Məhkəmə qərarları › İş №2(012)-977/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-977/2022

09.03.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-977/2022 09.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil və Cavabdeh MTK-nın nümayəndəsi X11 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki işə 09 mart 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu. Masazır qəsəbəsi 1 saylı binanın 8-ci mərtəbəsində sahəsi 126.6 kv.m. olan 3 otaqlı 57 saylı mənzil, həmin binanın həmin mərtəbəsində sahəsi 59.43 kv.m. olan 1 otaqlı 58 saylı mənzil və həmin binanın 2-ci mərtəbəsində sahəsi 59.43 kv.m. olan 1 otaqlı 4 saylı mənzillərlə bağlı sahiblik və istifadə hüquqlarının həyata keçirilməsini təmin etmək üçün həmin mənzillərin Cavabdeh MTK tərəfindən ona təhvil verilməsi və mənzillərə dair öz adına çıxarışın alınması üçün müvafiq sənədləşmənin aparılmasının MTK-ya həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MTK arasında 11.05.2018-ci il tarixdə 3 müqavilə bağlanmış, həmin müqavilələrdən birinə görə MTK ona Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilməkdə olan yaşayış kompleksində 1 saylı binanın 8-ci mərtəbəsində sahəsi 126.6 kv.m. olan 3 otaqlı 57 saylı mənzili, digər müqaviləyə görə həmin binanın həmin mərtəbəsində sahəsi 59.43 kv.m. olan 1 otaqlı 58 saylı mənzili, sonuncu müqaviləyə görə isə həmin binanın 2-ci mərtəbəsində sahəsi 59,43 kv.m. olan 1 otaqlı 4 saylı mənzili satmış, o, müqavilələrə əsasən üzərinə düşən öhdəlikləri icra edərək mənzillərin dəyərini MTK-ya tam ödəmiş və buna dair ona müvafiq maliyyə arayışları verilmişdir. Həmin müqavilələrə əsasən MTK mənzilləri ona təhvil verməyi öhdəsinə götürmüş, mənzillər tikilib hazır edilmişdir. İndi də əvvəllərdə olduğu kimi tez-tez gedib mənzillərini yoxlayır. Hazırda mənzillərinə qapılar qoymaq, təmirə başlamaq istəsə də, MTK müxtəlif bəhanələrlə buna mane olmağa çalışır. MTK-nın rəhbərliyi arasında problemlər yarandığından ona da problemlər yaratmağa başlamışlar. Hazırda isə MTK yaranmış həmin hüquqlarının realizəsinə mane olmağa çalışdığından hazırkı iddia ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddinı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi və izahatında bildirdi ki, cavabdeh MTK-dan özünün və qohumlarının adına əvvəllər də mənzillər almış, onları təmir edərək satmaqla məşgul olmuşdur. Bu məqsədlə qeyd edilən mübahisəli mənzillər dəyərini ödəməklə almış, bu barədə ona müvafiq müqavilələr və maliyyə arayışıları verilmişdir.Lakin, MTK-nın təsisçiləri arasındakı anlaşılmazlığa görə mənzillər ona təhvil verilmir, ümumiyyətlə binaya belə buraxılmır. İddiaçı vəkili və nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi X16 iddia tələbini qəbul etmədi və bildirdi ki, araşdırma zamanı müəyyən edilmişdir ki, X13 həmin müqavilələri qanunsuz yolla əldə etmiş və həmin mənzillər ilə o MTK-nın kassasına pul ödəməmiş, müqavilələrin harada tərtib olunması və həmin müqavilələrə möhürün harada vurulması məlum deyildir. Həmin müqavilələrə baxış keçirilən zaman müəyyən edilmişdir ki, müqavilə Arzuman Əliyevin adı göstərilsə də, həmin imzalar Arzuman Əliyevə məxsus deyildir. Bundan əlavə müəyyən edilmişdir ki, həmin imza xətt nümunəsi həmin dövrdə "xxxx" MTK-da xəzinədar vəzifəsində çalışan X6 imza xətt nümunələrinə oxşardır. Yəni həmin müqaviləyə A.Əliyev deyil, Aysel Fərzəliyevə imza etmişdir. Aysel Fərzəliyevanın isə həmin müqavilələri imzalamağa hüququ olmamışdır. Aysel Fərzəliyevə isə Araz Novruzovun atası Qəzənfər Novruzovun yaxın dostu olmuş və Binəqədi rayon İcra hakimiyyətində bir yerdə işləmişlər. Qəzənfər Novruzovun xahişi ilə Aysel Fərzəliyevə "xxxx" MTK-da xəzinədar vəzifəsində işə götürülmüşdür. 2018-ci ilin may ayından isə "xxxx" MTK-nın sədri A.Əliyev Azərbaycan ərazisindən kənarda-Baki Apellasiya məhkəməsinin qərarı ilə axtarışda olmuşdur. Həmin möhür isə təsisçi Ramiz İsayevə verilmişdir. Ramiz İsayev isə həmin müqavilələrə möhür vurmadığını bildirmişdir. Bu faktlarla bağlı Baş prokurorluq yanında Korrupsiya idarəsində araşdırma aparılmış və orada toplanmış material vardır. Bundan başqa, 1 ci binanın 57 saylı mənzili X4 və onun tərəfindən mənzilin dəyəri "xxxx" MTK-ya hissə-hissə ödənilmiş, hazırda 2050 man borcu qalmışdır. 1-ci binanın 58 saylı mənzili X2 və onun tərəfindən mənzilin dəyəri "xxxx" MTKya hissə-hissə ödənilmiş hazırda 22080 man borcu qalmışdır. 1-ci binanın 04 saylı mənzili X5 və onun tərəfindən mənzilin dəyəri "xxxx" MTK-ya hissə-hissə ödənilmiş hazırda 20200 man borcu qalmışdır. X9 məhkəməyə təqdim etdiyi müqavilələrin və maliyyə arayışlarının saxta olması nəzərə alınaraq, iddianın təmin olunmamasını xahiş etdi. Eyni zamanda bildirdi ki, X13 "xxxx" MTK-nın 2-ci bina ,89 saylı mənzilin ələ keçirmiş və həmin mənzili 21.09.2018-ci il tarixdə X12 100.000 manatdan artıq qiymətə satmaqla həmin pulu da mənimsəmişdir. Cavabdehin nümayəndəsi məhkəmənin əvvəlki iclasında müqaviləlrdəki imzanın buna MTK-nın adından imza etmək səlahiyyətinin verildiyi Aysel Fərzəliyeva tərəfindən imza edildiyini bildirsə də, məhkəmənin sonuncu iclasında Aysel Fərzəliyevanın müqavilə imzalamağa səlahiyyətinin olmamasını bildirdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşin materiallarından olan Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 11.05.2018ci il tarixli AZ/B01/MR08/MN58/BRT/110518 saylı müqavilədən görünür ki, Cavabdeh MTK dəyəri 29175 (iyirmi doqquz min yeddi yüz on beş) manat olan Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilməkdə olan 1 saylı binanın 8-ci mərtəbəsində sahəsi 59.43 kv.m. olan 1 otaqlı 58 saylı mənzili İddiaçı satmışdır. İşin materiallarından olan Cavabdeh MTK tərəfindən 11.05.2018-ci il tarixli, 58 nömrəli Maliyyə arayışının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı həqiqətən Abşeron rayonu, Masazır qəsəbəsində, Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış kompleksində №AZ/B01/MR08/MN58/BRT/110518 saylı 11.05.2018-ci il tarixli müqavilə əsasında aldığı bina 1, mərtəbə 08, sahəsi 59.43 kv.m. olan 58 saylı mənzilin 29715 AZN (iyirmi doqquz min yeddi yüz on beş manat) dəyərini tam ödəmişdir. İşin materiallarından olan Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 11.05.2018ci il tarixli AZ/B01/MR08/MN57/BRT/110518 saylı müqavilədən görünür ki, Cavabdeh MTK dəyəri 63300 (altmış üç min üç yüz) manat olan Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilməkdə olan 1 saylı binanın 8-ci mərtəbəsində sahəsi 126.6 kv.m. olan 3 otaqlı 57 saylı mənzili İddiaçı satmışdır. İşin materiallarından olan Cavabdeh MTK tərəfindən 11.05.2018-ci il tarixli, 57 nömrəli Maliyyə arayışının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı həqiqətən Abşeron rayonu, Masazır qəsəbəsində, Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış kompleksində №AZ/B01/MR08/MN57/BRT/110518 saylı 11.05.2018-ci il tarixli müqavilə əsasında aldığı bina 1, mərtəbə 08, sahəsi 126.6 kv.m.olan 57 saylı mənzilin 63300 AZN (altmış üç min üç yüz manat) dəyərini tam ödəmişdir. İşin materiallarından olan Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 11.05.2018ci il tarixli AZ/B01/MR02/MN04/BRT/110518 saylı müqavilədən görünür ki, Cavabdeh MTK dəyəri 29715 (iyirmi doqquz min yeddi yüz on beş) manat olan Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilməkdə olan 1 saylı binanın 8-ci mərtəbəsində sahəsi 59.43 kv.m. olan 1 otaqlı 04 saylı mənzili İddiaçı satmışdır. İşin materiallarından olan Cavabdeh MTK tərəfindən 11.05.2018-ci il tarixli, 04 nömrəli Maliyyə arayışının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı həqiqətən Abşeron rayonu, Masazır qəsəbəsində, Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış kompleksində №AZ/B01/MR02/MN04/BRT/110518 saylı 11.05.2018-ci il tarixli müqavilə əsasında aldığı bina 1, mərtəbə 02, sahəsi 59.43 kv.m. olan 04 saylı mənzilin 29715 AZN (iyirmi doqquz min yeddi yüz on beş manat) dəyərini tam ödəmişdir. İşin materiallarından olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 07.01.2022-ci il tarixli məktubun surətindən görünür ki, onun müraciətinə baxılmış, həmin işlər mülki məhkəmə icraatı qaydasında həll edildiyindən, mülki-prosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Beləliklə, yuxarıda qeyd edilənlərdən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 11.05.2018-ci il tarixli AZ/B01/MR08/MN58/BRT/110518 saylı müqaviləyə əsasən Cavabdeh MTK Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilməkdə olan 1 saylı binanın 8-ci mərtəbəsində sahəsi 59.43 kv.m. olan 1 otaqlı 58 saylı mənzili, 11.05.2018-ci il tarixli AZ/B01/MR08/MN57/BRT/110518 saylı müqaviləyə əsasən Cavabdeh MTK Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilməkdə olan 1 saylı binanın 8-ci mərtəbəsində sahəsi 126.6 kv.m. olan 3 otaqlı 57 saylı mənzili, 11.05.2018-ci il tarixli AZ/B01/MR02/MN04/BRT/110518 saylı müqaviləyə əsasən Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilməkdə olan 1 saylı binanın 8-ci mərtəbəsində sahəsi 59.43 kv.m. olan 1 otaqlı 04 saylı mənzili İddiaçı satmış, o, müqavilələrə əsasən üzərinə düşən öhdəlikləri icra edərək mənzillərin dəyərini MTK-ya tam ödəmiş və buna dair ona müvafiq maliyyə arayışları verilmişdir. Tərəflərin izahatılarından göründüyü kimi mənzillər yerləşən bina tikilmişdir,hazırda iddiaçı mənzillərə qapı qoymaq,oranı təmir etdirməyə başlamaq istəsə də, MTK müxtəlif bəhanələrlə buna mane olmağa çalışır. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-ci maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 152.7-ci maddəsinə istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək qeyd edir ki, işin materiallarından göründüyü kimi iddiaçı tərəfindən mübahisəli mənzillər ilə bağlı iddiaçı tərəfindən öhdəliklər tam yerinə yetirilmişdir. İddia ərizəsindən göründüyü kimi iddiaçının həmin mənzilə sahiblik və istifadə hüquqlarını həyata keçirməsinə cavabdeh tərəfindən maneələr vardır.Bundan başqa, cavabdehin nümayəndəsi mübahisəli mənzillərin 1- ci binanın 57 saylı mənzili X3 və onun tərəfindən mənzilin dəyəri "xxxx" MTK-ya hissə-hissə ödənilməsi, hazırda 2050 man borcunun qalmasını, 1-ci binanın 58 saylı mənzili X1 və onun tərəfindən mənzilin dəyəri "xxxx" MTKya hissə-hissə ödənilmiş hazırda 22080 man borcunun qalması, 1-ci binanın 04 saylı mənzili X5 və onun tərəfindən mənzilin dəyəri "xxxx" MTK-ya hissə-hissə ödənilməsi,hazırda 20200 man borcu qalmasını bildirsə də., həmin şəxlərlə bağlanan bağlanan müqavilələri məhkəməyə təqdim etməmiş,habelə iddiaçı ilə cavabdeh arasında həmin mənzillərə dair bağlanmış müqavilələr qüvvədə olduğu bir halda hansı əsasla belə bir müqavilələr bağlanmasına aydınlıq gətirə bilməmişdir. Cavabdehin nümayəndəsi tərəfindən ödənmiş məbləği təsdiq etmək təqdim edilən kassa mədaxil qəbzləri isə adi kağız üzərində aparılmış qeydiyyat olmaqla rəsmi sənədlər olmadığından sübut hesab oluna bilməz. İşin müəyyən edilən faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi qanunvericiliyin tələblərinə uyğundur, cavabdeh tərəfindən mübahisəli mənzillərin iddiaçıya təhvil verilməsinə maneçiliyinin hüquqi əsasları yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Abşeron rayonu. Masazır qəsəbəsi 1 saylı binanın 8-ci mərtəbəsində sahəsi 126.6 kv.m. olan 3 otaqlı 57 saylı mənzil, həmin binanın həmin mərtəbəsində sahəsi 59.43 kv.m. olan 1 otaqlı 58 saylı mənzil və həmin binanın 2-ci mərtəbəsində sahəsi 59.43 kv.m. olan 1 otaqlı 4 saylı mənzillərlə bağlı sahiblik və istifadə hüquqlarının həyata keçirilməsini təmin etmək üçün həmin mənzillər Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməlidir. Məhkəmə iddia tələbinin mənzillərə dair iddiaçının adına çıxarışın alınması üçün müvafiq sənədləşmənin aparılmasının MTK-ya həvalə edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 112.1.maddəsinə görə Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edirlər.İddiaçı mübahisəli mənzillərlə bağlı pay haqqını yuxarıda qeyd edilənlərdən göründüyü kimi tam olaraq ödəmişdir. Qeyd edilən tələblə bağlı iddiaçı cavabdehə müraciət etməmiş və bu barədə cavabdehin imtinası olmamışdır. Ona görə də, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı tərəfindən ödənilmiş 101 manat dövlət rüsumunun 70 manat hissəsi cavabdehdən tutulub iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Abşeron rayonu. Masazır qəsəbəsi 1 saylı binanın 8-ci mərtəbəsində sahəsi 126.6 kv.m. olan 3 otaqlı 57 saylı mənzil, həmin binanın həmin mərtəbəsində sahəsi 59.43 kv.m. olan 1 otaqlı 58 saylı mənzil və həmin binanın 2-ci mərtəbəsində sahəsi 59.43 kv.m. olan 1 otaqlı 4 saylı mənzillərlə bağlı sahiblik və istifadə hüquqlarının həyata keçirilməsini təmin etmək üçün həmin mənzillər Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilsin. Cavabdeh MTK-dan 70 manat dövlət rüsumuna görə pul tutulub İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar