Məhkəmə qərarları › İş №2(012)-7356/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-7356/2025

11.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-7356/2025 11.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ X17 İlham oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 8(056)-210/2025 saylı qərardadına əsasən xx.xx.2025-ci il tarixdən başlayaraq ondan cavabdehin xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X1 üçün 0.95 misli həddində olan alimentin azaldılaraq 0.40 misli həddində olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 2014-cü il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə, ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X6 adlı uşaqları dünyaya gəlmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(056)-123/2015 saylı qətnaməsi ilə aralarında olan rəsmi nikahları pozulmuş və hər ay 100 manat aliment təyin olunmuşdur. Sonradan cavabdeh X2 müraciəti əsasında Sabirabad Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 8(056)- 210/2025 saylı qərardadına əsasən xx.xx.2025-ci il tarixdən başlayaraq iddiaçıdan cavabdehin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay üçün hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.95 misli həddində aliment indeksasiya olunmuşdur. Məhkəmə tərəfindən qeyd olunan alimentin indeksasiya olunmuş miqdarı iddiaçının gəlirləri ilə uyğun deyil və ödəyə bilmir. Hazırda iddiaçı işsizdir, heç bir yerdə işləmir, gəliri yoxdur, normal yaşamaq üçün maddi olaraq çox çətinliklər çəkir və 380 manat alimenti ödəyə bilmir. Səbəblərdən biri də iddiaçı hazırda rəsmi evlidir və himayəsində 2 (iki) övladının olmasıdır. Bu məbləği ödəmək iddiaçı üçün çox çətindir. Həmçinin hazırda elə bir gəlir yeri yoxdur. Göstərilənlərə əsasən Sabirabad Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 8(056)-210/2025 saylı qərardadına əsasən xx.xx.2025-ci il tarixdən başlayaraq İddiaçı Cavabdeh xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X1 üçün 0.95 misli həddində olan alimentin azaldılaraq 0.40 misli həddində olması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddia ərizəsində göstərilənləri təsdiq edir. Verilmiş suallara cavabında qeyd edir ki, Sabirabad Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini bir gün belə gecikməsi olmadan vaxtında ödəmişdir. Hazırda heç bir yerdə işləmir. Sonradan isə Sabirabad Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 8(056)- 210/2025 saylı qərardadı ilə artırılan aliment məbləğini ödəyə bilmir. Nəticədə aliment borcu yaranır və həmin borc üst-üstə yığılır. Çünki yenidən ailə həyatı qurmuş və həmin nikahdan 2 (iki) övladı dünyaya gəlmişdir. Hökmlə narkotik istifadəçisi kimi məhkum olunsa da, lakin buna baxmayaraq, narkotik istifadəçisi deyildir. Sabirabad Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş 100 manat aliment məbləğinin uşağın saxlanılması üçün aşağı məbləğ olduğunu bilir. Lakin hazırda Sabirabad Rayon Məhkəməsinin 8(056)- 210/2025 saylı qərardadı ilə ödədiyi 380 manat aliment məbləği də çoxdur. Çünki onun yeni nikahından 2 (iki) övladı vardır. Həmçinin hazırda heç bir yerdə işləmir. 150-170 manat aliment ödəməyə maddi imkanı çatır. Əvvələr taksi fəaliyyəti ilə məşğul olmuşdur. Həmçinin arada fəhlə kimi də işləyib pul qazanmışdır. Fəhlə kimi işləyən zaman ayağından zədələnmiş və buna görə əməliyyat olunmuşdur. Bu səbəbdən də hazırda sərbəst gəzə bilmir və işləmir. Qətnamə çıxarılarkən göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılıb iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının fikrini nəzərə alaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iddiaçının izahatını dinləyib və və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Sabirabad regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 27 yanvar 2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı 348820 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X3 arasında olan nikah ləğv edilmişdir və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 14 may 2020-ci il tarixdə 71 nömrə ilə qeyd edilmişdir. Sabirabad Rayon Məhkəməsinin 8(056)-210/2025 saylı, 01 iyul 2025-ci il tarixli qərardadından görünür ki, ərizəçi Cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının indeksasiya edilməsinə dair ərizəsi təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin 2(056)-123/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı hər ay tutulması qət edilmiş 100 manat sabit pul məbləğində alimentin indeksasiya edilərək, İddiaçı xx.xx.2025-ci il tarixindən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli miqdarında sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qərara alınmışdır. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 17 yanvar 2022-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 484484 nömrəli nikah haqqında şəhadətnamənin surətindən (əslinə məhkəmə iclası zaman baxış keçirilmişdir) görünür ki, İddiaçı ilə X5 17 yanvar 2022-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində rəsmi nikah bağlamaqla evlənmişlər və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 17 yanvar 2022-ci il tarixdə 292 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Bayramov, arvada Bayramova soyadı verilmişdir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 10 oktyabr 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 635410 nömrəli doğum haqqında şəhadətnamənin surətindən (əslinə məhkəmə iclası zaman baxış keçirilmişdir) görünür ki, X9 19 mart 2015ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında İddiaçı, ana qrafasında X5 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 10 oktyabr 2015-ci il tarixdə 5376 nömrə ilə qeyd edilmişdir. Ağstafa rayon qeydiyyat şöbəsi tərəfindən 22 fevral 2023-cü il tarixdə verilmiş AZ-İV seriyalı 845404 nömrəli doğum haqqında şəhadətnamənin surətindən (əslinə məhkəmə iclası zaman baxış keçirilmişdir) görünür ki, X10 02 yanvar 2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında İddiaçı, ana qrafasında X7 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 22 fevral 2023-cü il tarixdə 38 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlara görə 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2026-cı il üçün yaşayış minimumu uşaqlara görə 260 (iki yüz altmış) manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə nikahda olmuşlar və onların birgə nikahlarından 1 (bir) övladları vardır. Daha sonra tərəflər arasında olan nikah pozulmuşdur. Sabirabad Rayon Məhkəməsinin 8(056)-210/2025 saylı, 01 iyul 2025-ci il tarixli qərardadı ilə ərizəçi Cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının indeksasiya edilməsinə dair ərizəsi təmin edilmiş, Sabirabad Rayon Məhkəməsinin 2(056)-123/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı hər ay tutulması qət edilmiş 100 manat sabit pul məbləğində alimentin indeksasiya edilərək, İddiaçı xx.xx.2025-ci il tarixindən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli miqdarında sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qərara alınmışdır. Hazırda iddiaçı yeni nikaha daxil olduğunu, ikinci nikahdan da 2 (iki) övladının olduğunu, hazırda işləmədiyini, Sabirabad Rayon Məhkəməsinin 8(056)-210/2025 saylı, 01 iyul 2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş aliment məbləğinin çox olduğunu, onun maddi imkanı ilə uyğunluq təşkil etmədiyini, alimentin ödənilməsində müəyyən çətinliklər yaratdığını və alimentin ödənilməsində borclarının əmələ gəldiyini əsas gətirərək alimentin azaldılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının başqa nikahdan daha 2 (iki) uşağının olmasını, bütün uşaqların yaşayış təminatlarının bərabər səviyyədə təmin edilməsinin zəruriliyini, iddiaçının işləməməsini, Sabirabad Rayon Məhkəməsinin 8(056)-210/2025 saylı, 01 iyul 2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş aliment məbləğinin çox olduğunu, onun maddi imkanı ilə uyğunluq təşkil etmədiyini, alimentin ödənilməsində müəyyən çətinliklər yaratdığını və alimentin ödənilməsində borcların əmələ gəldiyini, uşağın yaşayışının təmin edilməsində cavabdehin də vəzifə daşıdığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 8(056)-210/2025 saylı, 01 iyul 2025-ci il tarixli qərardadı ilə 07 oktyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin məbləği azaldılmalı, 07 oktyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə hər il sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalı, alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalı, iddia digər hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 8(056)-210/2025 saylı, 01 iyul 2025-ci il tarixli qərardadı ilə 07 oktyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin məbləği azaldılsın. 07 oktyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablansın. İddia digər hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: F.Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar