Məhkəmə qərarları › İş №2(012)-951/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-951/2022

10.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-951/2022 10.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək Cavabdeh sabit pul məbləğində 350 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə faktiki nikah münasibətlərindən 26 iyun 2007-ci il təvəllüdlü X4 və 20 mart 2010-cu il təvəllüdlü X3 adlı 2 övladları vardır. Son vaxtlar münasibətləri gərgin olduğundan ayrılmışlar. Hal-hazırda ayrı-ayrı ünvanlarda yaşayırlar, birgə təsərrüfat aparmırlar və uşaqların qayğısı onun üzərindədir. Uşaqların təkbaşına maddi ehtiyaclarını ödəmək onun üçün çox çətindir. Bu səbəbdən də hazırki aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək Cavabdeh sabit pul məbləğində 350 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə Cavabdeh iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən iddiaçının rəyini nəzərə alaraq, məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Abşeron rayon VVADQ şöbəsi tərəfindən 13 fevral 2008-ci il tarixdə verilmiş AZ-1 seriyalı 108697 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 26 iyun 2007-ci ildə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 13 fevral 2008-ci il tarixdə 46 nömrə ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan Abşeron rayon VVADQ şöbəsi tərəfindən 13 fevral 2008-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 059126 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 26 iyun 2007-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 13 fevral 2008-ci il tarixdə 150 nömrə ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 16 yanvar 2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı 408123 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 20 mart 2010-cu ildə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 22 fevral 2011-ci il tarixdə 57 nömrə ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 14 oktyabr 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 383662 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 20 mart 2010cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 22 fevral 2011-ci il tarixdə 330 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər faktiki nikah münasibətlərində olmuşlar, onların birgə nikahlarından 26 iyun 2007-ci il təvəllüdlü X4 və 20 mart 2010-cu il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Tərəflər hazırda faktiki olaraq ayrı yaşayırlar və uşaqlar iddiaçının himayəsindədir. Məhkəmə qeyd edir ki, iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların maddi yardıma ehtiyacları olduğundan uşaqlar üçün alimentin tutulması zəruridir. Ona görə də, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək, habelə uşaqlar üçün alimentin tutulmasının zəruriliyini, eləcə də minimum yaşayış məbləğini və azyaşlı uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, X2 və X1 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırki iddia tələbi bağlı iddia ərizəsini məhkəməyə xx.xx.2021-ci il tarixdə təqdim etmişdir. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə də, qeyd edilənlərə əsasən Cavabdeh dövlət nəfinə 50 (əlli) manat məbləğində dövlət rüsumuna görə pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Buna görə də iddia tələbi dərhal icraya yönəldilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. 26 iyun 2007-ci il tarixdə anadan olmuş X2 və 20 mart 2010-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilsin. Alimentin tutulma müddəti 17 dekabr 2021-ci il tarixdən X4 və X3 yetkinlik yaşlarına çatana qədər müəyyən edilsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 50 (əlli) manat dövlət rüsumuna görə dövlət nəfinə pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar