Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-837/2021 18.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Elçin Məmməd oğlu Kazımovun sədrliyi ilə, Məsləhətçi (məhkəmə iclas katibi) Yunuslu Elvin Kamil oğlunun katibliyi, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4632,97 manat sığorta ödənişinin və 30,40 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4663,37 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulub iddiaçı “xxxx” ASC-nin hesabına ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında Cavabdeh1 mülkiyyətində olan “Mercedes Benz C180” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə edilərkən yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə “xxxx” ASC-də sığortalanmış hadisə zamanı Paşayev Vüsal Möhübbət oğlu tərəfindən idarə edilmiş “Mazda CX 9” markalı, **-CL- *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Abşeron RPİ-in İstintaq bölməsi tərəfindən qeydə alınmış xx.xx.2014-cü il tarixli, 1298 saylı arayışa və xx.xx.2014-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən “Mercedes Benz C180” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 hadisənin baş verməsində təqsirli şəxs olaraq bilinmişdir. Bundan başqa, xx.xx.2014-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərara nəzər salsaq görünür ki, araşdırma zamanı izahat vermiş Cavabdeh2 “Mercedes Benz C180” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 məxsus olduğunu və yol-nəqliyyat hadisəsi baş zaman sərxoş olduğunu etiraf etmişdir. Həmçinin, “Mercedes Benz C180” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 izahatından görünür ki, o, qeyd edilən avtomobili Cavabdeh2 şəxsi işlərini həll etmək məqsədilə sürücülük vəsiqəsinin olduğu üçün vermişdir. Lakin, qeyd edilən avtomobil Cavabdeh2 tərəfindən etibarnamə olmadan idarə edilmişdir. Abşeron RPİ-in İstintaq bölməsi tərəfindən qeydə alınmış xx.xx.2014-cü il tarixli, 1298 saylı arayışa və AB № 455957 saylı Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən məlum olmuşdur ki, hadisə anında “Mercedes Benz C180” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə edilərkən Cavabdeh1 mülkiyyətində olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Mercedes Benz C180” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti “xxxx” ASC tərəfindən sığortalanmış və zərər məbləği bir hadisə üzrə əmlaka dəymiş zərərlə bağlı qanunla müəyyən edilmiş 5000 manat məbləğində məsuliyyət həddini aşdığı üçün “xxxx” ASC həmin aşan hissəni zərər vuran şəxsdən tələb etmək hüququna yiyələnmişdir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 9632,97 məbləğində sığorta ödənişinin məbləğini cavabdehlərdən müştərək qaydada tələb etmək hüququna sahib olmuşdur. Bundan başqa, iddianın verilməsi üçün dövlət rüsumu da cavabdehlərdən tutulmalıdır. Odur ki, 4632,97 manat sığorta ödənişi və 30,40 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4663,37 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulub iddiaçı “xxxx” ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, baş vermiş yol-nəqliyyat hadisəsi onun günahından baş vermiş, lakin, 4632,97 manat sığorta ödənişi çoxdur və həmin məbləğdən narazıdır. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və göndərməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən, həmçinin proses iştirakçılarının rəylərini nəzərə alaraq məhkəmə işə digər Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinin mahiyyətindən görünür ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AB № 455957 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz C180” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. - İcbari Sığorta Müqavilələrinin mövcudluğunun yoxlanılmasına dair çıxarışın surətindən görünür ki, “Mercedes Benz C180” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücülərin üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası baş verən anda PAT********** saylı icbari sığorta müqaviləsi əsasında “xxxx” ASC tərəfindən sığortalanmışdır. - Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AB № 712139 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mazda CX 9” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 adına qeydiyyatdan keçmişdir. - “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan” xx xxxxx 2014-cü il tarixli, 1/6464 saylı tibbi müayinə aktından görünür ki, sürücü Cavabdeh2 orta dərəcəli sərxoş vəziyyətdə olmuşdur. - “xxxx” ASC-nin Sığorta hadisələrinin tənzimlənməsi Departamenti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, CM272/14 saylı zərərin hesablanması aktından görünür ki, X4 məxsus “Mazda CX 9” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ƏDV 18% daxil olmaqla 10132,97 manat məbləğində müəyyən edilmişdir. - xx.xx.2014-cü il tarixli, 455/14-CM 272/14 saylı sığorta aktının təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “xxxx” ASC tərəfindən texniki baxışdan keçirilmiş “Mazda CX 9” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı 10132,97 manat məbləğində zərər müəyyən edilmiş, həmin zərərdən MİB- HO-0317/12 saylı sığorta şəhadətnaməsində razılaşdırılmış 500 manat azadolma məbləği çıxılmaqla, X4 dəymiş ziyana görə, 9632,97 manat məbləğində pul ödənilmişdir. - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən xx.xx.2014-cü il tarixli, 1298 saylı arayışının surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə saat 20:00-da Cavabdeh2 idarə etdiyi Cavabdeh1 mülkiyyətində olan “Mercedes Benz C180” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə Paşayev Vüsal Möhübbət oğlunun idarə etdiyi “Mazda CX 9” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi toqquşmuşdur. - Abşeron RPİ-in İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X6 xx xxx 2014-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152-1.4-cü maddəsinin tərkib əlamətləri yarandığı üçün barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Abşeron rayon PŞ-nin DYPB-nə göndərilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda Cavabdeh2 izahatından görünür ki, “Mercedes Benz C180” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 məxsusdur, həmin avtomobili ona müvəqqəti idarə etmək üçün vermişdir və yolnəqliyyat hadisəsi baş zamanı o, sərxoş vəziyyətdə olmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda Cavabdeh1 izahatından görünür ki, “Mercedes Benz C180” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir, o, qeyd edilən avtomobili dostu Cavabdeh2 sürücülük vəsiqəsi olduğu üçün vermişdir. Lakin, Cavabdeh2 qeyd edilən avtomobili etibarnamə olmadan idarə etmişdir. - Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə Sığorta Şəhadətnaməsinin surətindən görünür ki, X3 (sığortalı) mülkiyyətində olan 41900 manat dəyərində olan “Mazda CX 9” model, 2012-ci il buraxılışlı, ban JMZTB89A800300899 olan, **- CL-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2012-ci ildən xx.xx.2015-ci il tarixinədək olan müddətə bəzi hadisələrdən, o cümlədən yol-nəqliyyat hadisələrindən iddiaçı - “xxxx” ASC-də fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası növündə Sığorta şəhadətnaməsi ilə sığortalamışdır. - 000852 saylı, xx.xx.2014-cü il tarixli Kassa Məxaric orderinin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə 9632,97 manat məbləğində sığorta ödənişi “xxxx” ASC tərəfindən sığorta şəhadətnaməsi üzrə sığortalı olan X4 ödənilmişdir. - “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xx.xx.2020-ci il tarixli, BS-C-20/0835 saylı geriyə tələb (subroqasiya) məktubundan görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər məbləğini 5 (beş) təqvim günü müddətində şirkətə ödənilməsini təklif etmiş, həmçinin əks təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı haqqında cavabdehə məlumat verilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən sığortalıya vurulmuş zərərin əvəzinin həmin Məcəllənin 1114-cü maddəsinə müvafiq olaraq reqres qaydasında iddiaçı tərəfindən tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin qeyd edilən 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən isə başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edildi ki, xx.xx.2014cü il tarixində, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində Cavabdeh1 mülkiyyətində olan “Mercedes Benz C180” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən idarə edilərkən, yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “xxxx” ASC-də sığortalanmış “Mazda CX 9” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Abşeron RPİ-in İstintaq bölməsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 1298 saylı arayışa və xx.xx.2014-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən “Mercedes Benz C180” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 hadisənin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmişdir. Yol nəqliyyat hadisəsi ilə bağlı “xxxx”ASC tərəfindən “Mazda CX 9” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar müvafiq sığorta müqaviləsi şərtlərinə uyğun olaraq 9632,97 manat sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh bugünə qədər həmin məbləğin geri ödənilməsindən qərəzli şəkildə yayınmışdır. Bununla da, “xxxx” ASC onun tərəfindən sığortalanmış avtomobilə görə edilmiş sığorta ödənişinin zərərvuran şəxsdən tələb edilməsinə dair subroqasiya hüququnu əldə etmişdir. Hazırda iddiaçı həmin məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. Bundan başqa, yol-nəqliyyat hadisəsi zamanı “Mercedes Benz C180” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti “xxxx” ASC tərəfindən sığortalanmış və zərər məbləği bir hadisə üzrə əmlaka dəymiş zərərlə bağlı qanunla müəyyən edilmiş 5000 manat məbləğində məsuliyyət həddini aşdığı üçün “xxxx” ASC həmin aşan hissəni zərər vuran şəxsdən tələb etmək hüququna yiyələnmişdir. “İcbari Sığortlar haqqında” Qanunun 25-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. İş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 30 manat pul vəsaitinin əvəzi cavabdehlərdən müştərək qaydada tutulub, iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4632,97 manat sığorta ödənişi, 30,40 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4663,37 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4632,97 (dörd min altı yüz otuz iki manat, doxsan yeddi qəpik) manat sığorta ödənişi, 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4663,37 (dörd min altı yüz altmış üç manat, otuz yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə verilsin. Qətnamə tərəflərə rəsmi təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-837/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-837/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver