Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-7056/2025 24.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)- 532/2025 saylı qərardadı ilə birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının (400 manat) 1,11 misli (444 manat) həddində təyin olunan alimentin, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının (400 manat) 0,50 misli (200 manat) həddində azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X3 izahatında göstərdi ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə cavabdehlə tərəflərin birgə nikahlarından dünyaya gələn övladları xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin iddiaçıdan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Daha sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-532/2025 saylı qərardadı ilə xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı ölkə üzrə minimum əmək haqqının (400 manat) 1,11 misli həddində (444 manat) indeksasiya olunması qərara alınmışdır. Həmin qərardadlar razı deyilik. Belə ki, sözügedən qərardadda reallıq nəzərə alınmamış və bir uşağa fantastik məbləğdə aliment təyin edilmişdir. Hansı ki, iddiaçı tərəfindən həmin məbləğdə alimentin ödənilməsi mümkün deyil. Bu səbəbdən də Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-532/2025 saylı qərardadı ilə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının (400 manat) 1,11 misli (444 manat) həddində təyin olunan alimentin, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının (400 manat) 0,50 misli (200 manat) həddində azaldılması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən ümumilikdə 472 (dörd yüz yetmiş iki) manat məbləğində alimentin, 200 (iki yüz) manat alimentə azaldılması və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 366995 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2013-cü ildə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası isə Cavabdehdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-532/2025 saylı qərardadından görünür ki, ərizə təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-3479/2016 saylı qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay İddiaçı tutulan 117 manat məbləğində alimentin miqdarı hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,11 misli həddində indeksasiya olunması, alimentin indeksasiya olunması hazırki ərizə verilən tarixdən, yəni xx.xx.2025-ci il tarixdən tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olmuş və tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X4 anadan olmuşdur. Daha sonra Abşeron Rayon Məhkəməsinin 8(012)-532/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-3479/2016 saylı qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay İddiaçı tutulan 117 manat məbləğində alimentin miqdarı hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,11 misli həddində indeksasiya olunması, alimentin indeksasiya olunması hazırki ərizə verilən tarixdən, yəni xx.xx.2025-ci il tarixdən tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardad icraya yönəldilmiş və hazırda, iddiaçı maddi çətinliyi ilə əlaqədar olaraq alimentin tam şəkildə ödənilməsinin mümkünsüzlüyünü irəli sürərək alimentin miqdarının azaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 55.2. maddəsinə əsasən, aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. 75.1. və 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görəqazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. 76.2. maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Eyni zamanda, ailə qanunvericiliyi hər iki qaydada tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə qanunun tələblərinə və Konstitusiya Məhkəməsinin Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını və iddiaçının minimum dolanacaq xərclərindən artıq aliment ödəməyə maddi imkanın olması ilə bağlı hər hansı bir sübutun müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 8(012)-532/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin məbləği azaldılmalı,alimentin miqdarı sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı 0,65 misli həddində sabit pul məbləğinə müəyyən edilməli və alimentin azaldılmış məbləğinin əvvəli qətnamə qanunu qüvvəsini aldıqdan sonra hesablanmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin 8(012)-532/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin məbləği azaldılaraq, İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin azaldılmış məbləğinin əvvəli qətnamə qanunu qüvvəsini aldıqdan sonra hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-7056/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-7056/2025
24.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver