Məhkəmə qərarları › İş №2(012)-621/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-621/2023

29.03.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-621/2023 29.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «bağışlama müqaviləsinin ləğv edilməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh2 bağışlanmasına dair Sumqayıt "ASAN Xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiqlənmiş xx.xx.2020-ci il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 etibarnamə üzrə nümayəndə qismində iştirakı ilə onun tərəfindən Cavabdeh2 rəsmi qaydada bağışlanılmışdır. Bu barədə müraciətləri əsasında Sumqayıt "ASAN Xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən Daşınmaz əmlakın bağışlanma müqaviləsi təsdiq edilmişdir. Hazırda məhkəməyə müraciət etməyinin səbəbi budur ki, Cavabdeh2 sözügedən hədiyyəni qəbul etmir. Belə ki, Cavabdeh1 həmin əmlakı digər Cavabdeh2 məlumatı olmadan sonuncunun adına qəbul etmişdir. Hal-hazırda da Cavabdeh2 hədiyyə olaraq verilmiş sözügedən fərdi yaşayış evini öz mülkiyyəti kimi qəbul etməkdən imtina edir. Buna görə də hesab edir ki, Sumqayıt "ASAN Xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən Daşınmaz əmlakın bağışlanmasına dair xx.xx.2020-ci il tarixli müqavilə ləğv edilməlidir. Odur ki, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı qəbul edir və iddia tələbinin təmin edilməsinə etirazı yoxdur. Digər Cavabdeh2 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, İddiaçı iddiasını qəbul edir. Lakin məhkəmə iclaslarında iştirak edə bilməyəcəkdir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Sumqayıt «ASAN Xidmət» Mərkəzində Notariat Ofisində bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən Səfərov X1 rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 4, dalan 3, ev, 29A ünvanında yerləşən ümumi sahəsi 151 kv/m, yaşayış sahəsi 71 kv/m, yardımçı sahəsi 80 kv/m olan 5 otaqlı fərdi yaşayış evini və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0194 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə hədiyyə alan Cavabdeh2 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmədə sübutlar araşdırılarkən müəyyən edilmişdir ki, Sumqayıt «ASAN Xidmət» Mərkəzində Notariat Ofisində bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, hədiyyə verən Səfərov X1 rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, döngə 4, dalan 3, ev, 29A ünvanında yerləşən ümumi sahəsi 151 kv/m, yaşayış sahəsi 71 kv/m, yardımçı sahəsi 80 kv/m olan 5 otaqlı fərdi yaşayış evini və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,0194 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə hədiyyə alan Cavabdeh2 mülkiyyətinə vermişdir. Beləliklə işin faktiki halları nəticəsindən yekun nəticəyə gəlmək olur ki, xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanılarkən hədiyyə verənin həqiqi hüquqi niyyəti və iradə ifadəsinin əsl məzmunu ifadə olunmuş və bağışlanma müqaviləsi qanuna müvafiq bağlanmış, hər hansı bir hüquq pozuntusuna yol verilməmiş, belə ki, məhkəmədə qeyd olunanların əksini təstiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. İddiaçı məhkəmə iclaslarına gəlməmiş,iddianın əsaslarına dair sübutlar təqdim etməmiş, Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etdiyini,digər Cavabdeh2 isə məhkəməyə ərizə göndərərək iddianı qəbil etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, bu hal da iddianın təmin olunmasına əsas hesab edilə bilməz.Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin ləğvi ilə bağlı mübahisə yoxdursa,həmin xüsusata məhkəmə qaydasında qiymət verilməsi AR Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh2 bağışlanmasına dair Sumqayıt "ASAN Xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiqlənmiş xx.xx.2020-ci il tarixli müqavilənin ləğv edilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar