Məhkəmə qərarları › İş №2(013)-1721/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1721/2025

01.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1721/2025 01.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Firdovsi oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Firdovsi oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Firdovsi oğlundan xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X11, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-cı il təvəllüdlü X9 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa 100 manat olmaqla, cəmi 400 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh Firdovsi oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə edərək, Cavabdeh Firdovsi oğlu 07 fevral 2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurduqlarını, birgə nikahlarından 2 övladlarının olduğunu, daha sonra ailə münasibətlərinin pozulduğunu, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə aralarında olan nikahın pozulduğunu və xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X11 adlı övladının onun himayəsində saxlandığını, bir müddət sonra Cavabdeh ilə barışdıqlarınl və bir yerdə ailə olaraq yaşadıqlarını, birgə münasibətlərindən xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-cı il təvəllüdlü X9 adlı daha iki övladlarının doğulduğunu, həmin uşaqların da onun himayəsində olduğunu, hazırda ayrı yaşadıqlarını, özünün işləmədiyini, bu müddət ərzində uşaqlarına valideynlərinin köməkliyi ilə baxdığını, aliment tələb etmədiyini bildirməklə, xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X11, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-cı il təvəllüdlü X9 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, 100 manat sabit pul məbləğində alimentin onun xeyirinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 2032/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh Firdovsi oğlu arasında oğlu 07 fevral 2011-ci il tarixdə X13 bağlanmış və №33 ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2011ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X11 adlı uşaqların yetkinlik yaşına çatanadək İddiaçı himayəsində saxlanması qət edilmişdir. İş materiallarında olan Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 704167 “X10”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Firdovsi oğlu və İddiaçı birgə nikahından, xx.xx.2011-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuş və o, yetkinlik yaşına çatmayıbdır. İş materiallarında olan Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İİİ № 094817 “X10”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Firdovsi oğlu və İddiaçı birgə nikahından, xx.xx.2013-cü il təvəllüdlü X11 adlı uşaqları doğulmuş və o, yetkinlik yaşına çatmayıbdır. İş materiallarında olan Mingəçevir regional “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV № 415595 “X10”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Firdovsi oğlu və İddiaçı birgə nikahından, xx.xx.2019-cu il təvəllüdlü X8 adlı uşaqları doğulmuş və o, yetkinlik yaşına çatmayıbdır. İş materiallarında olan Mingəçevir regional “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV № 661925 “X10”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Firdovsi oğlunun və İddiaçı birgə nikahından xx.xx.2021-cı il təvəllüdlü X9 adlı uşaqları doğulmuş və o, yetkinlik yaşına çatmayıbdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, İddiaçı məhkəməyə 02 may 2025-ci il tarixdə müraciət etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, aliment qeyd edilən vaxtdan tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2019-cü il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün, sonrakı artımlar nəzərə alınmaqla hər ay, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa görə 0,25 misli, dörd uşağa ümumilikdə 1,0 misli həddində sabit pul məbləğində aliment 02 may 2025-ci il tarixdən hesablanılmaqla, Cavabdeh Firdovsi oğlundan tutularaq iddiaçı X5 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinin tələblərinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsümu ödəməkdən azad olunmasını nəzərə alaraq cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2019-cü il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün, sonrakı artımlar nəzərə alınmaqla hər ay, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa görə 0,25 misli, dörd uşağa ümumilikdə 1,0 misli həddində sabit pul məbləğində aliment 02 may 2025-ci il tarixdən hesablanılmaqla, Cavabdeh Firdovsi oğlundan tutularaq iddiaçı X5 xeyrinə ödənilsin. Cavabdeh Firdovsi oğlundan 30 (otuz) manat dövlət rüsumu pul vəsaiti tutularaq Dövlət gəlirlərinə alınsın. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar