Məhkəmə qərarları › İş №2(012)-711/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-711/2025

13.02.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-711/2025 13.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1 və Cavabdeh2 qarşı ödəniş tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1 və Cavabdeh2 qarşı ödəniş tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 MMC, Cavabdeh1 Orucəli qızı və Cavabdeh2 Ramiz oğlundan müştərək qaydada 1748.15 (bir min yeddi yüz qırx səkkiz manat-15 qəpik) məbləğində pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 noyabr 2021 - ci ildə Tulu MMC-nin həm təsisçisi Cavabdeh2 Ramiz oğlu və həm təsisçisi Burak Öksüzçoban ilə (rəsmi direktor - Cavabdeh1dir) arasında olan danışığa əsasən bir müddət əmək müqaviləsi bağlanmadan maliyyə işlərinin yerinə yetirilməsi razılığına gəlmişdir. Əldə olunmuş razılığa əsasən xx.xx.2022-ci il tarixindən aylıq 250,00 (İki yüz əlli manat- 00 qəpik) ödənilməklə maliyyə işlərində kömək etməyi öhdəsinə götürmüşdür. Aylıq ödəniş nağd formada ona ödənilirdi. Lakin işlədiyi dövr ərzində bir necə dəfə maaş gecikdirilərək ödənilmişdir. Belə halların dəfələrlə təkrarlanması və əsassız vədlərin verilməsi uzandığı üçün xx.xx.2023-cü il tarixindən işi dayadırmışdır. İşi dayandırdıqdan sonra dəfələrlə əmək haqqı tələbini bildirsə də ödəniləcəyi deyilirdi. Son xəbərdarlıqdan sonra Dövlət Təhlükəsizlik Xidmətinə, Daxili İşlər Nazirliyinə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və Əmək və Əhalinin Sosial müdafiəsi yanında X2 müraciət etmişdir. Qeyd edilən idarələrdən heç bir nəticəli cavab gəlmədi. İki ay keçdikdən sonra X1 məktub gəldi ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar dayandırıldığından yerində araşdırılması mümkün olmamışdır, qeyd edilən məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etmək hüququnuz var. Cavabı aldıqdan sonra 8 saylı mediyasiya təşkilatına müraciət etmişdir. Müraciətə baxmayaraq qarşı tərəfdən heç kəs hər hansı razılıq üçün təyin olunmuş mediyasiyaya gəlmədi. Bu məsələ ilə bağlı cavabdeh ona aylıq 250 azn ödənişi nəzərə alaraq noyabr 2022 üçün 136,00 (Bir yüz otuz altı) manat, dekabr 2022 üçün 250,00 (İki yüz əlli) manat, 2023 ilin yanvar, fevral, mart, aprel ayları üçün 1000.00 (Bir min) manat, mediyasiya xərci 50.00 (əlli) manat, poçt xərci 10.00 (on) manat və mərkəzi bankın illik infiliyasiya faizi (10%) - 302.15 (üç yüz iki) manat 15 qəpik ödəniş etməlidir. Hal-hazırda MMC-nin rəhbəri Cavabdeh1 Orucəli qızıdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. O, bildirdi ki, onunla cavabdehlər arasında şifahi tapşırıq müqaviləsi olub, o üzərinə düşən öhdəliyi yerinə yetirsə də, qarşı tərəf razılığa əsasən ona ödənilməli olan aylıq 250 manat pulu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək, onun rədd edilməsini xahiş etdi. O, bildirdi ki, Cavabdeh3 MMC-nin təsisçisi və direktoru Öksüzçoban Burak adlı şəxsdir. Öksüzçoban Burak iddiaçıya borcun olduğunu etiraf edir. Lakin onun iddiaçıya heç bir borcu yoxdur. Digər cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli, **********562000 saylı çıxarışından görünür ki, Cavabdeh3 MMC-nin qanuni təmsilçisi Öksüzçoban Burakdır. Mülki işin materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli, **********562000 saylı çıxarışından görünür ki, Cavabdeh3 MMC-nin hazırki qanuni təmsilçisi Cavabdeh1dır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Abşeron Xızı regional şöbəsinin İddiaçı ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının Cavabdeh3 MMC-də əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə ünvanladığı müraciətinə aidiyyəti üzrə Xidmətin Abşeron-Xızı regional şöbəsində baxılmışdır. Müraciətin Cavabdeh3 MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı ilə ətraflı dəqiq araşdırılması, müvafiq sənədlərin təqdim olunması və müraciətə münasibət bildirilməsi məqsədi ilə xidmət tərəfindən Cavabdeh3 MMC-nin rəhbərliyinə xx.xx.2023-cü il tarixli 3-17-5/2-Q- 32682/2/2023 saylı məktubla (SS864960885AZ) müraciət edilmiş və məktub poçt şöbəsi tərəfindən “ünvan tapılmadı” qeydi ilə geri qayıtmışdır. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə xx.xx.2023-cü il tarixində təqdim etdiyi izahatında xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək Cavabdeh3 MMC-də işlədiyini, lakin onunla cəmiyyətin işəgötürəni arasında əmək müqaviləsi bağlanmadığını, şikayət və tələbin əmək haqqının ödənilməsinə köməklik göstərilməsindən ibarət olduğunu bildirmişdir. Həmçinin izahatda xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək Cavabdeh3 MMC-də işləməyi ilə bağlı hər hansı təsdiqedici sənədin olmadığını, həmçinin istifadəsində olan mobil telefonla əlaqə saxlanılarkən Cavabdeh3 MMC-də işləməyi ilə bağlı şahidlərin olmadığını və yalnız cəmiyyətin vergi ödəyicisinin eyniləşdirmə nömrəsini, nizamnaməsini, dövriyyələri, asan imza ilə bağlı və sairə sənədləri elektron ünvana göndərə biləcəyini bildirmişdir. Onun elektron ünvana göndərdiyi sənədlərə baxılarkən cəmiyyətdə hər hansı işlərə və ya xidmətlərə cəlb olunmağını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən cəmiyyətin işəgötürəni ilə onun arasında əmək müqaviləsi bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin mövcud olmadığı müəyyən olunmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2024-cü il tarixinədək dayandırıldığından müraciətdə qeyd edilən məsələnin Cavabdeh3 MMC-də yerində araşdırılması mümkün deyildir. Ona qeyd edilənlərələ bağlı məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 777-ci maddəsinə görə tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. 778-ci maddəsinə görə vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir 783.2-ci maddəsinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 783.3-cü maddəsinə görə əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. 785.1-ci maddəsinə görə əgər tapşırığı bir neçə şəxs birlikdə vermişsə, vəkalət alan qarşısında onlar birgə borclular kimi məsuliyyət daşıyırlar. 786.5-ci maddəsinə görə əgər vəkalət alan tərəfindən müqaviləyə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə xitam verilirsə, vəkalət alan vəkalət verəndən görülmüş işlərin haqqını tələb edə bilər. İşdən görünür ki, iddiaçı tapşırıq müqaviləsi əsasında müəyyən işlər görərək, bunun müqabilində aylıq 250 manat pul alacağına razılaşmışdır. Lakin həmin müqavilə şifahi bağlanmışdır. İddiaçı cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1 və Cavabdeh2 görülmüş işlər qarşılığında 1748,15 manat pul tələb etsə də, müqavilənin məhz kiminlə bağlandığını və bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə iclasında Cavabdeh2 izahatında bildirmişdir ki, iddiaçı ilə müqaviləni Buraq Öksüzçoban bağlamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı 1748,15 manat ödəniş barədə hazırki tələbi təmin edilə bilməz. İddiaçı iddia tələbində 1748,15 manat ödəniş tələb etsə də, bu tələbi ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İş materiallarında İddiaçı cavabdehlər tərəfindən maddi ziyan dəyməsini təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tələbi təmin edilmədiyindən, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh1 və Cavabdeh2 qarşı ödəniş tələbi barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar