Məhkəmə qərarları › İş №2(012)-999/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-999/2023

02.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-999/2023 02.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan 17 avqust 2019-cu il təvəllüdlü X4 və 03 avqust 2020-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ilə 28 yanvar 2021-ci il tarixdə rəsmi nikaha daxil olmaqa ailə həyatı qurmuşdur. Nikahları barədə Ağdaş Rayon Qeydiyyat şöbəsi tərəfindən şəhadətnamə verilmişdir. Cavabdehlə nikahlarından iki övladları 17 avqust 2019-cu il təvəllüdlü X4 və 03 avqust 2020-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Cavabdehlə bir müddət mehriban yaşasalar da sonradan münasibətləri pozulmuşdur, hazırda ayrı yaşayırlar. Övladları onun himayəsindədir və uşaqların saxlanılması xərclərini o çəkir. O isə heç bir yerdə işləmir. Ona görə də aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Ağdaş Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV № 387642 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X4 17 avqust 2019-cu ildə Ağdaş rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Ağdaş Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış AZ-İV № 453730 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X3 03 avqust 2020-ci ildə Göyçay rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-676/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan övladları 17 avqust 2019-cu il təvəllüdlü X4 və 03 avqust 2020-ci il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılmaları qət edilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bundan başqa nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə yuxarıda qeyd edilən normalara əsaslanaraq belə hesab edir ki, 17 avqust 2019-cu il təvəllüdlü X4 və 03 avqust 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, aliment xx.xx.2022-ci ildən tutulmalıdır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə İddiaçı dövlət rusumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 66,32 (altmış altı manat otuz iki qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixindən başlayaraq 17 avqust 2019-cu il təvəllüdlü X4 və 03 avqust 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı verilsin. Cavabdeh 66,32 (altmış altı manat otuz iki qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Aliment dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar