Məhkəmə qərarları › İş №2(012)-627/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-627/2025

04.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-627/2025 04.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə Bəxtiyar qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən vurulmuş mənəvi zərərə görə 3000 manat təzminatın və 51 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə Bəxtiyar qızı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Türkiyə Respublikasının vətəndaşı Ufak Erhanla İddiaçı vurduğu maddi və mənəvi zərərlə əlaqədar iddiaçı Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. İş hakim Miməsir Mirhəsənlinin sədrliyi ilə keçirilmiş və iddiaçının tələbi qismən təmin edilmişdir. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinə iddia tələbinin tam təmin edilməsi ilə bağlı müraciət etmişdir. Ufak Erhanın həyat yoldaşı X3 rayon Məhkəməsinin həm elektron portalına ərizə yerləşdirib həm də həyat yoldaşı Ufak Erhanın nümayəndəsi və vəkili X2 məhkəməyə disk təqdim edib, həmin diskin içində Microsoft Word proqram vasitəsilə ərizə yazmışdır. Hər iki ərizələrdə iddiaçını, Azərişıq işçisinə rüşvət təklif edib və Azərişıq işçisinə gözünün qabağında 638 manat rüşvət verdiyini qeyd etmişdir. Bundan əlavə, ərizələrin birində (elektron portala yerləşdirilən) ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus olan mənzili (ofis) ermənilərdən aldığını, iddiaçının ermənilərin yaxşı insan olduqlarını, Azərbaycan millətini pislədiyini, alçaltdığını, erməniləri ucaldan sözləri çəkinmədən dilə gətirən insan olduğunu qeyd etmişdir. Hesab edir ki, bunlar çox ağır ittihamlardır. Rüşvət vermək Azərbaycan Respublikası CM-nin 312-ci maddəsi üzrə məsuliyyət yaradan haldır. Dövlətə xəyanət etmək Azərbaycan Respublikası CM-nin 274-cü maddəsi üzrə məsuliyyət yaradan haldır. Maraqlı olan odur ki, Sürəyya Ufak hansı sübutlarla və hansı əsaslarla iddiaçını bu ittihamlarda günahlandırır? Əlavə olaraq diqqətə çatdırmaq istəyir ki, Sürəyya Ufakın iddialarının heç bir həqiqəti əks etdirmir və ümumiyyətlə belə bir hal olmamışdır. Türkiyə Respublikasının vətəndaşı Ufak Erhanla iddiaçıya vurduğu maddi və mənəvi zərərlə əlaqədar Abşeron rayon Məhkəməsində keçirilən iclasların heç birində nə Erhan Ufak nə də həyat yoldaşı Sürəyya Ufak iştirak etməmişlər. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdeh şirkətin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dəvət olunmuş Şahid ifadəsində bildirmişdir ki, o, İddiaçı ilə qonşudur. Belə ki, iddiaçı öz evini türk vətəndaşı Cavabdeh adlı şəxsə kirayə vermişdir. O, evlərə gedərək, təmizlik işləri görür. Eyni zamanda o, iddiaçının kirayə verdiyi evdə də xadiməçi işləmişdir. Cavabdeh həmin evdə kirayə qaldığı müddətlə qonşularla dalaşmış və tez-tez mübahisələr etmişdir. Həmçinin Cavabdeh iddiaçının "xxxx" ASC-yə rüşvət verməsi barədə ifadələr səsləndirmişdir. O, iddiaçının "xxxx" ASC-yə rüşvət verməsi barədə ifadələri 3-4 nəfər uşaqdan da eşitmişdir. Lakin o, iddiaçının rüşvət almasını görməmiş və birbaşa şahidi olmamışdır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 3, mənzil 11 ünvanında qeydiyyatdadır, Cavabdeh isə ünvan 3 ünvanında müvəqqəti yaşamaq icazəsi vardır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və şahidin ifadəsini dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilmlidir. Belə ki, iddiaçı tələbində mənəvi ziyan olaraq 3000 manatın cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmiş, lakin qeyd edilənləri təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, yalnız özünün mülahizəsinə əsaslanmışdır. Belə ki, iddiaçı izahatında Ufak Erhanın həyat yoldaşı X3 rayon Məhkəməsinin həm elektron portalına ərizə yerləşdirib həm də həyat yoldaşı Ufak Erhanın nümayəndəsi və vəkili X2 məhkəməyə disk təqdim edib, həmin diskin içində Microsoft Word proqram vasitəsilə ərizə yazmışdır. Hər iki ərizələrdə iddiaçını, Azərişıq işçisinə rüşvət təklif edib və Azərişıq işçisinə gözünün qabağında 638 manat rüşvət verdiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, şəxsin şərəf və ləyaqətini alçaldan sözlər kütləvi informasiya vasitələrində yayıldıqda və eyni zamanda iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olması ilə müəyyən olunur. Məhkəmə araşdırılması zamanı belə halların olması iddiaçı tərəfindən sübuta yetirilmədi. Şahid ifadəsinə gəldikdə şahid həmin ifadələrin birbaşa özü tərəfindən deyil kənar şəxslərdən eşitdiyini bildirmişdir. Ona görə də, məhkəmə şahid ifadəsini sübut kmi nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, iddiaçı keçirdiyi mənəvi iztirabların məhz cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində yaranmasını (səbəbli əlaqə) sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalananları və Azərbaycan Respublikası MPM-nin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar