bina 1, blok 64, mərtəbə 10, mənzil 37a (təzə 51), 1 otaqdan ibarət, ümumi sahəsi 45,47 kv.m olan mənzilin alınmasına dair 13896 saylı alqı-satqı müqaviləsi bağlanmış, mənzilin dəyəri tərəflərin razılığı ilə 64021,76 manat müəyyən olunmuş, alıcı mənzilin dəyərini 266,76 manat olmaqla 240 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Alıcı 27.09.2021-ci il tarixinə qədər 33838.52 manat ödəniş məbləği ödəməli olduğu halda, 26510,16 manat aylıq ödəniş ödəmişdir. Alıcının 7328.36 manat qrafik borcu və ödəmədiyi aylıq ödənişlərə görə hesablanmış cərimə borcu mövcuddur. Alıcı 20.08.2021-ci il tarixindən etibarən ümumiyyətlə ödəniş aparmamışdır. -Akkord Sənaye Tikinti X1 Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanlandığı 21.09.2021-ci il tarixli 03-01/778 saylı təklifdən görünür ki, Korporasiya tərəfindən cavabdehə 10.05.2011-ci il tarixli, 13896 saylı müqavilənin ləğv edilməsi barədə razılaşmanın 3 gün müddətində bağlanılması və mənzilin təhvil verilməsi təklif olunmuş, əks təqdirdə müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən "xxxx" ASC – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və 08.06.2021-ci il tarixli, **********112800 nömrə ilə çıxarış verilmiş, qanuni təmsilçi X2r. -Yasamal RPİ tərəfindən verilmiş 12.05.2005-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Yasamal rayonu 2-ci Nərimanov döngəsi 13 saylı evdə qeydiyyatdadır. -28.09.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilmək üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı-X6 Tikinti X1 Səhmdar Cəmiyyəti ilə cavabdeh-alıcı Cavabdeh arasında bağlanmış 10.05.2011-ci il tarixli, 13896 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, satıcı Abşeron rayonu Xırdalan şəhəri Sumqayıt şossesi 7-ci km ünvanında inşa edilmiş 1 saylı binanın 64 blok, 37a saylı 1 otaqdan ibarət ümumi sahəsi 45.47 kv.m olan mənzili alıcıya satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyəri olaraq, 64021.76 manatı 240 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə əsasında, iddiaçı öz öhdəliyini yerinə yetirərək mənzili cavabdehə təhvil vermiş, lakin cavabdeh mənzili təhvil alsa da müqavilə üzrə müəyyən olunmuş müddətlərdə və məbləğdə mənzilin dəyərindən ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Bu səbəbdən də iddiaçı Akkord Sənaye Tikinti X1 Səhmdar Cəmiyyəti müqavilənin ləğv edilməsi və mənzilin cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q. Teryoxinin şikayəti üzrə qərarında göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulması ilə nəticələnə bilər.” Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını müəyyən etmişdir. Lakin xüsusi nəzərə alınmalıdır ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafıəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən, mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfındən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfındən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz." Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfındən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçünçü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 6.1.5 maddəsinə əsasən müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1 maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 405.1 maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 442 maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567 maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki iş materiallarına əlavə olunmuş, tərəflər arasında bağlanmış 10.05.2011-ci il tarixli, 13896 saylı müqaviləyə əsasən, satıcı mənzili alıcıya təhvil verməklə, öz öhdəliyini yerinə yetirmiş, lakin alıcı mənzilin dəyərindən ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozmuşdur ki, bu hal Akkord Sənaye Tikinti X1 Səhmdar Cəmiyyətinin 09.12.2021-ci il tarixli 03-01/1028 saylı arayışı ilə də öz təsdiqini tapmışdır. Belə ki, həmin arayışa əsasən, dəyəri 64021,76 manat olan mənzilə görə hər ay 266,76 manat olmaqla 240 ay müddətində ödəniş edilməli, alıcı isə 27.09.2021-ci il tarixinə qədər 33838.52 manat ödəniş məbləği ödəməli olduğu halda, 26510,16 manat aylıq ödəniş ödəmişdir. Alıcının 7328.36 manat qrafik borcu və ödəmədiyi aylıq ödənişlərə görə hesablanmış cərimə borcu da mövcuddur. Alıcı 20.08.2021-ci il tarixdən etibarən ümumiyyətlə ödəniş aparmır. Bu səbəbdən də iddiaçı müqavilənin ləğv edilməklə mənzilin iddiaçıya təhvil verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (Mülki Məcəllənin 421.1.,421.2.,422.2.-ci maddələri.) İddia ərizəsində tərəflər arasında müqavilənin ləğv edilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, müqavilənin vaxtından əvvəl ləğvi cavabdehin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməməsi səbəbindən irəli gəlir və bu, müqavilənin şərtlərinə uyğundur. Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər Kooperativin verdiyi mənzil, bağ, qaraj və ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə hüququ əldə edirlər. Kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 112.1-ci maddəsinə əsasən kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə Kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər Kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və Kooperativin mühasibat balansı təsdiq edildikdən sonra həyata keçirilir. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları ümumiləşdirib, qanunvericiliyin tələblərini qiymətləndirib belə qənaətə gəlir ki, iddia tələbi müqavilə şərtlərinə uyğundur və təmin edilməli, iddiaçı Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası MTK ilə Cavabdeh arasında bağlanmış 10.05.2011-ci il tarixli, 13896 saylı mənzilin alqı-satqı müqaviləsi ləğv edilməli, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci km ünvanında bina 1, blok 64, mərtəbə 10, 37A saylı (45.47 kv.m) saylı mənzil cavabdeh tərəfindən boşaldılaraq iddiaçı "xxxx" ASC-yə təhvil verilməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun məbləği cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi təmin edilsin. Akkord Sənaye Tikinti X1 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10.05.2011-ci il tarixli, 13896 saylı mənzilin alqı-satqı müqaviləsi ləğv edilsin. Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, 7-ci km ünvanında bina 1, blok 64, mərtəbə 10, ümumi sahəsi 45.47 kv.m olan 37A saylı mənzil Cavabdeh tərəfindən boşaldılmaqla Akkord Sənaye Tikinti X1 Səhmdar Cəmiyyətinə təhvil verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 10 (on) manat Akkord Sənaye Tikinti X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov