Məhkəmə qərarları › İş №2(012)-707/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-707/2020

05.10.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-707/2020 05.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, İddiaçı və onun vəkili-nümayəndəsi X5, Cavabdeh "xxxxxxxxxxx" MMC-nin nümayəndəsi X3, Cavabdeh Azərbaycan Respublikası Beynəlxalq Bankının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh «xxxxxxxxxxx» MMC-yə və Azərbaycan Respublikası Beynəlxalq Bankına qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxxxxxxxxx" MMC ilə aralarında bağlanmış 2015-ci il tarixli, ABB YM 0190 saylı alqı-satqı müqaviləsinin və cavabdeh xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC-nin ABB Premyer müştəri xidməti ilə bağlanmış xx.xx.2015-ci il tarixli ,4-xx-xx-2015 YM - AAAF-RO nömrəli təminatlı kredit müqavilələrinin ləğv edilməsi, ilkin və kredit məbləği şəklində ödədiyi (ilkin 4260 man.+ 38250 man kredit =42510 man) 42510 manat, öz vəsaiti hesabına ödədiyi ilkin məbləğ olan 4260 manat pulu cavabdeh 58 ay müddətində qanunsuz saxlamaqla , o , bu vəsaitdən faydalandığına görə (4260 x illik 5% =213man, 213 man: 12 ay=17.75 man ; 17.75 man x 58ay= 1030 man ) 1030 manat, əsas və faiz borcu kimi xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ASC-yə hər ay 411,10 manat hesabı ilə 52 ay müddətində (411,10 x 52=21377 man ) ödədiyi 21377 manat pulun, 30 manat ödənilmiş dövlət rüsumunun ümumilikdə ( 42510+ 1030+21377+30=64947 man) 64947 man pulun cavabdeh xxxxxxxxxxx" MMC -dən tutularaq ona ödənilməsi barədə Qətnamə qəbul edəsiniz. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxxxx” MMC ilə aramızda bağlanmış 2015-ci il tarixli ABB YM-0190 saylı alğı-satqı müqaviləsinin və Azərbaycan Respublikası Beynəlxalq Bankı ASC-nin Premyer Müştəri Xidməti ilə bağlanmış xx.xx.2015 tarixli, -03-2015 YS-AAAF-RO saylı təminatlı kredit müqavilələrinin ləğv edilməsini, öz vəsaiti hesabına ilkin məbləğ olaraq cavabdehə ödədiyi 4260 manatın, əsas və faiz borcu kimi banka ödədiyi hər ay 411.10 manat hesabı 52 ay müddətində (411.10 x 52 ay=21.377 manat) 21.377 manatın, cəmi 50 + 21377 = 25637) 25637 manatın, öz vəsaiti hesabına ilkin məbləğ olaraq ödənilmiş 4260 manat pulu cavabdeh 60 ay müddətində qanunsuz saxlamaqla, o bu vəsaitdən faydalandığına görə (4260 x illik 5 % dərəcəsi : 100 % = 213 manat: 12 ay= 17.75 manat x 60 ay = 1065 manat) 1065 manatın, cavabdehə ilkin ödəniş olaraq ödənilmiş 4260 manatın geri qaytarılmasının gecikdirilməsi nəticəsində iddiaçıya dəymiş zərərəin əvəzi olaraq ( 4260 mat x 13.7 % infılyasiya : 100 % = 583.62 manat : 12 ay = 48.6 manat x ay = 2918 manat) 2918 manatın, 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə cəmi ( 25637+1065+2918+30=29650) 29650 manat pulun cavabdeh “xxxxxxxxxxx” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, «xxxxxxxxxxx» MMC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, ABB YM- 0190 saylı alğı-satqı müqaviləsinin və Azərbaycan Respublikası Beynəlxalq Bankı ASC-nin Premyer Müştəri Xidməti ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 4-xx-xx-2015 YS-AAAF-RO saylı təminatlı kredit müqaviləsinin ləğv edilməsi və öz vəsaiti hesabına ilkin məbləğ olaraq cavabdehə ödədiyi 4260 manatın, əsas və faiz borcu kimi banka ödədiyi hər ay 411,10 manat hesabı ilə 52 ay müddətində (411,10 x 52 ay = 21377 manat) 21377 manatın, cəmi (4260 +21377= 25637) 25637 manatın “xxxxxxxxxxx” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, "AAAF Park" yaşayış kompleksinin tikilməsi nəzərdə tutulan binalarından mənzil sahibi olmaq üçün 2015-ci ildə keçirilən kampaniyaya qoşulmuş və bununla əlaqədar olaraq aralarında Abşeron ray. Xırdalan şəh. H.Əliyev pr. 167 ünvanında "AAAF Park" yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5,mərtəbə 6, ümümi sahəsi 65.4 kv.m-dən ibarət olan 2-otaqlı 38 saylı mənzilə dair xx xxxx 2015-ci il tarixli, ABB Y\ 1-0190 saylı alqı-satqı müqaviləsi bağlanmış mənzilin dəyəri 42510(qırx iki min beş yüz on) manat müəyyənləşdirilmiş, bundan 4260(dörd min iki yüz altmış) manat öz vəsaiti hesabına, 38250(otuz səkkiz min iki yüz əlli) manat isə Azərbaycan Beynəlxalq Bank ASC tərəfindən ona ayrılmış təminatlı kredit şəklində, qabaqcadan cavabdehə tam şəkildə ödənilmişdir. Həmin vaxt ona məxsus mənzilin yerləşdiyi binanın tikintisinin 2(iki) il müddətə tam şəkildə başa çatdırılıraq təhvil veriləcəyi bildirilsə də, ötən 4 il ərzində binanın yalnız 7 mərtəbəsi yalnız monolit-beton olmaqla inşa edilmişdir. Ötən müddət ərzində hər dəfə tikinti ilə maraqlanarkən, ona bildirmişdilər ki, bu yaxınlarda tikinti işləri sürətləndirilərək, binanın təhvıli başa çatdırılacaq. Lakin borclu təşkilat söz verməsinə baxmayaraq, yenə də sözüqedən bina 7 mərtəbədən ibarət monolit-beton vəziyyətində qalmaqdadır. Binanın layihə sənədlərinə uyğun olaraq 16-mərtəbə tikiləcəyini nəzərə alsaq, onda bu ikilinin hələ bundan sonra eyni tikinti surəti ilə 5 ilə 16 mərtəbədən ibarət monolitbeton vəziyyətinə gətiriləcəyi qənaətinə gəlmək olar ki, bu da borclu təşkilatının öz öhdəliklərini yerinə yetirməsi üçün nə qanundan, nə də ki işgüzar adətlərindən irəli gələn ağlabatan müddət hesab oluna bilməz. Ötən müddət ərzində mən təminatlı kredit vəsaiti alan şəxs kimi, kredit müqaviləsi üzrə bank qarşısında üzərimə düşən öhdəlikləri layiqinca icra etmiş, müqavilədən və ödəniş cədvəlindən irəli gələn müddətlərdən aylıq ödənişləri vaxtı-vaxtında keçirmişdir. Beləliklə sözügedən mənzilin ilkin dəyəri onun tərəfindən, qalan hissəsi bank tərəfındən cəmiyyətin hesabına tam olaraq ödənilmişdir. Lakin buna baxmayaraq. "xxxxxxxxxxx" MMC öz üzərinə düşən öhdəliklərini vaxtında yerinə yetirməmiş, nəticədə ona satılmış mənzilin yerləşdiyi 5 saylı binanın 4 il ərzində yalnız 7 mərtəbəsi monolit-beton vəziyyətinə inşa etmişdir ki, bu da müddət baxımından ona ümid edərək gözlədiyi nəticə olmamaqla yanaşı, alıcı kimi onun vaxtında mənzilə sahib olmaq hüququnun pozulmasıdır. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçının vəkili-nümayəndəsi X9 iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh "xxxxxxxxxxx" MMC-nin nümayəndəsi X8 iddia ərizəsinə etiraz edərək göstərdi ki, iddiaçı “xxxxxxxxxxx” MMC ilə bağlanmış xx.xx.2015-ci il tarixli ABB YM-0190 saylı alqı-satqı müqaviləsinin və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Premyer Müştəri Xidməti ilə bağlanmış xx.xx.2015-ci il tarixli 4- xx-xx-2015-ci il tarixli YS-AAAF-RO saylı Təminatlı kredit müqaviləsinin ləğv edilməsi və öz vəsaiti hesabına ilkin ödənilmiş 4260 manat, əsas və faiz borcu kimi banka ödədiyi hər ay 411.10 manat hesabı ilə 52 ay müddətində 21.377 manat, cəmi 25637 manatın “xxxxxxxxxxxx” MMC-dən tutulmasını xahiş etmişdir. İlkin etiraz ərizələrində göstərilmiş xüsusatlar və maddi hüquq normalarına istinadən iddia tələbini əsassız hesab edir. Belə ki, ‘xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 4-xx-xx- 2015-ci il tarixli YS-AAAF-R0 saylı Təminatlı Kredit (daxili ipoteka krediti üçün) Müqaviləsinin 6-cı bəndinə görə, kredit üzrə faizlər kredit borcu Borcverənə ödənildiyi günədək Borcalandan tutulur. Həmin Müqavilənin 4-cü bəndinə əsasən, bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərin icrasının təminat üsulu ipoteka və Zaminlik müqaviləsindən irəli gələn zaminlikdir. Həmin Müqavilənin 12.2-ci bəndin tələbinə görə, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəmək vəzifəsi daşımışdır. Sadalanan normaların mənasından göründüyü kimi İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin qarşısında xx.xx.2015-ci il tarixli 4-xx-xx-2015-ci il tarixli YS-AAAF-RO saylı Təminatlı Kredit (daxili ipoteka krediti üçün) Müqaviləsi üzrə ayrılmış 38250 manat vəsaitin tam və vaxtında icrası öhdəliyini həyata keçirməlidir və vəzifə daşıyır. Halbuki həmin müqavilə üzrə tələb hüququ İddiaçı deyil, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC- nə aiddir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddi normaya görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. xx.xx.2015-ci il tarixli 4-xx-xx- 2015-ci il tarixli YS- AAAF-RO saylı Təminatlı Kredit (daxili ipoteka krediti üçün) müqavilə tərəflərin qəbul etdikləri və qarşılıqlı şəkildə qismən icra etdikləri əqdlərdəndir. xx.xx.2015-ci il tarixli 4-xx-xx-2015-ci il tarixli YS-AAAF-RO saylı Təminatlı Kredit (daxili ipoteka krediti üçün) müqaviləsinin 13-cü bəndinə görə yaranmış əsas, faiz və cərimə borcunun tələb edilməsi hüququ İddiaçı deyil, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-na məxsusdur. Həmin hüququn ötürülməsi barədə iddiaçının hər hansı bir sübutu mövcud deyildir. Mübahisələndirilən xx xxxx 2015-ci il tarixli ABB YM-0190 saylı (ABB tərəfindən ipoteka ilə satılmış təmirsiz mənzil üçün) Mənzilin alqı-satqı müqaviləsinə əsasən, ümumi dəyəri 42510 manat olaraq, ilkin 4260 manat öz vəsaiti hesabına və qalıq 38250 manatı isə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nə kreditlərşmə üsulu ilə ödənilməklə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, “AAAF PARK” yaşayış massivi, 28 saylı küçədə inşa edilən ümumi sahəsi 65.4 kv.m. olan 2 otaqlı 38 saylı mənzilin yerləşdiyi 5 saylı yaşayış binanın inşaat-tikinti işləri davam etdirilir. Cavabdeh Cəmiyyəti həmin müqavilə üzrə öhdəliyin icrasından yayınmır və tam icra edərək yaşayış binasını təhvil verəcək. xx.xx.2015-ci il tarixli ABB YM-0190 saylı Mənzilin alqı-satqı müqaviləsinin ləğvi tələbinə gəldikdə isə, həmin müqavilənin 10-cu bəndinə müqavilənin ləğvinə dair tələblər öz əksini tapmışdır. Müqavilənin 10-cu bəndinə görə, Alıcı tərəfindən hər hansı bir səbəbə görə müqavilə şərtləri pozularsa Cəmiyyətin müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzilə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. Müqavilənin ləğv edilməsi halında, Alıcı tərəfindən Cəmiyyət ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və Cəmiyyətə dəymiş ziyan çıxıldıqdan sonra həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödəniş qəbulundan sonra 7 iş günü ərzində Alıcıya qaytarılacaqdır. Hüquq norması insanların davranışını tənzimləyir, rəsmi xarakter daşıyır, sistemliliyi əks etdirir (İmperativ — konkret davranış qaydası müəyyən edilir və olduğu kimi icra edilməlidir). Həmin müqavilədə cavabdeh Cəmiyyət ilə iddiaçı - Alıcı arasında yaranmış hüquq münasibətlərini tənzimləyir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Beynəlxalq Bankının nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddia tələbinin kredit müqaviləsi hissəsi ilə razı deyildir. Bu müqavilə müstəqildir və pul “xxxxxxxxxxx” MMC-yə köçürülmüşdür. “xxxxxxxxxxx” MMC müqavilə üzrə zamin kimi çıxış edir. Ona görə də iddiaçı pulu “xxxxxxxxxxx” MMC-dən istəməlidir. Beynəlxalq Bank kredit müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirmişdir. Beynəlxalq Bank tikintiyə nəzarət edən orqan deyildir. Vətəndaş kredit götürərkən riski də öz öhdəsinə götürmüşdür. Vətəndaşı pul vəsaiti ilə təmin etmişlər. Vətəndaşla aralarındakı mübahisəsinin ləğvi üçün heç bir əsas yoxdur. Ona görə də iddia tələbinin Azərbaycan Respublikası Beynəlxalq Banka aid hissəsində rədd edilməsini xahiş edir. İş materiallarında olan xx xxxx 2015-ci il tarixli, ABB YM-0190 saylı mənzilin alqı-satqı müqaviləsindən görünür ki, «xxxxxxxxxxx» MMC ilə alıcı İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən «xxxxxxxxxxx» MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında «AAAF-Park» yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 6, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığıncaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 65,4 kv.m ibarət 2 otaqlı. 38 №-li mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsaitini, yəni 42510 manatı müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən, müqavilə qiymətinin 4260 manat alıcının şəxsi vəsaiti hesabına, 38250 manat isə Beynəlxalq Bank ilə bağlanmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödəniləcəkdir. Həmin müqavilənin 3.4-cü maddəsinə əsasən, müqavilədən imtina edildiyi (mənzilin geri qaytarılması) hallarında alıcı müqavilənin 3.1-ci maddəsində razılaşdırılmış məbləğin 2 %-i həcmində minimum 1000 manat olmaqla Cəmiyyətə dəbə pulu ödəyəcəkdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 4-xx-xx-2015 YS-AAAF-RO saylı təminatlı kredit müqaviləsindən görünür ki, borc verən Beynəlxalq Bank borcalana İddiaçı alınması üçün 38250 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən, bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu ipoteka və 4-xx-xx-2015 YS-AAAF- RO saylı, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən irəli gələn zaminlikdir. Həmin müqavilənin 4.3-cü maddəsinə əsasən, kredit müqaviləsi üzrə təminat kimi çıxış edən xx xxxx 2015-ci il tarixli, ABB YM-0190 №-li “xxxxxxxxxxx” MMC ilə İddiaçı arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında «AAAF-Park» yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 5, mərtəbə 6, ümumi sahəsi (balkon və ya eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığıncaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 65,4 kv.m ibarət 2 otaqlı. 38 №-li mənzil üzrə AR ƏMDK yanında DƏDRX-dən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirilməlidir. Həmin müqavilənin 7.1-ci maddəsinə əsasən, borcalan tərəfindən kreditin qaytarılması təqdim olunmuş ödəniş cədvəlinə uyğun olaraq bərabər hissələrlə aylıq ödəmələrin həyata keçirilməsi yolu ilə aparılır. Kredit üzrə əsas borc və faizlər hər növbəti ayın 19-dək aylıq 411,10 manat məbləğində bərabər hissələrlə ödənilir. İş materiallarında olan Azərbaycan Respublikası Beynəlxalq Bankı tərəfindən verilmiş “ABB Premyer” müştəri xidməti xx xxxx 2015-ci il tarixli, 4-xx-xx-2015-YS-AAAF-RO №-li X4 No 1 üzrə kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən, Beynəlxalq Bank İddiaçı illik 10% dərəcəsi ilə aylıq 411,10 manat olmaq şərtilə 180 ay müddətinə 38250 manat məbləğində kredit vermişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları, iddiaçının izahatı, eləcə də cavabdehin nümayəndəsinin etirazı ilə müəyyən edilir ki, iddiaçının cavabdehlə xx xxxx 2015-ci il tarixdə alqı-satqı müqaviləsi bağlasa da, mahiyyətinə görə həmin müqavilənin mənzilin tikintisi məqsədilə bağlanması, bu səbəbdən də hüquqi təbiətinə görə müqavilənin podrat müqaviləsi olması, tikilən mənzilin ümumi dəyərinin 42510 manat olması, iddiaçının mənzilin dəyərindən ümumilikdə 4260 manatı öz hesabına¸ qalan 38250 manatı isə Beynəlxalq Bank tərəfindən iddiaçıya ayrılmış təminatlı kredit şəklində ödəməsi, həmçinin iddiaçının hər ay 411,10 manat hesabı ilə 52 ay müddətində (411,10 x 52 ay = 21377 manat) 21377 manatın Beynəlxalq Banka əsas və faiz borcu kimi ödədiyi işin mübahisə edilməyən hallarıdır. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, mənzilin tikintisi və iddiaçıya təhvil verilməsi ilə bağlı cavabdehin öhdəliyinin icrasi müddəti müəyyən edilməyib. Həmçinin şəraitə görə də bunu təyin etmək mümkün deyildir. Nəzərə alınsa ki, ötən 5 il ərzində binanın yalnız 7 mərtəbəsi monolit-beton olmaqla inşa edilmişdir. Belə olan halda, tikilməsi qeyri-müəyyən müddətə ehtimal olan mənzilə iddiaçının marağının itməsi təbii haldır və buna görə də sifarişçi olaraq iddiaçının müqavilədən imtinası qanuni hesab edilməlidir. Mülki Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Mülki Məcəllənin 759.1-ci maddəsinə görə sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Ona görə də məhkəmə hesab edir ki, işin halları və qeyd edilən qanunvercilik normaları baxımdan iddiaçının həmin müqavilə üzrə ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmək hüququ vardır. Bundan başqa məhkəmə tərəflər arasında bağlanmış müqavilənin 10.2-ci bəndində nəzərdə tutulmuş qaydada pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini barədə cavabdeh təşkilatın mövqeyi ilə razılaşmır. Əvvəla, müqavilənin ləğv edildiyi halda, iddiaçının ödədiyi pulun mənzilin 3-cü şəxslərə satıldıqdan sonra qaytarılması tərəflər arasında bağlanmış müqavilənin 10.2-ci bəndində artıq nəzərdə tutulub. Bundan başqa, mənzilə görə ödədiyi pulun qeyri-müəyyən müddətə iddiaçıya qaytarılmasının qətnamədə nəzərdə tutulması həm iddiaçının hüquqlarının müdafiəsi, həm də qətnamənin icrasının qeyri-müəyyən müddətlə əhatə olunması baxımından qanuni və əsaslı sayıla bilməz. Ona görə də məhkəmə bir daha qeyd edir ki, ödədiyi pulun iddiaçıya qaytarılmasının müqavilədə tikilməsinin nə vaxt başa çatacağı göstərilməyən və şəraitə görə də tikintisinin nə vaxt başa çatması məlum olmayan mənzilin üçüncü şəxslərə satılması ilə şərtləndirilməsi əsaslı dəlil sayıla bilməz. Mənzillə bağlı Cəmiyyəyin bütün məsrəfləri çıxıldıqdan sonra yerdə qalan məbləğin qaytarılmasına gəldikdə, hansı məsrəflərin iddiaçının ödədiyi puldan çıxalmalı olmasını cavabdeh təşkilat etirazında izah və sübut edə bilməmişdir. Ümumiyyətlə, hələ mövcud olmayan mənzilin tikintisi ilə bağlı hansı xərc və məsrəfin ola biləcəyi ağlabatan dəlil sayıla bilməz və ona görə də məhkəmə cavabdehin etirazının dəlillərini formal mülahizələr kimi qiymətləndirir. Bundan başqa İddiaçı ilə cavabdeh "xxxxxxxxxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2015ci il tarixli, ABB YM 0190 saylı alqı-satqı müqaviləsinin 3.4-cü bəndində göstərilmişdir ki,müqavilədən imtina edildiyi(mənzilin geri qaytarılması) halında,alıcı müqavilənin 3.1-ci maddəsində razılışdırılmış məbləğin 2(iki)%-i həcmində minimum 1000(bir min) manat olmaqla cəmiyyətə ödəyir. Bununla bağlı məhkəmə qeyd edir ki, qeyri-müəyyən müddətə tikintisi ehtimal olan mənzilə iddiaçının marağının itməsi təbii halla əlaqəli olduğundan və iddiaçı tərəfindən müqavilədən imtina cavabdeh təşkilatın təqsirli hərəkətləri nəticəsində baş verdiyindən xx.xx.2015-ci il tarixli, ABB YM 0190 saylı alqı-satqı müqaviləsinin 3.4-cü bəndində razılaşdırılmış şərtin iddiaçı tərəfindən icra olunması iddiaçının haqlı mənafeyinə uyğun deyildir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Beynəlxalq Bankı ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4-xx-xx-2015 YS-AAAF-RO saylı təminatlı kredit müqaviləsi müstəqil müqavilə olduğundan, Beynəlxalq Bank kredit müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirdiyindən və həmin müqavilənin ləğv edilməsinə əsaslar müəyyən edilmədiyindən iddia tələbi xx.xx.2015-ci il tarixli, 4-xx-xx-2015 YS-AAAF-RO saylı təminatlı kredit müqaviləsinin ləğv edilməsi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.[362 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı geçikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə cavabdeh «xxxxxxxxxxx» MMC arasında bağlanılmış ABB YM-0190 saylı, xx xxxx 2015-ci il tarixli “Mənzilin alqı-satqı müqavilə” si ləğv edilsin və 25637 manat pul «xxxxxxxxxxx» MMC-dən tutulub İddiaçı ödənilsin. İddia tələbi Azərbaycan Respublikası Beynəlxalq Bankı ASC-nin Premyer Müştəri Xidməti ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4-xx-xx-2015 YS-AAAF-RO saylı təminatlı kredit müqaviləsinin ləğv edilməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar