Məhkəmə qərarları › İş №2(012)-6849/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6849/2025

27.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6849/2025 27.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-712/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən, onunla cavabdeh X9 arasında 02 iyun 2012-ci il tarixdə bağlanmış nikah pozulmuş, xx.xx.2013-cü il tarixdə anadan olmuş Leyla anası X2 himayəsində saxlanılmış, xx.xx.2013-cü il tarixdə anadan olmuş Leylanın yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı Çiqalı oğlundan cavabdehin xeyrinə tutulan alimentin miqdarının iddiaçının öz xahişi ilə 200 manat miqdarında aliment təyin edilməklə tutularaq X6 ödənilməsi qət edilmişdir. Qətnamədə buraxılmış yanlışlığın düzəldilməsi barədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-712/2015 saylı qərarına əsasən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-712/2015 saylı qətnaməsinin qət etdiyi hissəsində "13 iyun 2013-cü il tarixdə anadan olmuş Leylanın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Çiqalı oğlundan cavabdehin xeyrinə tutulan alimentin miqdarı iddiaçının öz xahişi ilə 200 manat miqdarda aliment təyin edilməklə tutularaq X6 ödənilsin" əvəzinə "13 iyun 2013-cü il tarixdə anadan olmuş Leylanın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Çiqalı oğlundan cavabdehin xeyrinə tutulan alimentin miqdarı iddiaçının öz xahişi ilə 150 manat miqdarında aliment təyin etməklə və tutularaq X6 ödənilsin" kimi qeyd edilmişdir. Tələbkar-ərizəçi Cavabdeh ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)- 712/2015 saylı qətnaməsinə əsasən, övladı xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana dək saxlanılması üçün borclu İddiaçı Çiqalı oğlundan onun xeyrinə tutulan alimentin məbləğinin sonrakı artımları nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli həddində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(012)-543/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 2(012)-715/2015, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 150 manat alimentin məbləği xx.xx.2025-ci ildən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı 1.43 misli həddində sabit pul məbləğində indeksasiya edilməsi barədə qərardad qəbul edilmişdir. Nikah pozulduqdan sonra o, ikinci dəfə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. İkinci evliliyindən iki övladı xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2024-cü il təvəllüdlü X10 dünyaya gəlmişdir. Hazırda ailə qarşısında olan öhdəlikləri artmışdır. Özü rəsmi olaraq heç bir yerdə işləmir və rəsmi iş yeri olmadığı üçün maddi durumu zəifdir. Hal-hazırda indeksasiya olunmuş aliment məbləği 572 manat təşkil edir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(012)-543 saylı qərardadı ilə xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının (400 manat) 1,43 misli həddində alimentin azaldılaraq, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının (400 manat) 0,62 misli həddində azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, o, 2025-ci ilin sentyabr ayından işdən azad edilmişdir. Məhkəmə qətnaməsinə əsasən aliment 150 manat müəyyən edilmiş, lakin qətnamədə yalnış olaraq 250 manat qeyd edilmişdir. Sonradan həmin yalnışlıq aradan qaldırmış və 150 manat müəyyən edilmişdir. Hazırda bir uşaq üçün 1,43 misli miqdarında aliment müəyyən edilmişdir. 2017-ci ildə başqa xanımla ailə həyatı qurmuş və birgə rəsmi nikahlarından 2 uşaqları vardır. Onun adına 3 avtomobil olsa da, həmin avtomobillər dostlarınındır. İddianın minumum məbləğdə, yəni 260 manat dəyərində tutulmasını və vəziyyətin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etmədi və izahatında bildirdi ki, əvvəlki məhkəmə qətnaməsində yalnışlıq olmuş və 200 manat aliment 150 manatla əvəz edilmişdir. Bundan sonra aliment məbləği indeksasiya edilmişdir. İddiaçının aliment üzrə borcu vardır. İddiaçının adına daşınmaz əmlak və avtomobillər vardır. Odur ki, iddia tələbinin təmin olunmamasını xahiş etdi. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 207302 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2013-cü ildə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası isə X3. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-712/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə X9 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X1 anası X2 yanında saxlanılması, həmin uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı cavabdehin xeyrinə tutulan alimentin miqdarı iddiaçının öz xahişi ilə 200 manat miqdarında təyin edilməklə X4 ödənilməsi, alimentin tutulmasının əvvəli xx.xx.2014-cü il tarixdən hesablanması, iş üzrə ödənilmiş 5 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-712/2015 saylı qərardadının surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-712/2015 saylı qətnaməsi qət etdi hissəsində “xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı cavabdehin xeyrinə tutulan alimentin miqdarı iddiaçının öz xahişi ilə 200 manat miqdarında təyin edilməklə X4 ödənilsin” əvəzinə “xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı cavabdehin xeyrinə tutulan alimentin miqdarı iddiaçının öz xahişi ilə 150 manat miqdarında təyin edilməklə X4 ödənilsin” kimi qeyd edilməsi qərara alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 8(012)-543/2025 saylı qərardadından görünür ki, ərizə təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-712/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş 150 manat alimentin məbləğinin xx.xx.2025-ci ildən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,43 misli həddində sabit pul məbləğində indeksasiya olunması qərara alınmışdır. İş materiallarında olan 5 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 241409 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X11 29 noyabr 2017-ci il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3981 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada «Əmirbəyova» soyadı verilmişdir. İş materiallarında olan Sumqayıt „ASAN xidmət“ Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 324276 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2019-cu ildə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası isə X5r. İş materiallarında olan 5 saylı Bakı „ASAN xidmət“ Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 964699 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2024-cü ildə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası isə X5r. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN MEİS-dən arayışdan görünür ki, İddiaçı işsizdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olmuş və tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X8 anadan olmuşdur. Daha sonra Abşeron Rayon Məhkəməsinin 8(012)-543/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-712/2015 saylı qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci ildən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,43 misli həddində sabit pul məbləğində indeksasiya olunması qərara alınmışdır. Həmin qərardad icraya yönəldilmiş və hazırda, iddiaçı maddi çətinliyi ilə əlaqədar olaraq alimentin tam şəkildə ödənilməsinin mümkünsüzlüyünü irəli sürərək alimentin miqdarının azaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 55.2. maddəsinə əsasən, aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. 75.1. və 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görəqazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. 76.2. maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Eyni zamanda, ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası ƏƏSMN MEİS-dən arayışdan görünür ki, İddiaçı hazırda heç yerdə işləmir. Bundan əlavə başqa qadınla rəsmi nikaha daxil olmaqla, həmin nikahdan da iki uşağı vardır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının heç yerdə işləməməsi, himayəsində başqa nikahdan iki azyaşlı uşağının olması kimi diqqətəlayiq hallar nəzərə alınmaqla alimentin miqdarının azaldılmasına ehtiyac vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilənləri, iddiaçının və cavabdehin maddi vəziyyətinə dair məlumatları və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 №-li Qərarını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 8(012)- 543/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin məbləği azaldılaraq, sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı 0,65 misli (260:400 m.ə.h =m.ə.h 0,65 misli) həddində sabit pul məbləğinə müəyyən edilməli və alimentin azaldılmış məbləğinin əvvəli qətnamə qanunu qüvvəsini aldıqdan sonra hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin 8(012)-543/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin məbləği azaldılaraq, İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin azaldılmış məbləğinin əvvəli qətnamə qanunu qüvvəsini aldıqdan sonra hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar