Məhkəmə qərarları › İş №2(012)-808/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-808/2022

16.11.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-808/2022 16.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı X1 və Cavabdeh iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qonşuluğunda Cavabdeh tərəfindən aparılan tikinti işlərinin dayandırılıması, onun hesabına həyata keçirilmiş bütün işlərin sökülməsi, hasarın və qaz xəttinin bərpa edilərək əvvəlki vəziyyətə gətirilməsi və iddia qaldırmaq üçün ödənilən 100 manat dövlət rüsumunun ondan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və ailəsi alqı-satqı yolu ilə əldə etdiyi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar. Bu evin və onun altında olan torpaq sahəsinin tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olması Azərbaycan Respublikası Əmlak Məsələləri Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışla təsdiq edilir. Sözügedən daşınmaz əmlak **********31-1030 reyestr nömrəsi altında 21,10.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə xidmətdə qeydiyyata alınmışdır. İddiaçının qonşusu olan Dağıstan adlı şəxs evinin arxasında yerləşən, heç bir sənədi olmayan evini artırmaq məqsədi ilə özbaşına olaraq iddiaçıya məxsus hasarı sökmüşdür. Onun apardığı bu işlər tamamilə qanunsuzdur və bilavasitə onun konstitusion hüquqlarının kobud şəkildə pozulması ilə davam etdirilir. Belə ki, onun apardığı artırma işləri çıxarışla iddiaçıya məxsus olan torpaq sahəsinin qanunsuz zəbt olunması və inşa edilən artırmanın iddiaçının evinin divarına yapışdırılması ilə həyata keçirilir. Üstəlik də, oradan keçən və onun evinə gələn qaz xətti yararsız vəziyyətə salınmışdır. İddiaçı Dağıstana onun hərəkətlərinin qanunsuz olmasını, işlərin həyata seçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada heç bir dövlət orqanından müvafiq icazənin, eyni zamanda da gördüyü işlərin onun mülkiyyətində olan əmlakına təsir göstərdiyi üçün ondan da icazə almalı olduğunu demiş, buna cavab olaraq cavabdeh iddiaçını və ailəsini nəlayiq sözlərlə təhqir etmişdir. Onun qanunsuz hərəkətləri barədə Abşeron rayon İH X4 ərazi üzrə nümayəndəliyinə və kənd bələdiyyəsinə müraciət etmişdir. Növbəti gün kənd icra nümayəndəliyindən bir neçə şəxs gəlmiş və həmin qanunsuz tikilinin bir hissəsini, cavabdehin özünə sökdürmüşdülər. Dağıstan onlara izahat verərək bildirmişdir ki, guya o bura uzun müddətdir ki, gəlmir və buna görə də usta özü özbaşına hasarı sökərək artırma işlərini aparmışdır. Yekunda o, qalan tikilinin də tezliklə sökəcəyi verdiyi demişdir. Lakin, bu hadisənin üstündən 1 il keçməsinə baxmayaraq cavabdeh nəinki qalan tikilini sökməmiş, o əksinə iddiaçıya məxsus olan hasarın qalan hissəsini də sökərək yenidən tikinti işlərinə başlamışdır. İddiaçı ona yenidən irad tutmuş və ona tikililər arasında ara məsafəni gözləməli olduğunu demişdir, lakin, bu dəfə də cavabdeh ona kobud şəkildə cavab vermiş və artırmanı heç vaxt sökməyəcəyini demişdir. İddiaçı da məcbur qalaraq Abşeron rayon İcra Hakimiyyətinə və Abşeron rayon birlikləriı Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Abşeron rayon İcra Hakimiyyətində müvafiq araşdırma aparılmış və Dağıstanın hərəkətlərinin qanunsuz olması barədə qənaətə gəlinmişdir. xx.xx.2021-ci il tarixli 6/2925 saylı cavab məktubunda qeyd edilmişdir şəxslər ki, pozulmuş yanaşı yaşama prinsiplərinin aradan qaldırılması məqsədi ilə cavabdehə müvafiq tapşırıqlar verilmiş və aradan qaldırılması məqsədi cavabdehə müvafiq tapşırıqlar verilmiş və aradan qaldırılması məqsədi ilə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Cavabdeh qaçqındır və onun Daşkəsən rayonunda dövlət tərəfdən verilmiş evi də var. Bununla yanaşı iddiaçının qonşuluğunda da qanunsuz olaraq ev tikmiş, indi də artırmağa çalışır. Göründüyü kimi cavabdehin hərəkətlərinin qanunsuz olması və bu hərəkətlər nəticəsində onun hüquqlarının kobud şəkildə pozulması dövlət orqanı tərəfindən də təsdiq edilmişdir. Cavabdehin bu qanunsuz hərəkətləri ilə iddiaçının konstitusiya ilə qorunan mülkiyyət hüququna qəsd edilmiş və bərpa olunması üçün məhkəmə tərəfindən buna son qoyulmalıdır. Məhkəmə prosesində iştirak edən iddiaçı X3 iddianı müdafiə edib iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə prosesində iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək qeyd etmişdir ki, 2013-cü il tarixdən həmin ərazidə yaşayır. Tikinti və torpaqla bağlı sənədi yoxdur. Apardığı tikintinin iddiaçıya aidiyyatı yoxdur, iddiaçıya hər hansı ziyan vurmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən qismən əsaslı olduğundan iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın və texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0.0169 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 111.1 kv.m olan fərdi yaşayış evi X1 adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi, **********31-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Mülki iş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 6/2925 nömrəli məkltubdan görünür ki, X1 müraciəti araşdırılmış və ona bildirilmişdir ki, tərəflərindən vətəndaşa pozulmuş yanaşı yaşama prinsiplərinin aradan qaldırılması tapşırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, qanunsuz tikintilərin sökülməsi və dayandırılması Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin səlahiyyətlərinə aiddir. Odur ki, pozulmuş yanaşı yaşama prinsipləri aradan qaldırlması üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Abşeron Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli, 2(012)-808/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə texniki-tikinti ekspertizası təyin edilmiş, xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********31-10301 reyestr nömrəli Çıxarışlara əsasən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında 0.0169 ha torpaq sahəsinin sənədinin plan-sxemi nəzərə alınmaqla kordinatlarına uyğun yerləşmə yerlərinin müəyyən edilməsi, cavabdeh tərəfindən aparılan tikintinin iddiaçıya məxsus həmin torpaq sahəsində yerləşib-yerləşməməsi müəyyən edilməsi ekspert qarşısında sual olaraq qoyulmuşdur. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2022-ci il tarixli 10/6136 nömrəli ekspert rəyindən görünür ki, Qərardadın birinci sualı üzrə: 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********31-10301 reyestr nömrəli Çıxarışa əsasən X1 mülkiyyətində olan ünvan 3 ünvanında 0.0169 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatlarının iddiaçı X1 faktiki istifadəsində olan 0,0179 ha torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən olundu. Qərardadın ikinci sualı üzrə: 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, cavabdeh tərəfindən aparılan tikintinin (yaşayış evi və yarımçıq tikili) xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********31-10301 reyestr nömrəli Çıxarışa əsasən X1 mülkiyyətində olan ünvan 3 ünvanında 0.0169 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatlarının iddiaçı X1 faktiki istifadəsində olan 0,0179 ha torpaq sahəsinin daxilində yerləşmədiyi müəyyən olundu. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qonşuluğunda Cavabdeh tərəfindən aparılan tikinti işlərinin dayandırılıması, onun hesabına həyata keçirilmiş bütün işlərin sökülməsi, hasarın və qaz xəttinin bərpa edilərək əvvəlki vəziyyətə gətirilməsi və iddia qaldırmaq üçün ödənilən 100 manat dövlət rüsumunun ondan tutularaq ona ödənilməsini xahiş edir. İş üzrə ekspert rəyinə əsasən 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********31-10301 reyestr nömrəli Çıxarışa əsasən X1 mülkiyyətində olan ünvan 3 ünvanında 0.0169 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatlarının iddiaçı X1 faktiki istifadəsində olan 0,0179 ha torpaq sahəsinin daxilində yerləşdiyi, 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, cavabdeh tərəfindən aparılan tikintinin (yaşayış evi və yarımçıq tikili) xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********31-10301 reyestr nömrəli Çıxarışa əsasən X1 mülkiyyətində olan ünvan 3 ünvanında 0.0169 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatlarının iddiaçı X1 faktiki istifadəsində olan 0,0179 ha torpaq sahəsinin daxilində yerləşmədiyi müəyyən edilmişdir. Cavabdehin aparılmış tikinti və torpaq sahəsi ilə bağlı sənədləri yoxdur, ona aid olmayan torpaq sahəsində tikinti aparmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən, işin materiallarında olan fotoşəkillərdən görünür ki, iddiaçının evinin hasar divarının bir hissəsinin davamı olaraq cavabdeh tərəfindən tikilən tikilinin divarı təşkil edir.İddiaçı bildirir ki, hasarın davamı cavabdeh tərəfindən sökülərək yerində cavabdehin tikdiyi divar hasar əvəzidir.Bu cavabdeh tərəfindən iddiaçının razılığı və xəbəri olmadan edilmişdir. Həmçinin həmin fotoşəkillərdən görünür ki, iddiaçının evinə gedən qaz xətti hasar divarın üzərindən götürülərək iddiaçının evinin divarı ilə hasar divarının arasına salınmışdır.Bu da iddiaçının izahatına görə cavabdeh tərəfindən onun xəbəri və razılığı olmadan edilmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməsə də, qeyd edilən şzbaşına tikilinin cavabdeh tərəfindən aparılması onun izahatı ilə təsdiq edildiyindən məhz həmin hərəkətlərin də onun tərəfindən edilməsi nəticəsinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olmaqla, qismən təmin edilməli,Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında Cavabdeh tərəfindən iddiaçıya məxsus evin hasar divarının davamı olan uçurulmuş hissəsi tikilib bərpa olunmalı və iddiaçının evinə gedən qaz xətti cavabdeh tərəfindən onun öz vəsaitləri hesabına əvvəlki vəziyyətə, hasar divarın üzərinə gətirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda iş üzrə 50 manat məbləğində ekspertiza xərci və 95 manat mütəxəssisə iddiaçı tərəfindən rəy verilməsi üçün ödənilmiş məhkəmə xərci və 100 manat dövlət rüsumu vardır ki, iddia qismən təmin edildiyindən 50 manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, mütəxəssis xərcinin 80 manatı cavabdehdən tutulub iddiaçıya verilməli,həmçinin, 80 manat rüsuma görə pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən X1 mülkiyyətində olan ünvan 3 ünvanında Cavabdeh tərəfindən X2 məxsus evin hasar divarının davamı olan uçurulmuş hissəsi tikilib bərpa olunsun və X1 evinə gedən qaz xətti cavabdeh tərəfindən onun öz vəsaitləri hesabına əvvəlki vəziyyətə hasar –divarın üzərinə gətirilsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul vəsaitinin 80 manatı və mütəxəssis rəyinə görə 80 manat, cəmisi 160 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı X2 ödənilsin. Cavabdeh 50 manat ekspertiza xərcinə görə pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar