Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-701/2021 29.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 19 noyabr 2019-cu il tarixli MAS-1476 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməsi, Cavabdeh 19 noyabr 2019-cu il tarixli MAS-1476 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 19 avqust 2020-ci il tarixə 1938.77 manat əsas, 961.48 manat mükafat və həmin günə hesablanmış 845.07 manat dəbbə pulu, 2520 manat dəymiş zərər, ümumilikdə 6265.32 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC -nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2019-cu il tarixli MAS-1476 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2019-cu il buraxılışlı, “KHAZAR LX” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630039 ban nömrəli, ağ rəngli avtomobil 10800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 17 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 385.05 manat, ümumilikdə isə 13862 manat məbləğində pulu İddiaçı MMC- nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 13862 manatın 10800 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 04 fevral 2020-ci il tarixdə 200 manat məbləğində olmuşdur. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “KHAZAR LX” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil 19 avqust 2020-ci il tarixdə şirkətin müvəqqəti duracağında yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2520 manat dəyərində ziyan dəymişdir. Eyni zamanda Cavabdeh 19 noyabr 2019-cu il tarixli MAS-1476 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 19 avqust 2020-ci il tarixə 1938.77 manat əsas, 961.48 manat mükafat və həmin günə hesablanmış 845.07 manat dəbbə pulu, ümumilikdə 3745.32 manat borcu yaranmışdır. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməlsi xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək, eyni zamanda ekspertin rəyi ilə razı olduğunu bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19.11.2019-cu il tarixli, MAS-1476 saylı Daxili Lizinq müqaviləsindən görünür ki, tərəflər arasında şərtlər müəyyən edilməklə müqavilə bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən Lizinq verən İddiaçı MMC Lizinq alan - Cavabdeh sifariş etdiyi və bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Lizinq Müqaviləsinin ümumi məbləği 10800 manat təşkil edir. Lizinq Alan, bu müqavilə imzalandığı gündən 0 manat məbləğində lizinq ödənişini Lizinq Verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 0 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 36 ay müddətində illik 17% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq cədvəlinə əsasən aparılır. Ödəniş günü qeyri-iş gününə təsadüf etdikdə ödəniş qeyri-iş günündən qabaq olan son iş günündə edilməlidir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçririlmədi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur. -İddiaçı MMC (Azərmaş Servis) tərəfindən 21.08.2018-cil il tarixdə tərtib edilmiş qüsur aktından görünür ki, “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə servis mərkəzində ilkin texniki baxış keçirilmiş, avtomobilin yeni hissələrinin və təmir bərpa işlərinin ümumi məbləği 2520 manat olmuşdur. -MAS-1476 saylı Lizinq Müqaviləsinə 3 saylı Əlavəsindən görünür ki, Cavabdeh ödəniş cədvəlinə əsasən o illik 17 % hesablanmaqla 36 aylıq müddətə 19.12.2019-cu il tarixdən başlayaraq hər ay sabit olaraq 385.05 manat (sonuncu ay 385.08 manat), ümumilikdə isə 13862 manat «İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. -19.11.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili tam qüsursuz halda təhvil almışdır. -AD № 666049 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 19.11.2019-cu ildən İddiaçı MMC-nin mülkiyyətindədir. -18.08.2020-ci il tarixli Avtonəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə aktın surətindən görünür ki, Cavabdeh məxsus olan “Khazar SD” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin kredit borcunu ödəyə bilmədiyi üçün təhvil təslim aparılmış, nəqliyyat vasitəsi evakuatorla duracağa gətirilmişdir. -17.11.2020-ci il tarixli 1767 nömrəli arayışdan görünür ki, Cavabdeh 19.11.2019-cu il tarixli, MAS-1476 saylı Daxili Lizinq müqaviləsi üzrə 19.08.2020-ci il tarixə əsas borcu 1938.77 manat, mükafat borcu 961.48 manat, cərimə borcu 845.07 manat olmaqla, cəmi 3745.32 manat təşkil edir. -19.11.2019-17.11.2020-ci il tarixlərə olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh banka axırıncı ödənişi 03.03.2020-ci il tarixdə olmuşdur. -26.08.2020-ci il tarixli Cavabdeh göndərilmiş gecikdirilmiş lizinq ödənişlərinin və dəymiş zərərin ödənilməsinə dair xəbərdarlıqdan görünür ki, ondan borcun və dəymiş zərərin 7 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə daxili lizinq müqaviləsinin ləğv edilməsi və yaranmış borcun məhkəmə qaydasında tələb olunacağı tələb olunmuşdur -DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 16.06.2020-ci il tarixdə verilmiş arayışdan və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qasımov X2 rayonu, Novxanı kəndində qeydiyyatdadır. Beləliklə işin araşdırılmış hallarından müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2019-cu il tarixli MAS-1476 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2019-cu il buraxılışlı, “KHAZAR LX” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630039 ban nömrəli, ağ rəngli avtomobil 10800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 17 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 385.05 manat, ümumilikdə isə 13862 manat məbləğində pulu İddiaçı MMC- nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 13862 manatın 10800 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 04 fevral 2020-ci il tarixdə 200 manat məbləğində olmuşdur. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMCnin mülkiyyətində olan “KHAZAR LX” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil 19 avqust 2020-ci il tarixdə şirkətin müvəqqəti duracağında yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2520 manat dəyərində ziyan dəymişdir. Eyni zamanda Cavabdeh 19 noyabr 2019-cu il tarixli MAS-1476 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 19 avqust 2020-ci il tarixə əsas borcu 1938.77 manat, mükafat borcu 961.48 manat, cərimə borcu 845.07 manat olmaqla, cəmi 3745.32 manat borcu yaranmışdır Bu borc iddiaçı tərəfindən verilmiş maliyyə arayışında öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsi ilə öhdəlik anlayışı müəyyən edilmiş və göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmçinin öhdəliklərin əmələ gəlməsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lizinq müqavilələri ilə lizinq verənin lizinq obyektlərini lizinq alanın sahibliyinə və istifadəsinə verməyi, lizinq alanın isə həmin müqavilələr ilə müəyyən edilmiş vaxtda və məbləğdə lizinq ödənişlərini həyata keçirmək öhdəlikləri əmələ gəlmişdir. Beləliklə, iddia ərizəsindən və iddiaçının nümayəndəsinin izahatından, tədqiq olunmuş sənədlərdən təsdiq olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19.11.2019-cu il tarixli, MAS-1476 saylı Daxili Lizinq müqaviləsinə əsasən cavabdeh 2019cu il buraxılışlı, “KHAZAR LX” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630039 ban nömrəli, ağ rəngli avtomobil lizinqə götürmüş, lakin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Bununla da onun müqavilə üzrə 19 avqust 2020-ci il tarixə 1938.77 manat əsas, 961.48 manat mükafat və həmin günə hesablanmış 845.07 manat dəbbə pulu, 2520 manat dəymiş zərər, ümumilikdə 6265.32 manat borcu yaranmışdır. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 04.02.2021-ci il tarixli 9/5848 №-li ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan İddiaçı MMC (Azərmaş Servis) tərəfindən tərtib edilmiş 21.08.2020-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 2019-cu il buraxılışlı, mühərrik tutumu 1650 sm3 “Khazar LX” markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilin 2020-ci ilin avqust ayına təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir.
1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 2240,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 1310,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 930,00 manat.
2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 2200,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 1270,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 930,00 manat. Məhkəmə, qeyd edilən Məhkəmə Ekspertizası Mərkəzinin rəyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən qiymətləndirib hesab edir ki, həmin rəy sübut kimi qəbul edilərək əsas götürülməli və iddia tələbində göstərilmiş zərər pulu 2200 manat müəyyən olunmalıdır. İddia tələbindən görünür ki, cavabdeh müqavilə öhdəliyini vaxtında yerinə yetirmədiyi üşün müqavilə şərtlərinə uyğun olaraq ona 845.07 manat dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən içranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 19.11.2019-cu il tarixli, MAS-1476 saylı Daxili Lizinq müqaviləsi üzrə 1938.77 manat məbləğində əsas borc üzrə hesablanmış 845.07 manat məbləğində cərimənin azaldılaraq 100 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehlərin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.2-ci maddəsinə əsasən, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir.
748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. İddia tələbindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2019-cu il tarixli MAS-1476 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə müddətinin bitməmişdir, lakin iddiaçının vaxtından əvvəl müqavilənin ləğv edilməsi barədə tələbi həmin hissədə əsaslıdır və müqavilə şərtlərinə uyğundur. Ona görə də tərəflər arasında bağlanmış liznq müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19.11.2019-cu il tarixli, MAS-1476 saylı Daxili Lizinq müqaviləsi ləğv edilməli, sözügedən 19.11.2019-cu il tarixli, MAS-1476 saylı Daxili Lizinq müqaviləsi üzrə 19.08.2020-ci il tarixə yaranmış 1938.77 manat əsas borc, 961.48 manat mükafat borcu, 100 manat cərimə borcu, 2200 manat dəymiş zərər olmaqla, cəmi 5200,25 manat məbləğində, həmçinin dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin olunsun. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19.11.2019-cu il tarixli, MAS-1476 saylı Daxili Lizinq müqaviləsi ləğv edilsin. 19.11.2019-cu il tarixli, MAS-1476 saylı Daxili Lizinq müqaviləsi üzrə 19.08.2020-ci il tarixə yaranmış 1938.77 (min doqquz yüz otuz səkkiz manat yetmiş yeddi qəpik) manat əsas borc, 961.48 (doqquz yüz altmış bir manat qırx səkkiz qəpik) manat mükafat borcu, 100 (yüz) manat cərimə borcu, 2200 (iki min iki yüz) manat dəymiş zərər olmaqla, cəmi 5200,25 (beş min iki yüz manat iyirmi beş qəpik) manat məbləğində borc və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov.