Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6134/2025 13.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2020-ci il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 246 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, onunla Cavabdeh xx.xx.2019-cu ildə nikaha daxil olmaqla ailə həyatı qurmuşdurlar. Onların həmin nikahdan övladları xx.xx.2020-ci il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X2 dünyaya gəlmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(045)-1237/2025 saylı qətnaməsinə əsasən xx.xx.2019-cu ildə cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş övladları xx.xx.2020-ci il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X2 onun himayəsində saxlanılmışdır. Hazırda övladları onun himayəsindədir. Hesab edir ki, uşaqların saxlanılması üçün onun xeyrinə Cavabdeh hər ay hər uşaq üçün 246 manat sabit pul məbləğində aliment tutulmalıdır. Artıq 2 ildir ki, cavabdeh övladlarını atıb getmişdir. O, hazırda fəhlə işləyir və işlədiyi vaxt uşaqlara bacısı baxır. Qeyd edir ki, məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə mediasiya prosesi barədə bildiriş göndərilmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etməmiş və razılaşma əldə olunmamışdır. Abşeron 1 saylı Mediasiya Təşkilatının mediatoru tərəfindən ona xx.xx.2025-ci il tarixli, MŞAB/MT041/2025- 01021 saylı ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. Həmçinin 60 manat məbləğində mediasiya xərci onun tərəfindən tam şəkildə ödənilmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron rayon İHB-nin Qobu qəsəbə İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş AZ-İV № 411530 saylı doğum haqqında şəhadətnamənin və AA6329948 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 02 fevral 2020-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı, anası isə Cavabdehdır. İş materiallarında olan Abşeron rayon İHB-nin Qobu qəsəbə İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş AZ-İV № 549695 saylı doğum haqqında şəhadətnamənin və AA3050006 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 13 may 2021-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı, anası isə Cavabdehdır. İş materiallarında olan Abşeron rayon İHB-nin Qobu qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İV № 891369 saylı doğum haqqında şəhadətnamənin və AA6050838 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 17 yanvar 2024-cü ildə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı, anası isə Cavabdehdır. İş materiallarında olan Goranboy Rayon Məhkəməsinin 2(045)-1237/2025 saylı, xx.xx.2025ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019cu il tarixində 1 saylı Bakı ASAN xidmət Mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 3359 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X1 İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 75.4-cü, 78.1-ci və 78.2-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsindən və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından çıxış edərək və “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləğini, həmçinin uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, 02 fevral 2020ci il təvəllüdlü X3, 13 may 2021-ci il təvəllüdlü X4 və 17 yanvar 2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, aliment xx.xx.2025-ci ildən tutulmalıdır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Cavabdeh Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 77,6 (yetmiş yeddi manat, altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq 02 fevral 2020-ci il təvəllüdlü X3, 13 may 2021-ci il təvəllüdlü X4 və 17 yanvar 2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 77,6 (yetmiş yeddi manat, altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Aliment dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-6134/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6134/2025
13.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver