Məhkəmə qərarları › İş №2(013)-2121/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2121/2024

25.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2121/2024 25.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi – Bərdə Rayon Vəkil Bürosunun Vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı aliment tələbi barədə mülki işə 25 sentyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı xx.xx.2024-cü ildə rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(039)-245/2024 saylı qətnaməsinə əsasən onun himayəsində saxlanmış xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin və mediasiya xidməti üçün ödədiyi 55 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2012-ci ildə Sona və xx.xx.2015-ci ildə Yusif adlı uşaqları olmuşdur. Yevlax Rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah pozulmuş, Sona adlı uşaq anası Cavabdeh, Yusif adlı uşaq isə onun himayəsində saxlanmışdır. Ondan Sona adlı uşağın saxlanması üçün hər ay 100 manat aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Hazırki vaxta qədər alimenti ödəmədiyini, Yusif adlı uşağın tələbatını çətinliklə ödədiyini, heç bir yerdə işləmədiyini qeyd etməklə tələbin təmin olunmasını xahiş etmişdir Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək heç bir yerdə işləmədiyini Yevlax Rayon Peşə Məktəbinin İİ kursunda bitkiçilik üzrə mütəxəsis ixtisası üzrə təhsil aldığını, İddiaçı Sona adlı uşağın saxlanması üçün müəyyən olunmuş alimenti ödəmədiyini, Yusif adlı uşağın saxlanması üçün aliment ödəmək imkanının olmadığını qeyd edərək tələbin rədd olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli AZ-İİİ 454793 saylı arayışından görünür ki, tərəflərin xx.xx.2015-ci ildə Yusif adlı uşağı olmuşdur. Məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsində göstərilmişdir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda bir uşağa görə hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında məhkəmə tərəfindən aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsində qeyd olunmuşdur ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimet valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq və həmçinin gələcəkdə ödənilməsində çətinlik yaranmamasından ötrü Cavabdeh Yusif adlı uşağın yetkinlik yaşılna çatanadək saxlanması üçün hər ay 60 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində qeyd olunmuşdur ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin səbəbdən alimentin tutulmasının hesablanması İddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2024-cü ildən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən 30 manat dövlət rüsumu tutulmalı, həmçinin iddiaçının mediasiya üçün ödədiyi 55 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh xx.xx.2015-ci ildə anadan olmuş Yusif adlı uşaq yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 60 (altmış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddiaçı mediasiya üçün ödədiyi 55 manat Cavabdeh tutularaq İddiaçı verilsin Cavabdeh 30 manat dövlət rəsumu tutulsun. İddiaçı iddiasının qalan hissəsi rədd edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar