Məhkəmə qərarları › İş №2(013)-2112/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2112/2025

30.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2112/2025 30.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə mülki işə 30 iyul 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı xx.xx.2025-ci ildə rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, xx.xx.2012-ci ildə rəsmi nikah qeydindən keçməklə Cavabdeh ərə getmiş, birgə nikahdan xx.xx.2011-ci ildə Vasif və xx.xx.2016-cı ildə Zaur adlı uşaqları olmuşdur. Cavabdehlə münasibətləri pisləşdiyindən ayrılmış, aralarında olan nikah Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-2842/2023 saylı qətnaməsi ilə pozulmuş, Vasif və Zaur adlı uşaqlar onun himayəsində saxlanmışdır. Cavabdehin uşaqların saxlanmasında könüllü aliment ödəməkdən imtina etdiyini, uşaqların saxlanması üçün heç bir yardım etmədiyini qeyd etməklə Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2016cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları hər ay hər uşağa görə 246 manat olmaqla cəmi 492 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, nikah pozulan zaman medaisiya şurasında razılığa gəldikləri üçün aliment tutulmamış, hazırda cavabdehin ödədiyi alimentin uşaqların tələbatını ödəmədiyini qeyd etməklə tələbin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən təkrarən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəbini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş AZ-İİ № 998239 saylı və AZ-İİİ № 726114 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin xx.xx.2011-ci ildə Vasif və xx.xx.2016-cı ildə Zaur adlı uşaqları olmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsində göstərilmişdir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda iki uşağa görə hər ay qazancın (başqa gəlirlərin) üçdə bir miqdarında məhkəmə tərəfindən aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsində qeyd olunmuşdur ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimet valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edilənləri hər iki tərəfin mənafeyini və gələcəkdə ödənilməsində çətinlik yaranmamasını nəzərə alaraq Cavabdeh Vasif və Zaur adlı uşaqların saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli olmaqla cəmi 0,90 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində qeyd olunmuşdur ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödəməkdən azad edildiyi 63,20 manat dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq dövlət mədaxilinə köçürülməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci ildən başlayaraq xx.xx.2011-ci ildə anadan olmuş Vasif və xx.xx.2016-cı ildə anadan olmuş Zaur adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli cəmi 0,90 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 63,20 manat dövlət rüsumu tutulsun. Qətnamə dərhal icra edilsin. İddiaçı iddiasının qalan hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar