Məhkəmə qərarları › İş №2(012)-6499/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6499/2024

12.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6499/2024 12.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Həsənova Elnurə Eynur qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat məbləğində alimentin və mediasiya təşkilatına ödədiyi dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh qarşı atalığın müəyyən olunması və aliment tələbi ilə bağlı Abşeron Rayon Məhkəməsinə iddia ilə müraciət edərək xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X2 ataları kimi xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh müəyyən edilməsini xahiş etmiş, xx.xx.2023-cü il tarixində Abşeron Rayon Məhkəməsinin 2(012)-2769/2023 saylı qətnaməsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X2 atasının Cavabdeh müəyyən olunmuşdur. Məhkəmə bitdikdən sonra xx.xx.2023-ci il tarixdə Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən hər iki övladına atalığın müəyyən edilməsi haqqında şəhadətnamə alınmışdır. Övladlarıma tək baxmaqda çətinlik çəkir, onlann ərzaqlarını, geyimlərini və digər xərclərini çatdıra bilmədiyi üçün aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən cavabdehdən iki uşağın saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etdiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Mülki iş materiallarında olan AZ-İV 891254 və AZ-İV 891255 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X5 adlı uşaqlar doğulmuşdur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdehin faktiki nikahından xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X5 adlı uşaqlar doğulmuşlar. Hazırda ailə faktiki olaraq dağılıb və iddiaçı iki övladı ilə birlikdə ayrı ünvanda yaşayır. Cavabdeh iki uşağına maddi köməklik göstərmədiyindən iddiaçı alimentlə bağlı məhkəmədə hazırki iddianı qaldırmışdır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, uşağın saxlanması hər iki valideynin vəzifəsi olduğundan və bununla bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından uşaqların saxlanılması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin maddi vəziyyəti, uşaqların mənafeyi nəzərə alınmalı və uşaqların normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsini məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflərin birgə nikahından olan xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı uşaqların saxlanması məqsədilə hər uşaq üçün hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit məbləğdə aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Mülki-Prosessual Məcəllənin 4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin birgə nikahından olan xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2020-ci il təvəllüdlü X3 adlı uşaqların saxlanması məqsədilə xx.xx.2024-cü il tarixdən başlayaraq hər uşaq üçün hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit məbləğdə aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar