Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1345/2022 01.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X20 Tağızadənin sədrliyi və məruzəsi, X9 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi, İddiaçı: İddiaçı, Cavabdehin nümayəndəsi: X16, Cavabdehin vəkili: X5 iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mənzilin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili E.M.Əliyarov tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia tələbinin qismən təmin edilməsi, Abşeron rayonu. Masazır qəsəbəsi 1 saylı binanın 8-ci mərtəbəsində sahəsi 126.6 kv.m. olan 3 otaqlı 57 saylı mənzil, həmin binanın həmin mərtəbəsində sahəsi 59.43 kv.m. olan 1 otaqlı 58 saylı mənzil və həmin binanın 2-ci mərtəbəsində sahəsi 59.43 kv.m. olan 1 otaqlı 4 saylı mənzillərlə bağlı sahiblik və istifadə hüquqlarının həyata keçirilməsini təmin etmək üçün həmin mənzillər Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi, Cavabdeh MTK-dan 70 manat dövlət rüsumuna görə pul tutulub İddiaçı verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu. Masazır qəsəbəsi 1 saylı binanın 8-ci mərtəbəsində sahəsi 126.6 kv.m. olan 3 otaqlı 57 saylı mənzil, həmin binanın həmin mərtəbəsində sahəsi 59.43 kv.m. olan 1 otaqlı 58 saylı mənzil və həmin binanın 2-ci mərtəbəsində sahəsi 59.43 kv.m. olan 1 otaqlı 4 saylı mənzillərlə bağlı sahiblik və istifadə hüquqlarının həyata keçirilməsini təmin etmək üçün həmin mənzillərin Cavabdeh MTK tərəfindən ona təhvil verilməsi və mənzillərə dair öz adına çıxarışın alınması üçün müvafiq sənədləşmənin aparılmasının MTK-ya həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MTK arasında xx.xx.2018-ci il tarixdə 3 müqavilə bağlanmış, həmin müqavilələrdən birinə görə MTK ona Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilməkdə olan yaşayış kompleksində 1 saylı binanın 8-ci mərtəbəsində sahəsi 126.6 kv.m. olan 3 otaqlı 57 saylı mənzili, digər müqaviləyə görə həmin binanın həmin mərtəbəsində sahəsi 59.43 kv.m. olan 1 otaqlı 58 saylı mənzili, sonuncu müqaviləyə görə isə həmin binanın 2-ci mərtəbəsində sahəsi 59,43 kv.m. olan 1 otaqlı 4 saylı mənzili satmış, o, müqavilələrə əsasən üzərinə düşən öhdəlikləri icra edərək mənzillərin dəyərini MTK-ya tam ödəmiş və buna dair ona müvafiq maliyyə arayışları verilmişdir. Həmin müqavilələrə əsasən MTK mənzilləri ona təhvil verməyi öhdəsinə götürmüş, mənzillər tikilib hazır edilmişdir. İndi də əvvəllərdə olduğu kimi tez-tez gedib mənzillərini yoxlayır. Hazırda mənzillərinə qapılar qoymaq, təmirə başlamaq istəsə də, MTK müxtəlif bəhanələrlə buna mane olmağa çalışır. MTK-nın rəhbərliyi arasında problemlər yarandığından ona da problemlər yaratmağa başlamışlar. Hazırda isə MTK yaranmış həmin hüquqlarının realizəsinə mane olmağa çalışdığından hazırkı iddia ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh nümayəndəsi E.M.Əliyarov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. X14 həmin müqavilələri qanunsuz yolla əldə etmiş və həmin mənzillər ilə o MTK-nın kassasına pul ödəməmiş, müqavilələrin harada tərtib olunması və həmin müqavilələrə möhürün harada vurulması məlum deyildir. Həmin müqavilələrə baxış keçirilən zaman müəyyən edilmişdir ki, müqavilə Arzuman Əliyevin adı göstərilsə də, həmin imzalar A.Əliyevə məxsus deyildir. Bundan əlavə müəyyən edilmişdir ki, həmin imza xətt nümunəsi həmin dövrdə "xxxx" MTK-da xəzinədar vəzifəsində çalışan X6 imza xətt nümunələrinə oxşardır. Yəni həmin müqaviləyə A.Əliyev deyil, A.Fərzəliyevə imza etmişdir. A.Fərzəliyevanın isə həmin müqavilələri imzalamağa hüququ olmamışdır. A.Fərzəliyevə isə A.Novruzovun atası Qəzənfər Novruzovun yaxın dostu olmuş və Binəqədi rayon İcra hakimiyyətində bir yerdə işləmişlər. Q.Novruzovun xahişi ilə A.Fərzəliyevə "xxxx" MTK-da xəzinədar vəzifəsində işə götürülmüşdür. 2018-ci ilin may ayından isə "xxxx" MTK-nın sədri A.Əliyev Azərbaycan ərazisindən kənarda-Baki Apellasiya məhkəməsinin qərarı ilə axtarışda olmuşdur. Həmin möhür isə təsisçi R.İsayevə verilmişdir. R.İsayev isə həmin müqavilələrə möhür vurmadığını bildirmişdir. Bu faktlarla bağlı Baş prokurorluq yanında Korrupsiya idarəsində araşdırma aparılmış və orada toplanmış material vardır. Bundan başqa, 1 ci binanın 57 saylı mənzili X2 və onun tərəfindən mənzilin dəyəri "xxxx" MTKya hissə-hissə ödənilmiş, hazırda 2050 man borcu qalmışdır. 1-ci binanın 58 saylı mənzili X1 və onun tərəfindən mənzilin dəyəri "xxxx" MTK-ya hissə-hissə ödənilmiş hazırda 22080 man borcu qalmışdır. 1-ci binanın 04 saylı mənzili X3 və onun tərəfindən mənzilin dəyəri "xxxx" MTK-ya hissəhissə ödənilmiş hazırda 20200 man borcu qalmışdır. A.Q.Novruzovun məhkəməyə təqdim etdiyi müqavilələrin və maliyyə arayışlarının saxtadır. A.Q.Novruzov "xxxx" MTK-nın 2-ci bina, 89 saylı mənzilin ələ keçirmiş və həmin mənzili xx.xx.2018-ci il tarixdə X12 100.000 manatdan artıq qiymətə satmaqla həmin pulu da mənimsəmişdir. Məhkəmə bunları nəzərə almamışdır və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərini pozmuşdur. Abşeron Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(012)-977/2022 saylı qətnaməsini tamamilə ləğv edib, məhkəmədə müəyyən edilmiş hallar və təqdim olunmuş sübutlar əsasında iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi E.M.Əliyarov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını, şahid ifadəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərək, mənzillərin iddiaçının adına müqavilələrinin olmasına və cavabdeh tərəfindən həmin mənzillərdən istifadəsinə cavabdeh tərəfindən mane olmasının sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşin materiallarından olan Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018ci il tarixli AZ/B01/MR08/MN58/BRT/110518 saylı müqavilədən görünür ki, Cavabdeh MTK dəyəri 29175 (iyirmi doqquz min yeddi yüz on beş) manat olan Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilməkdə olan 1 saylı binanın 8-ci mərtəbəsində sahəsi 59.43 kv.m. olan 1 otaqlı 58 saylı mənzili İddiaçıa satmışdır. İş materiallarından olan Cavabdeh MTK tərəfindən xx.xx.2018-ci il tarixli, 58 nömrəli Maliyyə arayışının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı həqiqətən Abşeron rayonu, Masazır qəsəbəsində, Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış kompleksində №AZ/B01/MR08/MN58/BRT/110518 saylı xx.xx.2018-ci il tarixli müqavilə əsasında aldığı bina 1, mərtəbə 08, sahəsi 59.43 kv.m. olan 58 saylı mənzilin 29715 AZN (iyirmi doqquz min yeddi yüz on beş manat) dəyərini tam ödəmişdir. İşdə olan Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli AZ/B01/MR08/MN57/BRT/110518 saylı müqavilədən görünür ki, Cavabdeh MTK dəyəri 63300 (altmış üç min üç yüz) manat olan Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilməkdə olan 1 saylı binanın 8-ci mərtəbəsində sahəsi 126.6 kv.m. olan 3 otaqlı 57 saylı mənzili İddiaçı satmışdır. İşin materiallarından olan Cavabdeh MTK tərəfindən xx.xx.2018-ci il tarixli, 57 nömrəli Maliyyə arayışının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı həqiqətən Abşeron rayonu, Masazır qəsəbəsində, Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış kompleksində №AZ/B01/MR08/MN57/BRT/110518 saylı xx.xx.2018-ci il tarixli müqavilə əsasında aldığı bina 1, mərtəbə 08, sahəsi 126.6 kv.m.olan 57 saylı mənzilin 63300 AZN (altmış üç min üç yüz manat) dəyərini tam ödəmişdir. İşə olan Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli AZ/B01/MR02/MN04/BRT/110518 saylı müqavilədən görünür ki, Cavabdeh MTK dəyəri 29715 (iyirmi doqquz min yeddi yüz on beş) manat olan Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilməkdə olan 1 saylı binanın 8-ci mərtəbəsində sahəsi 59.43 kv.m. olan 1 otaqlı 04 saylı mənzili İddiaçı satmışdır. İşin materiallarından olan Cavabdeh MTK tərəfindən xx.xx.2018-ci il tarixli, 04 nömrəli Maliyyə arayışının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı həqiqətən Abşeron rayonu, Masazır qəsəbəsində, Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış kompleksində №AZ/B01/MR02/MN04/BRT/110518 saylı xx.xx.2018-ci il tarixli müqavilə əsasında aldığı bina 1, mərtəbə 02, sahəsi 59.43 kv.m. olan 04 saylı mənzilin 29715 AZN (iyirmi doqquz min yeddi yüz on beş manat) dəyərini tam ödəmişdir. İşdə olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, onun müraciətinə baxılmış, həmin işlər mülki məhkəmə icraatı qaydasında həll edildiyindən, mülkiprosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə kollegiyası iclası zamanı şahid qismində dindirilmiş X10 göstərdi ki, mənzillərin kvadrat metri 700 manat olduğu halda 500 manatdan İddiaçı satılmasını şirkətin rəhbərinin xahişi ilə etmişdir. Onun tərəfindən 3 ədəd müqavilə hazırlanmış, lakin iddiaçı tərəfindən heç bir ödəniş edilməmişdir. İmza səlahiyyəti onda olmuş, İddiaçı atasını tanıdığı üçün inanıb maliyyə arayışı və müqavilələri hazırlamışdır. Şahid qismində dindirilən X21, eyni məzmunlu izahat verdi. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli AZ/B01/MR08/MN58/BRT/110518 saylı müqaviləyə əsasən Cavabdeh MTK Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilməkdə olan 1 saylı binanın 8-ci mərtəbəsində sahəsi 59.43 kv.m. olan 1 otaqlı 58 saylı mənzili, xx.xx.2018-ci il tarixli AZ/B01/MR08/MN57/BRT/110518 saylı müqaviləyə əsasən Cavabdeh MTK Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilməkdə olan 1 saylı binanın 8-ci mərtəbəsində sahəsi 126.6 kv.m. olan 3 otaqlı 57 saylı mənzili, xx.xx.2018-ci il tarixli AZ/B01/MR02/MN04/BRT/110518 saylı müqaviləyə əsasən Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilməkdə olan 1 saylı binanın 8-ci mərtəbəsində sahəsi 59.43 kv.m. olan 1 otaqlı 04 saylı mənzili İddiaçı ilə bağlanmış müqavilələr, qanunla müəyyən edilmiş qaydada tərtib edilməmişdir. Belə ki, məhkəmə kollegiyası iclası müəyyən edildi ki, İddiaçı "xxxx" MTK ilə yuxarıda göstərilən bağlanmış müqavilələr və maliyyə arayışlar həmin MTK-nın rəhbəri tərəfindən imzalanmamış, buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. İşdə olan sənədlərdən müəyyən olunur ki, sözügedən müqavilələr və maliyyə arayışlar Cavabdeh MTK-nın arxivində yoxdur və qeydiyyatdan belə keçməmişdir. Həmin müqavilələrə imza etmiş Aysel Fərzəliyeva isə İddiaçı atası Qəzənfər Novruzovla yaxın dost olmuşlar və Binəqədi rayon İcra Hakimiyyətinə bir yerdə işləmişlər. Q.Novruzovun xahişi ilə A.Fərzəliyeva Cavabdeh MTK-da xəzinədar vəzifəsinə işə götürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yıgımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurgu üçün pay haqqını tam verildikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən bağlandıgı andan qüvvəyə mini rvə tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 09 mart 2022-ci il tarixli 2(012)-977/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1345/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1345/2022
01.08.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver