Məhkəmə qərarları › İş №2(012)-645/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-645/2023

19.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-645/2023 19.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı təhsil xərcinin ödənilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı təhsil xərcinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nigahdan xx.xx.2004-cü ildə doğulmuş X1 təhsil aldığı müddətdə hər ay 200 manat təhsil xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə el adəti ilə toy edərək ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2004-cü ildə X3 adlı uşaq olmuşdur. Bir müddət sonra xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Dilbər adlı uşağın saxlanılması üçün cavabdeh hər ay aliment ödəmiş, lakin o, yetkinlik yaşına çatdığından artıq alimentin ödənilməsi dayandırılmışdır. Lakin Dilbər orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsi sosial iş ixtisasının qiyabi şöbəsinə qəbul olmuşdur. Ali təhsilini Bakı şəhərində davam etdirdiyindən onun müəyyən xərcləri yaranmışdır. Belə ki, onun Bakı şəhərində evi olmadığından qızı Dilbər Bakı şəhərində kirayə qalmalı, oradan universitetə gedib-gəlməli və ərzaq ehtiyaclarından istifadə etməlidir. Bu isə xeyli məbləğdə xərc tələb edir ki, təkbaşına həmin xərcləri çəkməyə maddi imkanı yetmir. Əgər Dilbərin atası uşağın təhsilini başa vurduğu vaxta kimi müəyyən məbləğdə yardım etsə, uşaq Bakı şəhərində təhsilini davam etdirə biləcəkdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia ilə razılaşmadı və onun təmin olunmamasını xahiş etdi. O bildirdi ki, maddi imkanı zəifdir. Bundan başqa, o, təkrar nikaha girmişdir və bu nikahdan 2 azyaşlı uşağı vardır. Onun hər ay 200 manat vəsait ödəməyə maddi imkanı yoxdur. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 2(050)-1940/2018 saylı, 31 iyul 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat alimentin məbləğinin artırılaraq 154 manat müəyyən edilməsi, həmin pul vəsaitinin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Dövlət Universitetinin xx.xx.2022-ci il tarixli, 11/348 saylı arayışından görünür ki, X3 Bakı Dövlət Universiteti Sosial elmlər və psixologiya fakültəsi Sosial iş ixtisasının qiyabi təhsilalma forması Azərbaycan bölməsi üzrə birinci kurs tələbəsidir. İş materiallarından görünür ki, tərəflər nikahda olmuşlar və onların birgə nikahından xx.xx.2004-cü il tarixdə X3 adlı uşaqları olmuşdur. Sonradan tərəflər ayrılmışlar və Dilbər anasının himayəsində qalmışdır. Masallı Rayon Məhkəməsinin 2(050)-1940/2018 saylı, 31 iyul 2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat alimentin məbləğinin artırılaraq 154 manat müəyyən edilməsi, həmin pul vəsaitinin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. X3 Bakı Dövlət Universiteti Sosial elmlər və psixologiya fakültəsinin (qiyabi təhsilalma forması) tələbəsidir. Hazırda İddiaçı Cavabdeh qarşı təhsil xərcinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nigahdan xx.xx.2004-cü ildə doğulmuş X1 təhsil aldığı müddətdə hər ay 200 manat təhsil xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etmir. Ailə Məcəlləsinin 60.3-cü maddəsinə görə uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Həmin Məcəllənin 81-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. İş materiallarından görünür ki, hazırda aylıq ödəmələrlə tələb edilən vəsait birgə nikahdan doğulmuş xx.xx.2004-cü il təvəllüdlü Dilbər adlı uşağın qiyabi əsaslarla ali təhsil alması məqsədilə tələb edilmişdir, halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarına görə uşağın orta təhsil almasından sonra onun ali təhsil almasına görə cavabdehdən bununla bağlı vəsait tələb edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən onun Cavabdeh qarşı cavabdehin uşağın ali təhsillə bağlı xərclərində iştirak etməsi barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı təhsil xərcinin ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar